Mətbuat Şurası 2 yeni mükafat təsis edir

Hit: 1032
Mətbuat Şurası 2 yeni mükafat təsis edir
Azərbaycan Mətbuat Şurası “Nəriman Nərimanov mükafatı” və “Əziz Əliyev mükafatı” təsis edir.
 
Faktor.az xəbər verir ki, bu barədə AMŞ sədri Əflatun Amaşov məlumat verib.
 
Ə.Amaşov həyat və yaradıcılıqlarında, fəaliyyətlərində mətbuat amilinin ön planda olduğu tarixi şəxsiyyətlərimizin irsinin yaşadılmasına hər zaman xüsusi diqqət yetirildiyini bildirib. O deyib ki, bu şəxsiyyətlər mətbu sözün daşıdığı missiyanın böyüklüyünü əməli işləri ilə dəyərləndirib, mövcud istiqamətdə əsl fədakarlıq göstəriblər. “Belə dəyərli simalardan ikisinin – Nəriman Nərimanovun və Əziz Əliyevin adına mükafat təsis etməyi düşünürük. Nəriman Nərimanov qəzet oxumağın mənəvi tələbata çevrilməsinə əzmlə çalışan ziyalılarımızdandır. Tiflis ədəbi mühitinin nümayəndəsi olan Nərimanov elmi-mədəni elitanın, milli burjuaziyanın formalaşmasında söz sənətinin əhəmiyyətini hər zaman vurğulayıb. Əziz Əliyev isə qısa fasilələrlə iki dəfə Tibb Universitetinin rektoru olub. Hazırda universitetinin “Təbib” adlı qəzeti işıq üzü görür ki, həmin nəşr vaxtilə “Tibbi kadrlar uğrunda” adını daşıyıb və məhz görkəmli alimin təşəbbüsü ilə fəaliyyət göstərib. Ə.Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olarkən, bu təhsil ocağının “Bakı Universiteti” qəzetinin nəşrini reallaşdırıb. Qəzet “Bakı tərbiyəsi uğrunda” adlanıb.
 
Görkəmli dövlət xadimi Cənubi Azərbaycanda tarixə “Əziz Əliyev missiyası” kimi düşmüş missiyaya rəhbərlik etdiyi vaxtlarda ictimai xadim, xalq yazıçısı Mirzə İbrahimovun rəhbərlik etdiyi “Vətən yolunda” qəzetini qurub. Ə.Əliyev Dağıstana rəhbərliyi illərində 80-dən çox xalqın yaşadığı bu respublikada 30 müxtəlif xalqın dilində qəzetin işıq üzü görməsində yaxından iştirak edib. Bütün bunlar Mətbuat Şurasına onların adını daşıyan mükafatlar təsis etmək üçün imkan verir. Yaxşı olar ki, Azərbaycanda səhiyyənin tarixi, keçdiyi yol, nailiyyətləri ilə bağlı mətbuatda və digər kütləvi informasiya vasitələrində təbliğat aparan, cəmiyyətin mövcud istiqamətdə maarifləndirilməsinə əmək sərf edən, habelə əməli fəaliyyəti ilə insanları sahənin incəlikləri ilə tanış edən şəxslər mükafatların laureatları olsunlar”, - deyə Ə.Amaşov bildirib.
 
O, əlavə edib ki, hər iki mükafatın ilk laureatlarının dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizədə aktivliyi ilə seçilmiş tibb işçilərinin, tibb ictimaiyyətinin nümayəndələrinin olması vacibdir. MŞ İdarə Heyətinin də bu istiqamətdə təkliflər verməsi şərtdir.








Redaktorun seçimi