Azərbaycanda yeni abidə aşkar edilib - FOTOLAR

Hit: 3018
Azərbaycanda yeni abidə aşkar edilib - FOTOLAR
Avqustun 15-dən sentyabrın 14-nə kimi Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində keçən il başlamış arxeoloji tədqiqatları davam etdirmişdir.
 
Faktor.az xəbər verir ki, bu bir ay müddətində, keçən il tədqiqatları aparılmış 1 və 2 saylı qazıntı sahələrində qazıntı işləri davam etdirilmiş, əlavə olaraq yeni, 4 saylı qazıntı sahəsində tədqiqatlar başlamışdır. Beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, Qazaxıstan tərəfindən beynəlxalq elmi çevrələrdə tanınmış alim, Alman Arxeoloji İnstitutunun müxbir üzvi, professor Zeynolla Samaşev rəhbərlik etməkdədirlər.
 
Bu il tədqiqatı başlamış 4 saylı qazıntı sahəsində bölgə üçün yenilik olan unikal tapıntı üzə çıxmışdır. Belə ki, 1984-cü ildən tədqiqat işləri aparılan və bu vaxta qədər nekropol olaraq bilinən Təpəbaşı abidəsinin 2020-ci il arxeoloji tədqiqatlarında ilk dəfə olaraq yaşayış yerinin təsərrüfat tikililəri aşkar edildi. Bunlar antik dövrə aid keramika sobaları və ona aid yardımçı təsərrüfat qurğularıdır. Bütövlükdə abidədə bir keramika sobası və səkkiz təsərrüfat quyusu müəyyən olundu.
 
1 və 2 saylı qazıntı sahələrində bu il aparılmış qazıntılar nəticəsində antik dövrün müxtəlif mərhələlərinə aid 4 qəbir aşkar edilib. Qəbirlərdən xeyli sayda antik dövrə aid maddi-mədəniyyət nümunələri – saxsı qablar, tunc əşyalar, dəmir silahlar, pasta muncuqlar və s., həmçinin, insan və heyvan qalıqları əldə olundu.
 
Qazıntı işləri dronla aparılmış aerofotoçəkiliş vasitəsilə sənədləşmiş, əldə olunan materiallar yerindəcə qorunub bərpa edilərək, ilkin çöl şəraitində inventar siyahısına alınmışdır.
 
Bu il Şəkidə aparılan arxeoloji tədqiqatlara qazaxıstanlı arxeoloqlar mövcud pandemiya səbəbindən qatıla bilmədilər. Buna baxmayaraq, bu ilki qazıntı materiallarının elmi təhlilində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar müştərək fəaliyyət göstərəcəklər. Arxeoloji tədqiqatlar 2021-ci ildə də davam etdiriləcək.
1
1
1
1
1
1








Redaktorun seçimi