"ABAD" dönər biznesinin sağlamlaşdırılmasına dəstək olacaq

Hit: 771
"ABAD" dönər biznesinin sağlamlaşdırılmasına dəstək olacaq
Ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılması naminə “ABAD” publik hüquqi şəxs, AQTA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yeni bir layihəyə start verdi. Həyata keçirilən yeni layihənin məqsədi dönər biznesi ilə məşğul olan müxtəlif qida obyektlərinin texniki normativ hüquqi aktların tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin etməkdir.
 
Müvafiq sahədə qida təhlükəsizliyinin gücləndirilməsi və sahibkarların sağlam rəqabətə təşviq edilməsi imkanlarını genişləndirmək baxımından böyük əhəmiyyətə malik olan bu layihə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə reallaşacaq. Layihənin icra müddətinin 2020-2021-ci illər üzrə dövrü əhatə etməsi planlaşdırılır. İlkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur.
 
Layihə çərçivəsində mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxs layihə iştirakçılarının seçimində iştirak edəcək, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirib, biznesin SWOT analizini aparıracaq. Keçiriləcək təlimlərin təşkilində iştirak edib, yaradılan biznesin qanunvericiliyə uyğun formalaşması məqsədilə layihə iştirakçılarına hüquq və mühasibatlıq üzrə məsləhətlər verirəcək. Bundan başqa gələcəkdə ABADçı olmaq qərarına gələn iştirakçılara daimi əsasda "ABAD" dəstrək paketinə daxil olan xidmətlər göstəriləcək
 
Layihə  üzrə tələb olunan sənədlərin, qrafik-dizayn işlərinin, idarəetmə üçün nəzərdə tutulmuş nəzarət cədvəllərinin tərtib olunması, təlim materiallarının hazırlanması, təmir və ya yenidənqurma işlərinin aparılması, lazımi avadanlıqlarla təchizat, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövri yoxlamaların aparılması kimi tədbirlər Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçiriləcəkdir.
 
Dövlət Məşğulluq Agentliyi tərəfindən layihə çərçivəsində həmin qida obyektləri fəaliyyəti üçün lazımi avadanlıqlarla təmin ediləcəkdir. Bununla yanaşı həmin müəssisələrdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması da nəzərdə tutulur.
 
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən layihə çərçivəsində dönər obyektlərinin güzəştli kommunikasiya və reklam xidmətlərindən, habelə, sahibkarların təlim strategiyası üzrə biznes planlarının hazırlanmasını təmin edəcək.
 
Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması layihəsinin həyata keçirilməsi nəticəsində dövlət-özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi, davamlı rəqabət mühitinin formalaşdırılması, əhaliyə sağlam ictimai iaşə xidmətlərinin göstərilməsi, müvafiq sahədə qida zənciri nəzarət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.








Redaktorun seçimi