Kitabxanaçılıq-informasiya fakültəsi yeni tədris ilinə necə hazırlaşıb? - MÜSAHİBƏ

Hit: 1336
Kitabxanaçılıq-informasiya fakültəsi yeni tədris ilinə necə hazırlaşıb? - MÜSAHİBƏ
Kitabxanaçılıq-informasiya fakültəsinin dekan əvəzi, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarov: “Tələbələrimiz yeni tədris ilində fakültənin vizual görkəmindən, struktur dəyişikliklərinə qədər, tədris prosesinin keyfiyyətinin hiss olunacaq səviyyədə artmasına, fakültədə aparılan elmi-tədqiqat işlərinin məzmununun yenilənməsinə, eyni zamanda onların fakültənin sosial həyatında iştirakı, asudə vaxtlarının səmərəli və rəngarəng şəkildə qurulmasına qədər bir sıra yeniliklərin, fərqliliklərin şahidi olacaqlar”.
 
Bütün dünyanın bəlasına çevrilmiş COVID-19 pandemiyası səbəbindən Bakı Dövlət Universiteti (BDU) 2020/2021-ci tədris ilinə məsafədən başladı. Ötən tədris ilinin koronavirus dövrünə təsadüf etdiyi dönəmində Universitetdə dərslərin onlayn formada keçirilməsi istiqamətində verilən bütün qərarlar, atılan bütün addımlar özünü doğrultdu. “Microsoft Teams” platforması üzərindən tələbələr onlayn dərslərə cəlb olundu, dərslərin və imtahanların təşkili uğurla həyata keçirildi. Nəticədə Universitetdə tədrisin davamlılığı tamamilə təmin edildi. Bu tədris ilində də tələbələrin təhsilə marağının azalmaması və mütəxəssis kimi yetişməsi məqsədilə onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirildi, məsafədən təhsilin keyfiyyətli təşkili üçün hər cür lazımi şərait yaradıldı.
 
Artıq yeni tədris ilinin ikinci həftəsindəyik. Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi olaraq, fakültələrin pandemiya şəraitində yeni tədris ilinə hazırlığı, yenilikləri, qarşıda duran vəzifələri haqqında dekanların, professor-müəllim heyətinin fikirlərini ictimaiyyətə çatdıracağıq.
 
İlk müsahibimiz Kitabxanaçılıq-informasiya fakültəsinin dekan əvəzi Ələmdar Cabbarovdur.
 
- Ələmdar müəllim, Kitabxanaçılıq-informasiya fakültəsi yeni tədris ilinə necə hazırlaşıb? Tələbələri nə kimi yeniliklər gözləyir?
 
- Əvvəlcə doğma Universitetimizin bütün əməkdaşlarını, əziz tələbələrimizi yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm, onların hər birinə uğurlar arzulayıram. Əminəm ki, xalqımızın Ümimmilli Lideri Heydər Əliyevin “milli sərvət” adlandırdığı Bakı Dövlət Universiteti yeni tədris ilində daha böyük nailiyyətlərə imza atacaqdır. Universitetdə son zamanlar görülən işlərin, həyata keçirilən islahatların və müəyyənləşdirilmiş inkişaf strategiyasının təhlili bunu deməyə tam əsas verir. Yeni tədris ilinə pandemiya dövrünün tələblərinə uyğun ciddi şəkildə hazırlaşmışıq. Artıq dərs prosesinə başlamışıq və kollektiv olaraq Universitet rəhbərliyinin tapşırıq və tövsiyələrini əsas tutaraq bu prosesin uğurla həyata keçirilməsi üçün calışırıq. Yeniliklər barədə onu demək istəyirəm ki, Universitetimizdə aparılan islahatlar prosesinə bütün istiqamətlər üzrə artıq fakültəmizdə də başlanılıb. Tələbələrimiz yeni tədris ilindən etibarən fakültənin vizual görkəmindən, struktur dəyişikliklərinə qədər, tədris prosesinin keyfiyyətinin hiss olunacaq səviyyədə artmasına, fakültədə aparılan elmi-tədqiqat işlərinin məzmununun yenilənməsinə, eyni zamanda onların fakültənin sosial həyatında iştirakı, asudə vaxtlarının səmərəli və rəngarəng şəkildə qurulmasına qədər bir sıra yeniliklərin, fərqliliklərin şahidi olacaqlar. Fakültədə Tələbə Elmi Cəmiyyətinin, Tələbə Həmkarlar Təşkilatının, Tələbə Gənclər Təşkilatının yenidən qurulması, tələbələrin elmi tədqiqat işlərinə cəlb edilməsi, onların ictimai həyatda fəallığının artırılması, fakültənin rəsmi saytının müasir tələblərə uyğun şəkildə qurulması, sahəmiz üzrə tanınmış mütəxəssislərin dərs prosesinə cəlb edilməsi, ustad dərslərinin, karyera günlərinin, uğur hekayələrinin təşkili və s. bu kimi çox ciddi hədəflərimiz var.
 
