Şəhidlərimizin xatirəsini daima yaşatmaq hər birimizin vətəndaşlıq borcudur

Hit: 1476
Şəhidlərimizin xatirəsini daima yaşatmaq hər birimizin vətəndaşlıq borcudur
"Vətən müharibəsinin getdiyi bir zamanda çox təəssüf ki, bir çox sosial şəbəkə istifadəçiləri hələ də heç bir xəbərdarlığa məhəl qoymurlar. Dəfələrlə bu barədə həm aidiyyəti dövlət qurumları, həm hərbi ekspertlər, həm də ictimai-siyasi xadimlər tərəfindən xəbərdarlıq edilsə də, nəticə yoxdur. Son üç gün ərzində sosial şəbəkələrdə apardığımız araşdırma məsələnin çox ciddi olduğunu göstərdi. Bilərəkdən və ya bilməyərəkdən bəzi vətəndaşlarımız düşmən dəyirmanına su tökür". Bunu FAKTOR.AZ-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov deyib. O bildirib ki, hər birimiz çox gözəl bilirik ki, sosial şəbəkələrdə yayılan istənilən bir məlumat alçaq düşmənimiz tərəfindən izlənilir, araşdırılır və təhlil edilir. Onlar əldə etdikləri məlumatları bizə qarşı informasiya müharibəsində istifadə edirlər. Həm də çox alçaqcasına… Məsələnin mahiyyəti nədir? Savaşın ilk günündən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin etdiyi xəbərdarlıqda bir bəndi qeyd etmək istəyirəm. Orada vurğulanır ki, şəhid və yarali barədə məlumat, şəkil yaymayin! Bəli, qeyd edilib ki, yaymayın! Çox acınacaqlıdır ki, biz bunun tam əksini edirik. Bu bir aksiomadır ki, Vətənimizin müdafiəsi, torpaqlarımızın azad olunması uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlərimizin xatirəsini daima yaşatmaq, onları gəncliyimizə, gələcəyimizə nümunə göstərmək hər birimizin vətəndaşlıq borcudur. Azərbaycanın elə bir rayonu, elə bir qəsəbəsi, kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. "Bu gün hər birimizin ətrafında, qohumunda, ailəsində şəhid olan var. Onların xatirəsini yaşatmaq, tanıtmaq, hər bir şəhid ailəsinə xüsusi hörmətlə yanaşmaq bizim mənəvi borcumuzdur. Bəlkə də yazdıqlarım bəziləriniz tərəfindən doğru qəbul edilməyə bilər, amma gəlin biz bu günlərdə şəhidlərimizlə bağlı paylaşımlar etməyək. Dünən dövlətimizin Başçısı, cənab Prezidentimiz də “İnterfaks” agentliyinə müsahibəsində xüsusilə vurğuladı ki, “Biz həlak olan hərbi qulluqçuların sayını münaqişə, müharibə başa çatandan sonra açıqlayacağıq. Müharibə başa çatdıqdan sonra. Dinc sakinlərə gəlincə, biz məlumatları dərc edirik”. Bu günlərdə bizlərin saf, ülvi duyğularımızla qürurla paylaşdığımız şəkillər, məlumatlar düşmən səhifələrində “fake” siyahılara salınır, təhqir olunur, aşağılanır. Ümid edirəm ki, bundan sonra yazdığımız və paylaşdığımız hər bir məlumatda diqqətli və məsuliyyətli olacağıq", deyə A.Cavadov bildirib.








Redaktorun seçimi