Koronavirusdan qorunma yolları ilə bağlı ən vacib məqamlar

Hit: 1496
Koronavirusdan qorunma yolları ilə bağlı ən vacib məqamlar
“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül ABDIYEVA koronavirusla mübarizə, yoluxmadan qorunma yolları, orqanizmi virusa qarşı necə möhkəmləndirməklə bağlı məsələlərə aydınlıq gətirib. O, öncə COVID –19 bəlasından ancaq qorunmaq yolu ilə xilas olmağın mümkünlüyündən söz açaraq, eyni zamanda, buna qarşı həmişə hazır olmağın yollarından danışıb:
 
– Dünya üzrə onkoloji xəstəliklərdə, ürəyin işemik xəstəliklərində və bir sıra digər xəstəliklərdə qəfləti ölüm faizi COVID–19-un ölüm faizindən daha çoxdur. Azərbaycanda 2019-cu ildə qan dövranı sisteminin xəstəliklərindən (ürək-damar xəstəlikləri) ölənlər daha çox olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə 55 916, o cümlədən 32 471 nəfər qan dövra­nı sistemi xəstəlikləri səbəbindən vəfat edib. Ölümə səbəb ikinci amil yeni törəmələrlə (on­koloji xəstəliklər) bağlıdır. 2019-cu ildə yeni törəmələrdən ölənlər 8 819 nəfər olub. Ötən il travmalar, zəhərlənmələrdən 2 789 nəfər vəfat edib. Həzm sistemi xəstəliklərindən ölümlər dördüncü yerdə olmaqla, ötən il 2 687 nəfərin həyatına son qoyub.
 
Bunları sadalamaqla onu demək istəyirəm ki, insanlar maariflənməlidir ki, COVID–19-u normal qəbul edib özlərini qorumağı bacar­sınlar, eyni zamanda, unutmasınlar ki, virusla zarafat etmək, “boş şeydir, bizə nə edəcək” kimi düşüncələrdən uzaq olmaq lazımdır. Cəmiyyətdə bu sahədə ciddi problem var. Çünki bəzi insanlar bu virusa yoluxduğu halda gizlədirlər. Özləri bildikləri müalicə metodla­rından istifadə edirlər ki, bu da ağ ciyərlərdə daha kəskin ağırlaşmalara səbəb olur. Ona görə də insanlar virusa qarşı orqanizmlərini möhkəm saxlamaq üçün immunitetlərini təbii yollarla gücləndirməlidirlər. Amma COVID–19 virusuna yoluxmuş insanlarda, ümumiyyətlə, ömürlük immunitet yaranması söhbəti düz­gün deyil. Çünki bu xəstəliyə yoluxan şəxs təkrar bir də yoluxa bilər. Ona görə də insanlar məsafə saxlamalı, maskadan, dezinfeksiyae­dici vasitələrdən düzgün istifadə etməlidirlər. Sağalan insan maksimum bir aylıq immunitet qazana bilər. 60 yaşdan yuxarı və ikinci bir xəstəliyi olan insanlar üçün bu xəstəlik daha ağır formada keçir. Çünki bu xəstəliyə yolux­muş adamda tromblaşma – yəni qanın lax­talanması tez baş verir. İndiki halda həkimlər qarşısında ən böyük problem bu haldır.
 
Ümumdünya Səhiyyə Təşkilatı virusdan qorunma yollarından biri kimi antiseptiklərdən istifadə etməklə yanaşı, həm də əlləri sabun­la yaxşı yumağı tövsiyə edir, çünki bu yolla mexaniki olaraq dərini viruslardan azad etmiş oluruq. Xəstəliyin spesifik müalicəsi yox­dur, xəstəlikdən qorunmaq üçün ən mühüm məsələ orqanizmin immunitetini yüksəltmək və sanitar-gigeyinik qaydalara düzgün və ciddi şəkildə riayət etməkdir.
 
