BDU-nun rektoru xarici ölkə universitetlərinə müraciət ünvanladı

Hit: 852
BDU-nun rektoru xarici ölkə universitetlərinə müraciət ünvanladı
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali təhsil müəssisəsinin əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məktub ünvanlayıb. Məktubun məqsədi dünya universitetlərinin diqqətini Azərbaycanda gedən Vətən müharibəsinə yönəltməkdir. Faktor.az xəbər verir ki, məktubda deyilir: “Tarix boyu Azərbaycan torpaqlarına göz dikən mənfur qonşularımızın doğma yurdumuza təcavüzündən artıq 30 il ötür. 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Ermənistan qoşunlarının Dağlıq Qarabağ və ətraf rayonları qeyd-şərtsiz tərk etməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələri icra edilməyib. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusu növbəti erməni təxribatına qarşı cəbhəboyu ərazilərdə əks-hücum əməliyyatına başlayıb. Əməliyyatlar Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınan və Azərbaycan ərazisi kimi qeyd edilən torpaqlarda aparılır. Ermənistan ordusu 1949-cu il Cenevrə Konvensiyasına zidd olaraq, münaqişə zonasından uzaqda yerləşən və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini, Qafqazın ən böyük su-elektrik stansiyası olan Mingəçevir su anbarını və digər əraziləri atəşə tutur. Bütün bunlar Ermənistanın regionun təhlükəsizliyinə böyük təhdid olduğunun daha bir nümunəsidir. Hücum zamanı hərbi qulluqçularla yanaşı, uşaqların, qadın və qocaların hədəf alınması erməni vəhşiliyinin bariz sübutudur. Azərbaycan bu müqəddəs savaşda öz torpaqlarının və əhalisinin müdafiəsinə qalxıb. Rəşadətli Azərbaycan ordusu düşmən tapdağından azad etdiyi ərazilər ilə öz qüdrətini bütün dünyaya sübut edir. Münaqişənin təfərrüfatları ilə bağlı daha dolğun və faktlara söykənən məlumat məktuba əlavə edilmişdir. Sizi baş verən hadisələr ilə bağlı rəsmi mənbələrdən məlumat almağa və xalqınızı Azərbaycan xalqının şərəfli mübarizəsi ilə tanış etməyə səsləyirəm”.







Redaktorun seçimi