“Birlik Turniri” futbol çempionatı yekunlaşdı

Hit: 548
“Birlik Turniri” futbol çempionatı yekunlaşdı
“İrəli” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Gənclər Təşkilatları arasında Bədən Tərbiyəsi və İdman gününə həsr olunan “Birlik Turniri” layihəsi başa çatıb. Martın 10-da start verilmiş turnirdə, respublikamızda fəaliyyət göstərən aparıcı Gənclər Təşkilatlarını təmsil edən 10 nəfərdən ibarət 8 komanda çempionluq uğrunda mübarizə aparıb.
 
Turnirin yarım-final mərhələsinin qalibləri “Böyük Qayıdış” və “GTM” (Gənclər üçün Təhsil Mərkəzi) komandaları olub. 11 mart tarixində keçirilən final görüşündə bu komandalar çempionluq uğrunda mübarizə aparıb. Yarım-final mərhələsində məğlub olan komandalar isə final mərhələsində üçüncülük uğrunda mübarizəyə davam edib. Gərgin mübarizəylə davam edən turnirin sonunda “GTM” komandası parlaq qələbə qazanaraq birinci yerin sahibi olub. Qalib komandaya kubok təqdim edilib.
 
Çempionatda ilk üç yeri tutan komandalar şəhadətnamə və hədiyyələrlə mükafatlandırılıb.
 
Pandemiya şəraitində karantin rejimi qaydalarına riayət edilərək həyata keçirilən turnirin əsas məqsədləri ölkəmizdə gənclər arasında bu günə olan fərqindəliyi artırmaq, Gənclər Təşkilatları arasındakı əlaqələri inkişaf etdirərək əməkdaşlığı gücləndirmək, futbola həvəsi olan bacarıqlı gəncləri aktiv və idmanlı günlərə geri qaytarmaq, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq olub.
 
Qeyd edək ki, “İrəli” İB mütəmadi olaraq gənclərin fiziki hazırıqlarını gücləndirmək və aktiv həyat tərzlərini inkişaf etdirmək məqsədilə bu kimi layihələr həyata keçirir.








Redaktorun seçimi