UFAZ tələbələri üçün yeni təqaüd təsis olunub

Hit: 1219
UFAZ tələbələri üçün yeni təqaüd təsis olunub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının qərarına əsasən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri üçün Mövsüm bəy Xanlarov adına təqaüd təsis olunub. 
 
Mövsüm bəy Xanlarov 1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında 26 yaşında doktorluq dissertasiyasını uğurla müdafiə edərək, müasir dillə desək, kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. Məhz bu səbəbdən UFAZ-da Strasburq Universitetində doktorluq adını qazanmış ilk azərbaycanlı olan Mövsüm bəy Xanlarov adına təqaüd təsis edilməsi təsadüfi deyildir.  
 
Təqaüd hər ixtisasdan 3 nəfər olmaqla II, III və IV kurslarda təhsil alan 12 UFAZ tələbəsi üçün nəzərdə tutulur. Tələbələrin stimullaşdırılması və onlara maddi yardımın göstərilməsi məqsədilə verilən təqaüd qaliblərini Strasburq Universitetinin (UNİSTRA) professoru Pierre Colletin rəhbərlik etdiyi münsiflər heyəti müəyyən edib. Seçim 2019/2020-ci tədris ilində hər ixtisas üzrə ən yaxşı nəticə göstərmiş tələbələr arasında aparılıb. 
 
 
 Mövsüm bəy Xanlarov adına təsis edilmiş təqaüdün məbləği 150 manatdır. Təqaüd bir tədris ili müddətinə təyin edilib. Təqaüdün ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Təqaüdün təyin olunması təqaüdçünün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər təqaüdləri almaq hüququnu istisna etmir.








Redaktorun seçimi