Məscidlərin açılması məsələsi müzakirə olunur

Hit: 999
Məscidlərin açılması məsələsi müzakirə olunur
Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir.
 
BAKU.WS-ə daxil olan məlumata görə, oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir.
 
Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid və ibadət ocaqları ilə bağlı qadağanı nisbətən aradan götürə bilər. Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənliyə müraciət etdik. İlahiyyatçı BAKU.WS-ə bildirdi ki, məscidlərin açılması məsələsi müzakirə olunur:
 
"Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovla Gəncə şəhərindəki İmamzadə dini kompleksində görüş zamanı da məscidlərin açılması məsələsi müzakirə olunmuşdu. Məscidlərin açılması ilə bağlı əsas məsələ qaydalara riayət olunmasıdır. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Operativ Qərargah arasında da bu mövzuda mütəmadi müzakirələr gedir.
 
Əgər icmalar bunu təmin edə bilsələr, məscidlərin açılması mümkündür. Hazırda bu məsələ müzakirə olunur, qaydalara riayət etməklə məscidlərin açılmasından danışılır. İlk imkan olduqda bu məsələ həyata keçirilə bilər.
 
Məscidlərin açılması qaydlarına gəlincə, onu deyə bilərəm ki, bu barədə konkret söz yoxdur. Amma ümumi karantin rejimində tətbiq olunan qaydalar hər yerə aid edilməlidir və məscidlərdə də məsafənin gözlənilməsinə riayət olunmalıdır. Qapalı yerlərdə maskalardan istifadə edilməlidir. Məscidlərin xidmətçi heyəti ara məsafəsi və maskalardan istifadə işini təmin edə bilər".








Redaktorun seçimi