Bir gün yol polisi olmasa ölkə necə olar?...

Hit: 941
Bir gün yol polisi olmasa ölkə necə olar?...

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovla söhbətimizdə bir məqam xüsusilə diqqətimi çəkdi. Biz polislərimizi daim pis obrazda təqdim etməyi sevirik sanki. Ölkədə bu qədər sürücü var, böyük əksəri qayda pozmağı az qala fəxr ediləsi bir şey sayır. Buna görə də yüngül dillə desək, yollarımızda mədəniyyətsizlik baş alıb gedir. Bundan da hamı əziyyət çəkir. Piyada da, sürücü də qaydaları saya qoymur. Qəzalar artır, həyatlar ölümlə əvəzlənir. Bu qədər nəzarət ola-ola belədi. Görün bircə günlük yol polisi olmasa, ölkədə nələr baş verər. Bəs niyə onların əməyinə qiymət vermirik, "sağ ol" demirik? Əvəzində hərəmiz əlimizdə bir telefon hardasa bir səhv edən polis axtarırıq ki, çəkib sosial şəbəkələrdə paylaşaq. Bunu edirik təəssüf ki... Amma düşünmürük ki, bu videolar cəmiyyətdə polisə bir inamsızlıq yaradır. Axı onların içində on minlərlər insan var ki, vəzifələrini layiqincə yerinə yetirilər. Niyə qurunun oduna yaş da yanmalıdı? Əksər vaxtlarda da yayılan videolar araşdırılanda görürsən ki, məsələ başqadı. Polis qanuna əməl etməyi tələb edib, amma videonu yayan özünə hansı hissə sərf edibsə, o hissəni kəsib yayıb. Normal adamsansa niyə hadisəni təhrif edib yayırsan? Məqsədin nədi? Müəllimlər, həkimlər, jurnalistlər və s. arasında pis nümunələr olduğu kimi polislər arasında da var, bəli. Amma onun kobudluğu, rüşvət tələbi kimi neqativ hərəkəti ilə qarşılaşmısansa, birinci rəhbərliyinə şikayət etməli, videonu da onlara yollamalısan ki, tədbir görsünlər. İnanın ki, mütləq cəzalandırlır, özü də ən sərt şəkildə. Uzun sözün qısası, polis bizim qoruyucumuzdu. Yəni evdə, ailədə, qohumçuluqda, yoldaşlıqda, insanlıqda, dövlətin istənilən qurumunda belə təbii ki hər kəs mükəmməl ola bilməz. Necə deyərlər, "qurunun oduna yaş da yanar". Bu obrazı pis təqdim edənlər bu xalqı sevməyi öyrənə bilməyənlərdi. Yoxsa bizi qoruyanları niyə düşmən kimi təqdim etsinlər ki?..

Faktor.az-ın Baş Redaktoru
Aslan Abbaszadə









Redaktorun seçimi