Artıq üçrəngli şanlı bayrağımız Azərbaycanın bütün torpaqlarında dalğalanır

Hit: 241
Artıq üçrəngli şanlı bayrağımız Azərbaycanın bütün torpaqlarında dalğalanır

Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri, eləcə də Ermənistan Respublikası baş nazirinin imzaladığı, işğalçı ölkənin faktiki kapitulyasiyasını ifadə edən üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələrinin dekabrın 1-də Laçın rayonuna daxil olması ilə Azərbaycanın füsunkar tarixi guşələrindən biri olan Laçın bölgəsi erməni faşizminin əsarətindən azad edildi.

30 ilə yaxın davam edən Laçın həsrətinə son qoyuldu. Bununla da Azərbaycanın dövlət sərhədlərinin və istənilən müstəqil dövlət üçün böyük əhəmiyyətə malik olan ərazi bütövlüyünün tam bərpasına, o cümlədən dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarının de-fakto təmin olunmasına nail olundu. Laçın rayonunun işğaldan azad edilməsi, ilk növbədə Azərbaycan Respublikasının Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük möhtəşəm zəfər yürüşünü həyata keçirən, öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyən şanlı  Azərbaycan Ordusunun rəşadəti, şəhidlərimizin və qazilərimizin müqəddəs qanı bahasına başa gəldi.

Ölkə daxilində aparılan siyasət, iqtisadi gücümüzün və müstəqilliyimizin təmin edilməsi, eləcə də diplomatik müstəvidə ölkə Prezidentinin apardığı çoxşaxəli fəaliyyət və əldə edilən uğurlar bugünkü böyük qələbəmizi təmin etdi. Artıq üçrəngli şanlı bayrağımız Azərbaycanın bütün torpaqlarında dalğalanır. İkinci Qarabağ Müharibəsi dövründə doğma torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda xalqımız yumruq kimi birləşərək orduya öz dəstəyini göstərdi, Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edildi, əsgərlərimizə yardımlar göndərildi. Ölkənin ən böyük elm qurumu olan AMEA-nın rəhbərliyi də həmin çətin və şərəfli günlərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna tam dəstəyini nümayiş etdirdi.

Hər bir Azərbaycan vətəndaşı kimi, ziyalılarımız da öz üzərinə düşən vəzifəni uğurla icra edərək informasiya müharibəsinin önündə getdi, kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar etdi, Azərbaycan həqiqətləri ilə bağlı məqalələr yazaraq bu həqiqətləri dünya ictimaiyyətinə çatdırdılar. Bu gün hər bir azərbaycanlının, o cümlədən 1992-1993-cü illərdə Tərtər, Ağdərə istiqamətlərində gedən döyüşlərdə Suraxanı Könüllülər Batalyonunda könüllü olaraq iştirak etmiş biri kimi mənim sevincimin, qürur duyğularımın həddi-hüdudu yoxdur. Bu əlamətdar, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğu tarixin mənim doğum günümə təsadüf etməsi isə sevincimi ikiqat artırdı.

Ölkəmizin qazandığı bu qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımıza əbədi olaraq həkk olunacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla bu qürur hissini bizə yaşadan Ordumuza eşq olsun. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır!

Vasif Abbasov,
AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, Əməkdar mühəndis







Redaktorun seçimi