“ASAN xidmət” BMT-nin ekspert qrupunun iclasında

Hit: 621
“ASAN xidmət” BMT-nin ekspert qrupunun iclasında
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatının (UNCTAD) “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”nun dördüncü onlayn iclası keçirilib.
 
Hökumətlərarası ekspert qrupunun əsas məqsədi rəqəmsal iqtisadiyyatın dünya ölkələri üzrə qeyri-bərabər inkişaf etdiyini nəzərə alaraq elektron ticarətin imkanlarından faydalanmaqda və mövcud çətinliklərin aradan qaldırılmasında inkişaf etməkdə olan ölkələrə dəstək olmaqdır. İclasda “Rəqəmsal platformalar və inkişaf etməkdə olan ölkələrdə dəyər yaradılması: milli və beynəlxalq siyasətə təsirlər” mövzusu, həmçinin elektron ticarət və rəqəmsal iqtisadiyyatın ölçülməsi üzrə işçi qrupun birinci iclasının hesabatı ətrafında müzakirələr aparılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Faktor.az-a bildiriblər ki, ekspert qrupunun sessiyasında agentliyin sədrinin müşaviri Azər Bayramov iştirak edib və ölkəmizdə rəqəmsal iqtisadiyyatın və elektron ticarətin inkişafı ilə bağlı çıxış edib. Çıxışda Azərbaycanın Avrasiya regionunda rəqəmsal, logistika və ticarət mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
 
Eyni zamanda, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini atəşə tutaraq ölkəmizə qarşı növbəti təcavüzə başlaması, Azərbaycanın sıx məskunlaşmış yaşayış yerlərinin və mülki şəxslərinin məqsədyönlü atəşə tutulduğu diqqətə çatdırılıb. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi barədə iclas iştirakçılarına məlumat verilib.







Redaktorun seçimi