BDU-nun professor-müəllim kollektivi Prezidentə müraciət edib

Hit: 1665
BDU-nun professor-müəllim kollektivi Prezidentə müraciət edib
BDU-nun Füzuli, Cəbrayıl və Zəngilan rayonundan olan professor-müəllim kollektivi Prezidentə müraciət edib Faktor.az həmin müraciəti təqdim edir: Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Bu günlərdə Sizin rəhbərliyiniz altında Azərbaycan xalqı öz torpaqlarında yaşamaq hüququnu əldə silah müdafiə edir, işğal edilmiş ərazilərimizi geri almaq, insanlarımızın dədə-baba torpaqlarında, öz doğma yurdunda azad və müstəqil yaşaması üçün savaşır. 1990-cı illərin əvvəllərində itirilmiş torpaqlarımızın azad edilməsi təkcə yüz minlərlə məcburi köçkünün öz ev-eşiyinə geri dönməsi demək deyil, həm də tapdalanmış heysiyyatımızın, şərəfimizin, namusumuzun qisasının alınmasıdır. Sizin komandanlığınızla doğma torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuzun zəfərləri, döyüş meydanında düşmənə ard-arda vurduğu sarsıdıcı zərbələr hər bir azərbaycanlı kimi bizi - Bakı Dövlət Universitetinin Füzuli, Cəbrayıl və Zəngilan rayonlarından olan professor-müəllim heyətini də ürəkdən sevindirir, bizə qürur hissi yaşadır. Sizin yürütdüyünüz müdrik, uzaqgörən daxili və xarici siyasət sayəsində Azərbaycan həm döyüş cəbhəsində, həm siyasi-diplomatik meydanda, həm informasiya mübarizəsində, həm psixoloji savaşda, həm də təhlükəsizlik sahəsində çox böyük uğurlar qazanmışdır və hər keçən gün bu uğurların daha bir yenisi ilə bizləri sevindirirsiniz. Siz artıq Azərbaycan tarixinə torpaqlarımızı düşməndən azad edən qalib Sərkərdə kimi düşmüşsünüz. Sizin son günlərdə dünyanın aparıcı informasiya agentliklərinə, televiziya kanallarına verdiyiniz çoxsaylı müsahibələri diqqətlə izləyir, qürur duyuruq. Qarabağ müharibəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində, informasiya müharibəsində ölkəmizə çox böyük uğurlar qazandırırsınız. Hər bir suala dəqiq, məntiqli, yoxlanıla bilən və faktlara söykənən cavablarınızla ermənilərin və ermənipərəst qüvvələrin Azərbaycan haqqında yaydığı qərəzli, saxta məlumatları təkzib edir, erməni yalanlarını yayanları yerinə oturdursunuz. Möhtərəm Prezidentimiz, inanırıq ki, haqq-ədalət tezliklə öz yerini tutacaq, doğma Qarabağımızın üzərindən qara buludlar çəkiləcəkdir. Bu günlər cəbhədən gələn qələbə müjdəli xəbərlər göstərir ki, artıq o günlər uzaqda deyil. Biz fəxr edirik ki, Sizin kimi Rəhbərimiz, Sizin kimi Sərkərdəmiz var! Siz hər birimizin ürəyindən keçən böyük həqiqəti dünyaya sübut etdiniz: Qarabağ Azərbaycandır! Torpaqlarımızı işğaldan azad etdiyinizə, bizim öz dədə-baba torpaqlarımıza qayıda bilməyimizə şərait yaratdığınıza görə Sizə və Azərbaycan Ordusuna dərin təşəkkürümüzü bildiririk! Allah Sizi qorusun! Ordumuzun güc və qüdrətini artırsın! Sizə və rəşadətli Ordumuza yeni-yeni zəfərlər arzulayırıq! Dualarımız hər an Sizinlə və Ordumuzladır! Dərin hörmət və ehtiramla, Bakı Dövlət Universitetinin Füzuli, Cəbrayıl və Zəngilan rayonundan olan professor-müəllim kollektivi adından: prof. Qabil Əliyev, prof. Alış Qasımov, prof. Vaqif Salmanov, prof. Hamlet Quliyev, prof. Əli Əhmədov, prof. Fərda İmanov, prof. Nəsiman Yaqublu, prof. Qulu Məhərrəmli, prof. Mobil Aslanlı, dos. Sehran Əliyev, dos. Bəylər Hacıyev, dos. Könül Hüseynova, dos. Aşur Əliyev, dos. Fərhad Hüseynov. Azərbaycan Respublikası, Bakı şəhəri. https://president.az/articles/44042








Redaktorun seçimi