Qələbənin rəngi Qırmızıdır

Hit: 774
Qələbənin rəngi Qırmızıdır
Bu payız yaşadığımız sevinc, qürur, həyəcan, kədər bizim ruhumuzu yenilədi, inancımızı, ən incə hissələrimizi dirçəltdi. Gözümüz, ruhumuz, zehnimiz doymadan Ağdamın, Şuşanın, Kəlbəcərin, Fizulinin, Zəngilanın, yüzlərlə kəndlərimizin görüntülərini dəfələrlə izləyir, “Biz qayıdırıq!” şüarını qəlbimizin ən dərin və gizli tellərinədək yaşayırıq.
 
Artıq bu torpaqlar, bu abidələr, ağaclar, külək və səma yenidən bizimdir.
Həftənin əvvəlində Prezident Cənab İlham Əliyev və birinci xanım, Vitse-prezident Mehriban Əliveyanın çox həssas bir şəkildə Ağdam Çümə Məscidini ziyarət etmələri minlərlə insanın qəlbində daha bir Renessans yaşatdı. Qarabağ memarlıq üslubunun unikal əsəri olan məscidin ənənəvi konstruktiv quruluşu, dövrü üçün innovativ həlli, dekorativ tərtibatı elmi və publisistik tədqiqat obyekti olmaqla yanaşı, abidə milli incəsənətimizdə xüsusi ikonoqrafiyaya malikdir. Ucaldığı dövrdən başlayaraq (1868-1870) məscid Qarabağın taleyində mühüm rol oynayıb, baş verən hadisələrin daş şahididir. 1993-cü il iyul ayının 23-dən etibarən məscid işğal altında olaraq, bəynəlxalq hüquqi sənədlərə əsasən, hərbi cinayətlərin obyekti olmuşdur. Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları yararsız hala salınmışdır. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılmışdır.
 
Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici ifadələr və sözlər yazılmışdır. İbadət zalından və yardımçı otaqlardan mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə edilmişdir.
2019-cu ilin fevral ayında Qazi Universitetinin Türk Sənət Topluluğu tərəfindən Xocalı soyqırımına həsr olunmuş “Qarabağda talan var, Xocalıda Soyqırım” sərgisində Xalq rəssamı, prof. Arif Əzizin “Mətin Cami (Ağdam məscidi)” əsəri nümayiş olunmuşdur. Prof. Alev Kurunun təşəbbüsü ilə hər il təşkil olunan sərgi Ermənistanın təcavüzkar siyasətinin Türkiyə və dünya içtimaiyyətinə çatdırılmasında mühüm və cəsarətli addımlardandır. Bu gün sonsuz qürür hissi ilə Alev xanım və Türk Sənət Topluluğuna təşəkkürümüzü bildiririk. Sərginin konsepti hər il yenilənir. 2019-cu il konseptində dəvətli rəssamlara sərginin açılış tarixindən iki ay öncə Qarabağın dağıdılmış abidələrinin fotoları göndərilmişdi. Bununla da sənətşünas və rəssam tandeminin birgə işi nəzərdə tutulurdu.…İlk dəfə elektron ünvanımı açıb Ağdam məscidinin fotolarını görəndə, heç bir yaradıcı impuls hiss etmədim. Sadəcə kədər, gücsüzlük. Arif müəllimə nəyi, necə təqdim etməyimi bilmirdim. Amma minarələr çox inadkar görünürdü. Hər zaman olduğu kimi. Zamanın, məkanın, Qarabağın üzərində, dinməz, dim-dik, əyilməz bir asgər kimi. Fotoları, sənədləri topladıq, ağdamlılarla görüşdük. Dəyərli xatirələri, tövhələri ilə hörmətli dramaturqumuz Əli Əmirli bizimlə mütəmadi bölüşürdü. İlk mərhələdə Arif Əziz son illərdə formalaşdırdığı “Bəyaz” manerasında həlli nəzərdə tutsa da, məscidə dair sənədləri, əldə edə biləcəyimiz fotoları araşdıraraq məscidin o zamankı vəziyyətini izləyərək, ağ rənglər tündləşir, getdikcə müəllifin hissələrinə boyanırdı. Arif Əziz Ağdamda dəfələrlə olmuş, məscidi ziyarət etmişdi. Onun İşqaldan əvvəlki və sonrakı vəziyyətində yaranan kontrastları əks etmək ideyası sonrakı mərhələdə formalaşdı. Lakin rəssamın simvolizmə meyili nəticəni müəyyən etdi. Ağdam məscidi universal rəmzə çevrildi. Burada düşmənin təhqirlərinə məruz qalan abidə yox, əzəməti, tarixi, inancı ilə alovlanan, dünyanı alovu ilə təmizləyən abidə-simvol həkk olunur. İsti rənglər tablonun bədii məkanını formalaşdırır, lakin bu qırmızı, narıncı, sarı, qəhvəyi xaosu cəmləyən, bütövləşdirən iki mərkəz – Günəş və Məscid, kompozisiyanı tamamlayır və eyni zamanda, rəssamın ideyasını əks edir.
 
Günəş kimi Məscid də Kainatın mərkəzidir, nüvəsidir. Əbədidir. “…Bu gün, Ağdam bizimdir. Qarabağ bizimdir. Məscid artıq müharəbə alovlarına deyil, Qələbə atəşfəşanlığına bürünüb!” (Arif Əziz)
 
Sevil Kərimova
Sənətşünaslıq üzrə fəlsəfə doktoru








Redaktorun seçimi