Koronavirusdan qorunma yolları ilə bağlı ən vacib məqamlar bunlardır: 1. İctimai yerlərdə, insanların sıx toplandığı ərazidə arada, ən azı, 1 metrə qədər qədər məsafə saxlamaq tövsiyə olunur. 2. Evdən kənarda olduqda mümkün qədər əllərinizlə üzünüzə, ağız-burununuza və gözlərinizə toxunmayın. 3. Kütləvi tədbirlərdə (toy və yas mərasimləri, ad günləri və s.) iştirak etmək, qonaq getmək və qonaq qəbul etməyi müvəqqəti olaraq dayandırmağınız məsləhətdir. 4. Tanışlarla yaxından görüşməkdən (öpüşmək, qucaqlaşmaq) imtina etmək lazımdır. 5. Bayıra çıxan zaman ağız-burunu maska ilə kip bağlamaq (üzünüzlə maska arasında boşluq olmadığından əmin olun) və mas­kaları 2–3 saatdan bir dəyişmək lazımdır (əks halda maska özüinfeksiya mənbəyinə çevrilə bilər). 6. Koronavirus paltarda 12 saat, metal üzərində 12–24 saat qala bilir. Liftdə, metroda, avtobusda qoruyucu salfet, rezin barmaqcıq və ya əlcəkdən istifadə edərək metal səthlərə toxunun. Evə qayıdan kimi, paltarınızı 4–5 saat açıq havada eyvanda saxlayın, ayaqqabılarınızı evə girməzdən əvvəl alt-üst hissəsini dezinfeksiya edin. 7. Bayırdan evə daxil olan kimi, dərhal ilk olaraq əllərinizi, üzünüzüvə burun dəliklərinizi isti su ilə yumaq və ağız boşluğunu yaxalamaq lazımdır. 8. Otaqların havasını gündə 2–3 dəfə dəyişmək və hər gün açıq havada ən azı 1–2 saat olmaq tövsiyə olunur. 9. Səthləri (masa və s.) və əşyaları (telefon, klaviatura və s.) müntəzəm olaraq dezin­feksiyaedici məhlulla təmizləyin. 10. Əlləri mütəmadi şəkildə sabunla və bol isti su ilə yumaq lazımdır. (Hər gün əlləri 95 faizlik spirtlə dezinfeksiya etmək yanlışdır! Bu, əlin dərisinin qurumasına, çatlar əmələ gəlməsinə və dərinin normal funksiyasının pozulmasına gətirib çıxarır). 11. Qeyri-steril pudralı və ya pudrasız əlcəklərdən istifadə etmək yanlışdır! Çünki həmin əlcəklər çox vaxt allergik der­matit yaradır. 12. Hidrogen peroksidlə burun boşluğunu yumaq yanlışdır! Çünki, hidrogen peroksid anaerob bakteriyaları məhv edir – virusu yox. Bunun üçün ən yaxşı vasitə dəniz suyu və NaCl-un izotonik məhluludur. 13. Gün ərzində hər kiloqram çəkiyə 30 ml olmaqla tez-tez isti su qəbul edin (nanə, limon, zəncəfil dəmləməsini 1 qaşıq bal ilə içmək daha məsləhətdir). 14. Vitamin, mineral, zülallarla zəngin təbii qidalar qəbul etmək lazımdır. “Fast Food” qidalar məsləhət deyil. 15. Ət məhsulları və yumurtanı tam bişirin. 16. Canlı vəhşi və ya ferma heyvan­ları ilə birbaşa təmasda olmayın. 17. Əgər səhhətinizdə problem yaranarsa, evinizdə qalın və ətrafdakı insanlarla ünsiyyət yarat­mayın. 18. Əgər temperaturunuz yüksələrsə, öskürək halları və tənəffüs problemi yaranar­sa, dərhal tibbi yardıma müraciət edin. 19. Pozitiv olun! Unutmayın, xəstəliyin proflakti­kası müalicəsindən asandır!
 
“Xalq qəzeti”








Redaktorun seçimi