Qənirə Paşayeva qəhrəman şəhidimiz Xəyal Şəkərovdan yazdı

Hit: 664
Qənirə Paşayeva qəhrəman şəhidimiz Xəyal Şəkərovdan yazdı
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Xəyal Şəkərovdan yazıb.
 
Faktor.az millət vəkilinin yazısını təqdim edir:
 
Adı – Xəyal, igidliyi – gerçək
Şəhid Xəyal İman oğlu Şəkərov!..
 
1998-ci ilin onuncu ayının birinci günündə Tovuzun Əsrik Cırdaxan kəndində doğulub. 1941-45-ci il müharibəsinin əfsanəvi qəhrəmanı Məstan Əliyevin adını daşıyan Əsrik Cırdaxan kənd orta məktəbində oxuyub. Məstan Əliyevin qəhrəmanlığı, ömür yolu, mübarizliyi neçə-neçə eloğlusunun ömrünə köçüb; şair demiş, “bir ömürə bəzən sığmır bir ömür”... Xəyal hələ orta məktəbdə oxuyarkən intensiv şəkildə (sövq-təbii) idmanla, o cümlədən güləşlə, qaydasız döyüşlə məşğul olub, müxtəlif səviyyəli yarışmalarda fəxri yerlər qazanıb, qaydasız döyüş üzrə respublika birinciliyinin qalibi olub.
 
Xəyal 2016-cı il, oktyabrın 5-də həqiqi hərbi xidmətə gedib. 2018-ci ilin aprelində tərxis olunan Xəyal, öz xəyallarının ardınca gedərək, həmin ilin sentyabr-oktyabr aylarında gizirlik kurs keçib və artıq noyabr ayında Ağdam rayonunda Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölməsində müddətdən artıq hərbi xidmətə başlayıb.
Xəyal həmişə öz peşəkarlığını daha da artırmağa həvəsli olub və onun potensialını düzgün qiymətləndirən komandanlıq, Xəyalı 2019-cu ilin oktyabr ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursuna göndərib. 2020-ci ilin aprel ayında bu kursu da uğurla bitirən Xəyal, xidmətini yeni bilik və bacarıqlarla Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib.
27 sentyabr 2020-ci ildə Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca, Xəyal ilk döyüşə atılanlardan olub. O, Cəbrayıl şəhərinə bayraq sancan cəngavərlərin sırasında olub. Cəbrayıldan başqa, Füzuli, Murovdağ istiqamətində gedən döyüşlərdə, eləcə də, bir sıra kəndlərin  alınmasında xüsusi xidmətləri olan Xəyal, 13 oktyabrda Hadrut qəsəbəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
 
Onu dogma Əsrik Cırdaxan kənd qəbristanlığında, nənə-babasının yanında torpağa tapşırıblar.
Anadolulu qardaşlarımızın belə bir sözü var: Böyük xəyalı olmayanın böyük gələcəyi olmaz. Mən Xəyalı zamanında tanımamışam, onun öz könlündə hansı xəyallara sahib olduğunu bilmirəm, lakin atası ilə, şəhidimizi tanıyanlarla söhbətimizdən çıxardığım nəticə odur ki, o, böyük xəyallara sahib olub, o xəyalları gerçək müstəvi üzərində maddiləşdirməkçün çalışıb, daim öz üzərində işləyib, özünü bir döyüşçü kimi təkmilləşdirib. Heç təsadüfi deyil ki, Tanrı ona dogma Vətən torpaqlarının azadlığında iştirak etmək və qəhrəmancasına döyüşüb, şəhdaət şərbəti içməyi qismət edib.
Şəhadətin mübarək, Xəyal!
 
Sənin və döyüş yoldaşlarının qanı ilə suvarılaraq azad edilən torpaqlar da, sənin və başqa şəhidlərimizin yatdığı torpaqlar da müqəddəsdir. 22 yaşında müqəddəs ad qazanmaq bir gənc ömür üçün ən gözəl aqibətdir. Və hər şəhid qəbri torpağa vurulan əbədi möhürdür…
Ruhuna borcluyuq…







Redaktorun seçimi