Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verildi

Hit: 499
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verildi
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 107 mənzil və fərdi ev, o cümlədən, Gəncə şəhərində 50 mənzil və müxtəlif bölgələrdə 57 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.
 
Nazirlikdən verilən məlumata görə, Gəncədə mənzillərin təqdim edilməsi tədbirində nazirin müavini Hidayət Abdullayev, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev iştirak ediblər.
 
Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz erməni silahlı birləşmələrini torpaqlarımızdan qovmağa başlayıb və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edilib.
 
Bu qələbə ovqatlı günlərimizdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə qayğı da davam edir. Həmin kateqoriyadan olan vətəndaşlar üçün cari ildə rekord səviyyədə, 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.
 
Onlardan artıq 1000-i təqdim edilib və proses davam edir. İndiyədək isə 8558 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
 
Yeni mənzil alan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri bu gün qalib dövlətin vətəndaşları olaraq hər birinin sonsuz fərəh və qürur içində olduqlarını, Ali Baş Komandanımızla fəxr etdiklərini deyib, azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasından iftixar hissi keçirdiklərini qeyd ediblər. 








Redaktorun seçimi