Vətən müharibəsində xalq-dövlət-diaspor formulu: - Sərhəddənkənar təmas xətti

Hit: 763
Vətən müharibəsində xalq-dövlət-diaspor formulu: - Sərhəddənkənar təmas xətti
Çağdaş tarixə "44 günlük" yeni nəsil müharibəsi kimi düşən haqlı savaşımız zamanı Azərbaycan ordusu ilə bərabər dünyanın müxtəlif ölkələrindəki azərbaycanlılar əlbir olaraq mübarizə apardılar. Daxildə düşmənin canlı səddini yaran rəşadətli ordumuz kimi xaricdə diasporumuz dezinformasiya mühasirəsindən məharətlə çıxa bildilər. "Hücum və müdafiə"nin empirik metodunu yerli-yerində tətbiq etməyi bacardılar.
 
Asilərin beynəlxalq aləmi əhatə edən "yalan istehkamı" dağıdıldı və bunun məkrdən başqa bir şey olmadığı üzə çıxardıldı. Düşmənin şahı mat edildi.
Buna son illər Azərbaycan diasporunun koordinasiyasının müqayisədə təkmilləşdirilməsi, milli nöqteyi-nəzərdən ən mühün taleyüklü məsələ olan Qarabağ münaqişəsi ilə bağlı təbliğatın doğru-düzgün aparılması və ən başlıcası dünya azərbaycanlılarının Ulu Vətənə qarşılıqsız məhəbbət-təmənnasız xidmət məramı zəfər qazanmağımızı şərtləndirən amillərdən biri oldu.
Digər sahələrdə olduğu kimi, dövlət-xalq-diaspor formulu nəzəri əsaslara söykənərək praktiki performans nümayiş etdirdi.
Vətən müharibəsi zamanı Azərbaycan diasporunun mütəşəkkilliyi ilə yanaşı, erməni diasporunun pərakəndəliyin də şahidi olduq. Təbii ki, bunun bir necə səbəbi vardır:
Diasporun birləşdirən "İlk Vətən" amili olduğuna görə dövlət və hökumətin bu sahədə yürütdüyü siyasət həyati vacib əhəmiyyət daşıyır.
Diasporla iş müəyyənləşdirilərkən bu həssas strateji fəaliyyətin məzmun və formasında ümumi dəyər və məqsəd yoxdursa, müvafiq tendensiya ümumi işin ziyanına işləyəcək.
Nəticədə dövlət və diaspor tandemi iflasa uğrayacaq.
 
Çünki, diaspor fenomeni xalqın tarixi, onun sonrakı etnik
konsolidasiyası
ilə qırılmaz surətdə bağlıdır.
Bu həmahənglik pozulduqda idealoji cəhətdən təlatümə yol açır və nəticə etibarilə vahid prinsip ətrafında həmrəylik puç olur. Bu da təhlükəli məqamlar törədir, soydaşların və həmvətənlərin şüurunda zədə yaradır və sindromlar əmələ gətirir.
Təcrübəli dövlət və hökumət institutları diaspor anlayışına dərin və geniş yanaşaraq, bu istiqamətdə tədbirli davranırlar.
Bu sahəyə daha çevik mexanizmlə, intellektual və SMART yanaşmaq yaşadığımız əsrin çağırışları sırasındadır.
Buna görə də Keçmiş Sovetlər Birliyindən qopan "elm və helm tutumlu dövlətlər" ehtiyatlı və tədbirli davranmağa məcbur olurlar. Yəni bilirlər ki, 70 il ərzində xalqlararası inteqrasiya - miqrasiya və məskunlaşma müstəqillik dövründə "yumşaq gücü" ifadə edə bilərlər.
Ona görədə ehmalla və ehtiyyatla davrananlar daha məqsədyönlü şəkildə bəhrələnə bilirlər.
Təhlillər göstərir ki, Ermənistanın "küçə uşaqları hökuməti" Rusiyadakı diaspora ögey baxdıqları, həmin potensialı real şəkildə dəyərləndirə bilmədikləri üçün layiq olduqları mövcud vəziyyəti tezləşdirdilər.
 
(Qeyd edim ki, Azərbaycan diasporunun da Rusiyada vəhdəti və təşkilatlanması qənaətbəş deyil. Baxmayaraq, burada azərbaycanlılar başqa ölkələrə nisbətdə insan kapitalına, ziyalı potensialına və digər imkanlarına görə üstünlük təşkil edir.)
Məhz sözügedən sferada ABŞ-a əhəmiyyət verilmələri və Diasporla İş üzrə Komissarlığa Kaliforniyanın Qlendeyl şəhərində 2 dəfə mer seçilmiş şəxsin Müvəkkil təyin edilməsi diasporun parçalanmasına və təhdidinə səbəb oldu.
İndiki situasiyada Ermənistan prezidenti Armen Sarkisyan Moskvadakı erməni icması ilə görüşdə ölkəsində Höküməti istefaya çağırması diasporun gücünün tarazlaşdırılmasına hesablanmış taktiki gedişdir və biz, yaxın gələcəkdə erməni diasporunun yeni fəndlərinə hazır olmalıyıq.
Bu xüsusda, diaspora hər vaxt doğma münasibət göstərilməli, strategiya balanslaşdırılmış olmalı və ən əsası milliyönlü qurulmalıdır.
Aktual sferanın idarəolunmasına daha çevik və dəqiq mexanizmlə, intellektual və SMART yanaşmaq yaşadığımız sürət əsrinin çağırışları sırasındadır
 
Yəhya Babanlı,
 
Tarix üzrə fəlsəfə doktoru - Diaspor məsələləri üzrə ekspert

 









Redaktorun seçimi