Dopinqlə birgə mübarizə məsələləri müzakirə edilib

Hit: 471
Dopinqlə birgə mübarizə məsələləri müzakirə edilib
Martın  16-da "YUNESKO" nun  “İdmanda dopinqə qarşı mübarizə haqqında” beynəlxalq konvensiyasının tələblərinə uyğun olaraq  Milli Uyğunluq Platformasının görüşü keçirilib. Video-konfrans  formatında keçirilən görüşdə  Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru  Şəfəq Hüseynli,  Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Gənclər və İdman Nazirliyinin  idman şöbəsinin müdiri Fərid Mansurov, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov və Dövlət Gömrük Komitəsinin narkotiklərlə mübarizə idarəsinin əməkdaşı Səttar Fətəliyev iştirak ediblər.  Görüşdə qadağan edilmiş maddələrin dövriyyəsinin məhdudlaşdırılması, qanunsuz dövriyyənin qarşısının alınması və qida əlavələrinin satışının tənzimlənməsi istiqamətində aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi və operativ koordinasiya edilməsi məsələləri müzakirə edilib.
 
Tədbirdə qeyd edilib ki,  qadağan edilmiş maddələr siyahısına daxil olan müxtəlif dərman vasitələri, steroidlər, narkotik və psxiotrop maddələrin yayılmasının və qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə aidiyyəti dövlət qurumları sıx əməkdaşlıq edir.
 
İclasda  həmçinin,  bütün dünyada aktual olan qadağan edilmiş maddələr siyahısında  yer alan  steroidlərin istifadəsi, qanunsuz dövriyyəsi və satışına qarşı  mübarizə, habelə  tərkibində güclü təsiredici maddələr olan qida əlavələrinin satışının tənzimlənməsi məsələləri müzakirə olunub. 
 
İclas iştirakçıları  bildiriblər ki, Azərbaycan “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq öhdəliklərinə sadiqdir və  bununla bağlı işləri uğurla icra edir.
 
Qeyd edək ki, Milli Uyğunluq Platforması “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasının tələbidir.  Hər iki ildən bir YUNESKO tərəfindən  üzv ölkələrin konvensiyaya uyğunluğunu yoxlamaq məqsədi ilə anket sorğu göndərilir. Sorğunun cavablandırılmasından əvvəl isə Milli Uyğunluq Platformasının görüşünün keçirilməsi tələb olunur. 
 
Xatırladaq ki, "İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiya YUNESKO Baş Konfransının 2005-ci il oktyabrın 19-da Paris şəhərində keçirilən 33-cü sessiyasında qəbul edilib.  Azərbaycan bu beynəlxalq konvensiyaya 2007-ci ildə  qoşulub.








Redaktorun seçimi