- Bildiyimizə görə bu tədris ilində fakültənizdə yeni “Kitabxanaçılıq və informasiya fəaliyyəti” adlı ixtisas yaradılıb. Bu ixtisasın yaradılmasında məqsəd nə idi? Və üstünlükləri nədir?
 
- Yeni ixtisasın yaradılmasıda məqsəd müasir dövrün tələblərinə və çağırışlarına uyğun olaraq informasiya cəmiyyətinin qurulmasında aktiv şəkildə iştirak edəcək, bu prosesə töhfə verəcək modern bilik və bacarıqlara malik kadrların hazırlanmasıdır. “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasında təhsil alan tələbələr kitabxana-informasiya resurslarının qurulması və istifadəsi ilə bağlı xidmətlər göstərilməsi üzrə ixtisaslaşırlar. Bu ixtisasa yiyələnmiş mütəxəssislər respublikanın bütün kitabxana-informasiya müəssisələrində, elmi-texniki, xüsusi, kütləvi informasiya-resurs mərkəzlərində, eyni zamanda nəşriyyatlarda və mətbuat orqanlarında çalışa bilərlər.
 
- Pandemiya şəraitində Kitabxanaçılıq-informasiya fakültəsinin qarşıda duran vəzifələri hansılardır?
 
- Təəssüf ki, 2019-cu ilin əvvəlindən başlayan və bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus (COVID-19) infeksiyasının yayılması və bu xəstəliyin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilməsi səbəbi ilə mart ayının 3-dən başlayaraq ənənəvi tədris prosesi müvəqqəti olaraq dayandırılmışdır. Amma pandemiya dövrünün gətirdiyi çətinliklərə baxmayaraq, BDU öz fəaliyyətini əzmlə davam etdirir, təlim-tədris prosesini yeni dövrün şərtlərinə və reallıqlarına uyğun şəkildə qurur. Bizim fakültə də bu prosesdə aktiv şəkildə iştirak edir, bütün imkanlarımızdan istifadə edərək, təlim-tədris prosesinin davam etdirilməsi, tələbələrin dərslərdə iştirakının təmin olunması istiqamətində işlərimizi davam etdiririk, prosesin mahiyyəti, həyata keçirilməsi üsulları ilə bağlı davamlı olaraq professor-müəllim heyətinə və tələbələrimizə maarifləndirici bilgilər veririk. Bu məqamda onu da xüsusi vurğulamaq istəyirəm ki, koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mübarizə tədbirləri bizdə böyük qürur hissi yaradıb. Dövlətimizin vaxtında həyata keçirdiyi tədbirlər nəticəsində, şükürlər olsun ki, bu bəla ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bu xəstəliklə mübarizə məqsədilə qısa müddətdə yeni xəstəxanaların açılmasını, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışını, sosial qayğıya ehtiyacı olan vətəndaşlara maddi yardımların göstərilməsini də kollektiv olaraq rəğbətlə qarşılayrıq.
 
- Ələmdar müəllim, distant təhsil zamanı fakültənizdə tələbələrin qiymətləndirilməsi necə aparılacaq?
 
- Əlbəttə ki, qiymətləndirmə Universitet rəhbərliyinin, Elmi Şuranın müəyyənləşdirdiyi kriteriyalar əsasında aparılacaq. Və tələbələrimizi əmin edirik ki, bu proses, hər zaman olduğu kimi, tələbəyönümlü olacaq.
 
- Fikrinizcə, məsafədən təhsilin çatışmazlıqları və üstünlükləri nələrdir?
 
- Məsafədən təhsil - təhsilverənlərdə və təhsilalanlarda müəyyən bacarıq və qabiliyyətləri formalaşdırır, amma istənilən halda əyani, ənənəvi təhsil forması daha səmərəlidir.
 
- Ələmdar müəllim, əlavə etmək istədiyiniz hansısa fikir varmı?
 
- Tezliklə pandemiyanın həyatımızdan çıxmasını, yenidən ənənəvi təlim-tədris prosesinə dönməyimizi, həmkarlarımız və əziz tələbələrimizlə doğma Universitetimizin auditoriyalarında bir yerdə fəaliyyətimizi davam etdirməyimizi arzu edirəm. İnanıram ki, dövlətimizin həyata keçirdiyi tədbirlərin, cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu çətin, həssas vaxtda, həmişə olduğu kimi xalqla birliyinin nəticəsində bu ağır sınaqdan üzüağ çıxacağıq, ölkə rəhbərinin "Biz birlikdə güclüyük!” çağırışının müsbət əhval-ruhiyyəsi və mənəvi gücü ilə yaşayan xalqımızın həyatı əvvəlki axarına dönəcək.








Redaktorun seçimi