BDU Beynəlxalq Hesabat hazırlayacaq

Hit: 1147
BDU Beynəlxalq Hesabat hazırlayacaq
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrası “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Beynəlxalq Hesabat hazırlanması üzrə yeni bir layihəyə başlamışdır. Layihəyə rəhbərliyi onun ideya müəllifi BDU-nun rektoru Elçin Babayev həyata keçirəcəkdir.
 
Faktor.az xəbər verir ki, BDU rektorunun əmrilə layihə üzrə müvafiq İşçi Qrupu yaradılmışdır. İşçi qrupuna Ukrayna, Rusiya, Türkiyə və Qazaxıstanın, o cümlədən Azərbaycanın müxtəlif ali məktəblərinin tanınmış hüquqşünas alimləri, habelə gənc tədqiqatçılar, magistrantlar və tələbələr daxil edilmişdir. İşçi qrupunun həmsədrləri BDU-nun “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının müdiri Əmir Əliyev, həmin kafedranın müəllimi, eyni zamanda MG Konsaltinq  Şirkətinin rəhbəri Məhəmməd Quluzadə və BDU-nun Hüquq klinikasının rəhbəri Turqay Hüseynovdur. İşçi qrupunun tərkibində 10-a yaxın bölmə və katiblik, eyni zamanda internet saytı fəaliyyət göstərəcəkdir.
 
Kompleks hesabatın əsas məqsədi işğal altında olmuş Azərbaycan Respublikası ərazilərindən olan məcburi köçkünlərin işğala qədər, işğal dövründə və işğaldan sonra öz doğma yurdlarına təhlükəsiz və şərəflə qayıtmaq hüquqları ilə əhatələnən və mühüm beynəlxalq sənədlərlə tanınaraq pozulmuş əsas hüquqları, işğalla əlaqədar vurulmuş ziyanların əhatə dairəsi, işğal dövründə törədilən beynəlxalq cinayətlər, Ermənistanın beynəlxalq-hüquqi məsuliyyətinin əsasları, işğal altında olmuş Azərbaycan Respublikası əraziləri üçün zərurət duyulan humanitar yardım və s. aktual problemlərin beynəlxalq-hüquqi həlli məsələləri xarici və yerli nüfuzlu alimlərin rəyləri ilə öz əksini tapacaqdır.
 
Kompleks beynəlxalq hesabatın yazılmasında beynəlxalq təşkilatların təcrübəsinə, beynəlxalq müqavilə və məhkəmə təcrübəsinə, nəhayət müxtəlif dövlətlərin milli qanunvericilik təcrübəsinə geniş istinad ediləcəkdir. Kompleks beynəlxalq hesabat bütün beynəlxalq hökümətlərarası və qeyri-hökümət təşkilatlarına, insan hüquqlarının beynəlxalq sahədəki mexanizmlərinə, o cümlədən müxtəlif dövlətlərin dövlət və qeyri-hökümət qurumlarına göndəriləcək.
 
Bakı Dövlət Universiteti Kompleks beynəlxalq hesabatın hazırlanması ərəfəsində yerli və beynəlxalq ictimaiyyəti müntəzəm şəkildə məlumatlandıracaqdır.
 
İşçi qrupuna daxil olmaq istəyən hüquqşünas alim və ekspertlər [email protected] ünvanına müraciət edə bilərlər.








Redaktorun seçimi