BDU-da Qarabağ ruhu

Hit: 1220
BDU-da Qarabağ ruhu

Fəxrlərimizin ruhu şad olur

İnsanxoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edənelm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar. 
 
Bakı Dövlət Universitetibir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə qərar verib. 
İlk yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir.
İlk yazımız 1941-1944-cü illərdəBDU-nun rektoru olmuşŞamil Rəhim oğlu Əliyevlə bağlıdır.
 
Şamil Əliyev 1912-ci ilin dekabrında Şuşada anadan olub. Əvvəlcə Şuşa şəhərindəki birinci dərəcəli məktəbdə oxuyub, sonra təhsilini Müəllimlər Seminariyasında davam etdirib. Ali təhsil almaq məqsədilə Bakıya gələn Şamil Əliyev 1928-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix və eyni vaxtda Şərqşünaslıq fakültələrində oxuyub. İnstitutu bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumuna müəllim kimi göndərilən Şamil Əliyev bir neçə il burada fəaliyyət göstərib. Elmə olan marağı onu yenidən paytaxta gətirib. Aspiranturada təhsil alan Şamil Əliyev 1936-cı ildə ipəkçilik üzrə namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi alıb.
 
1939-cu ildə Azərbaycan hökumətinin qərarı ilə Şamil Əliyev Moskvaya partiya məktəbində oxumağa göndərilib. 1941-ci ildə həmin məktəbi bitirən Şamil Əliyev bir müddət Ümumittifaq Radio Komitəsində Yaxın və Orta Şərq ölkələri üçün verilişlər şöbəsinə başçılıq edib. Hərtərəfli və geniş biliyə malik Şamil Əliyevin əsas tədqiqat sahəsi siyasi iqtisad olsa da, onun başqa elmlərə də marağı var idi. Təkcə fəlsəfəyə həsr etdiyi əsərlərinin sayı 50-ni ötmüşdü. Digər tərəfdən, o, tərcüməçilik fəaliyyəti ilə də məşğul olurdu. İkinci Dünya müharibəsinin qəflətən başlaması ilə əlaqədar Şamil Əliyev Azərbaycana dönməli oldu.Elə həmin ilin payızında 29 yaşlı gənc alim Bakı Dövlət Universitetinin rektoru təyin edilib.Belə ağır bir şəraitdə Şamil Əliyevin təşkilatçılıq qabiliyyəti Bakı Dövlət Universitetinin üzərinə düşən məsuliyyətli işin öhdəsindən şərəflə gəlməsinə imkan yaradıb.
 
O, 1944-cü ilin sonuna qədər bu ali təhsil müəssisəsinin rektoru vəzifəsində çalışıb. 1943-cü ildən 1953-cü ilə qədər də Azərbaycan Sənaye İnstitutunda Siyasi iqtisad kafedrasının müdiri olub. 1945-1947-ci illərdə AK(b)P Bakı Komitəsində təbliğat və təşviqat şöbəsinin müdir müavini və müdiri vəzifələrində çalışan Şamil Əliyev, eyni zamanda, "Təbliğatçı" jurnalının baş redaktoru idi.
1955-ci ildə Şamil Əliyev Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna direktor təyin olunub. Bununla bərabər, 1959-cu ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Siyasi iqtisad kafedrasının dosenti kimi pedaqoji fəaliyyətini davam etdirib. Müxtəlif məsul vəzifələrdə işləməklə yanaşı, elmi-tədqiqat işləri ilə də məşğul olan Şamil Əliyev siyasi iqtisad elminin nəzəri problemlərinin tədqiqi ilə bağlı maraqlı araşdırmalar aparıb. Bir sıra siyasi xadimlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Azərbaycanda siyasi iqtisad fənninin formalaşmasında, eyni zamanda, onun bir elm sahəsi kimi təşəkkül tapması və inkişafında Şamil Əliyevin əvəzsiz xidmətləri olub. Keçmiş ittifaq miqyasında seçilən və əməyi yüksək qiymətləndirilən mütəxəssislərdən sayılan Şamil Əliyev müharibədən sonrakı illərdə bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib, müxtəlif orden və medallarla təltif olunub.
Görkəmli alim 1969-cu ildə 57 yaşında dünyasını dəyişib.
 
Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Şamil Əliyevindünyaya göz açdığı Şuşa şəhərindəən hündür nöqtəyə sancacağı gün uzaqda deyil!
 








Redaktorun seçimi