"Əldə edilən nəticələr başımızın altına yastıq qoymamalıdır"

Hit: 919
"Əldə edilən nəticələr başımızın altına yastıq qoymamalıdır"
2007-ci ildə “Klinik mikrobiologiya” jurnalında 400-dən artıq mənbəyə istinad edən bir məqalə dərc olunmuşdu. Məqalədə 2003-cü ildə Çinin cənubunda baş qaldıran SARS epidemiyası təhlil edilərək təhlükəli proqnoz verilirdi. Jurnal yazırdı ki, koronavirusların genetik mutasiya keçirib yeni genotiplər yaratması və yoluxma hallarına səbəbolma potensialı yaxşı məlumdur. Çinin cənubunda yaşayan insanların yarasa ilə qidalanmaq vərdişi çox təhlükəlidir, çünki onların orqanizmində SARS-COV tipli virusların yetişməsi və inkişafı üçün münbit şərait var.
 
Məqalənin sonunda mütəxəssislər dünya dövlətlərini gözlənilən təhlükəyə hazır olmağa çağırırdı. Bu, sanki elmi məqalə deyil, dəhşətli bir proqnoz idi. Düz 12 il sonra deyilənlər təsdiqini tapdı. Ötən ilin dekabrında Çinin Hubey əyalətinin Uxan şəhərində yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin aşkar olunması və onun sürətlə dünya ölkələri arasında yayılması bəşəriyyəti çox böyük fəlakətlə üz-üzə qoydu. Həmin vaxtdan bəri dünya yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizə aparır.
 
Faktor.az xəbər verir ki, bu barədə Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri Təranə Paşayeva deyib.
 
Artıq ilin əvvəlindən bəri nəinki Çin, bütün dünya ölkələri COVID-19-la mübarizə aparır. Son iki yüz ildə tibbin inkişafı, vaksin və antibiotiklərin kəşfi epidemiyaları idarə olunan hala gətirmişdi. Virus və infeksiyalar üzərində bu tarixi qələbəni qloballaşan dünyamızın ən böyük uğuru sayırdılar. COVID-19 isə ənənəvi xarakterdə gəlmədi. İnfeksiyanın bütün mütərəqqi dünyanı aciz qoyan xüsusiyyəti onun mutagen xarakteridir. Yəni düşdüyü hər orqanizmdə mutasiyaya uğrayaraq, fərqli formalar alır, müalicəsini çətinləşdirir. Elə həmin səbəbə görə aylardan bəridir ki, dünya onunla mübarizə apararaq kökünü kəsmək üçün səmərəli tibbi üsul tapa bilmir və əksər ölkələrdə xüsusi karantin rejimi davam edir.
 
Həmin hadisələr fonunda ölkəmizdə təhlükəli epidemiya ilə aparılan mübarizə tədbirlərinə toxunan ictimai birliyin sədri deyib: “Ölkəmizdə koronavirus əleyhinə mübarizə sahəsində görülən işlər, atılan addımlar hər cür təqdirə layiqdir. Müasir səhiyyə infrastrukturunun yaradılması, yeni tibb müəssisələrinin açılması xüsusilə bu sahədə çox böyük və müsbət tədbirlərdir. İndiyədək ölkəmizdə koronavirus xəstələrinin müalicəsi üçün 600 yerlik “Yeni klinika”nın açılması, 11 modul tipli xəstəxananın inşa edilməsi və həmin xəstəxanaların 4100 çarpayı sayına malik olması bu sahədə görülən çox böyük işlərdir. Lakin bunun özü də son hədd deyil. Bu sahədə çox vacib addımlardan biri də infeksiyaya yoluxanların müayinəsi üçün müasir laboratoriyaların sayının 45-ə çatdırılmasıdır. Görülən həmin tədbirlər nəticəsində indi ölkəmizdə 1 milyondan çox test aparılıb. Azərbaycan adambaşına düşən testlərin sayına görə dünya ölkələri arasında öncül mövqelərdən birini tutur. Azərbaycan həkimlərinin gecəli-gündüzlü fəaliyyətini, çox böyük zəhmətə qatlaşaraq günlərlə, bəzən aylarla ev-eşikdən uzaq düşüb xəstələrə göstərdiyi xidməti də nəzərə alsaq, infeksiyaya yoluxanların dinamikasındakı azalmanı, sağalanların sayının çoxluğunun nəyin hesabına başa gəldiyi bir daha aydın olar”.
 
Lakin həmsöhbətimiz bu uğurların fonunda vətəndaşların məsuliyyətli davranışının da normal həyata qayıtmağın əsas şərtlərindən biri olduğunu diqqətə çatdıraraq deyib: “Tətbiq olunan qaydalar, yoluxanların sayının sürətlə artdığı bir vaxtda vəziyyətə uyğun şəkildə karantin rejiminin sərtləşdirilməsi işin xeyrinə oldu. Yayın əvvəlində infeksiyaya yoluxanların gündəlik sayının 600-ə yaxınlaşdığını yəqin ki, hər kəs xatırlayır. İndi çox şükürlər ki, yoluxanların sayı yüksək deyil və 100-200 arasında dəyişir, hətta bəzi günlərdə 100-dən daha aşağı olur. Əlbəttə, bunlar çox yaxşı və ümidverici nəticələrdir. Lakin mən bir narahatlığımı da bölüşmək istəyirəm. Çox xoşagəlməz haldır ki, vəziyyət bir balaca stabilləşən kimi yenə də infeksiyanın varlığına şəkk edənlər tapılır. Mağaza, market və dükanlara axınla daxil olmaq, bəzi hallarda sosial məsafənin gözlənilməməsi heç də yaxşı hal deyil. Ən çox isə nəqliyyat vasitələrindəki sıxlığı qeyd etmək istəyirəm. Karantin məhdudiyyətlərinin yumşaldılmasından sonra gediş-gəliş və hərəkət artıb, işə gedənlərin, küçəyə, parka çıxanların sayı çoxalıb. Əvvəla, pandemiyanın əvvəlində avtobusların demək olar ki, hamısında spirt qoyulurdu, təəssüf ki, indi elə bil ki, bunu yaddan çıxarıblar. Marşrut avtobuslarındakı basabas, sıxlıq da infeksiyanın yenidən alovlanmasına səbəb ola bilər. Biz belə məsuliyyətsizlik hallarının necə nəticələr verdiyini hər gün eşidirik. Avropa ölkələrinin bir çoxunda karantin rejiminin yenidən sərtləşdirilməsi, qonşu Gürcüstanda tətbiq edilən sərt rejimi buna misal göstərmək olar. Ona görə də əldə edilən nəticələr başımızın altına yastıq qoymamalıdır. Yenə də küçə, park və yollarda, xüsusilə tünlük və sıxlıq olan yerlərdə maskadan aksesuar kimi istifadə edənlərlə - onu çənəsinin altında saxlayanlar, qoluna keçirənlərlə rastlaşırıq. Belə hərəkət yolverilməzdir, bu, həm qaydalara əməl etməyənlər, həm də ətrafdakılar üçün təhlükə doğurur. Ona görə də belələrini qayda-qanuna əməl etməyə çağırmaq, ictimai qınaq göstərməkdən çəkinmək lazım deyil. Söhbət dünyada hər kəs üçün ən qiymətli nemət olan sağlamlıqdan gedir. Onun qorunması üçün vətəndaş məsuliyyəti nümayiş etdirmək, həmrəylik və birlik göstərmək, hər addımda gigiyena tələblərini gözləmək lazımdır. Yalnız belə olan halda həyatımızı normal məcrasına qaytarmaqdan danışmaq olar”.








Redaktorun seçimi