Neftçalada pambıq sahələrində növbəli suvarma cədvəli tətbiq olunur

Hit: 1200
Neftçalada pambıq sahələrində növbəli suvarma cədvəli tətbiq olunur
Əsas pambıqçılıq rayonlarından biri olan Neftçalada tarlalarda bol məhsul yetişdirilir. Rayonda su problemi olsa da, pambıqçılar həvəsdən düşmür, əksinə daha səylə çalışırlar.
 
Ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın dinamik inkişafına nail olmaqla bağlı qarşıya qoyulan vəzifələr Neftçalada da uğurla həyata keçirilir. Ötən il neftçalalı pambıqçılar 5 min 88 hektar sahədən 16 min tondan çox məhsul toplayıblar. “Ağ qızıl” istehsalçıları bu il məhsul istehsalını 18 min tona çatdırmağı qarşıya məqsəd qoyublar.
 
Boyat kənd sakini Əlihüseyn Hacıyev ötən il 40 hektar sahədə pambıq əkərək, hər hektardan 47 sentner məhsul əldə edib. Bu il havaların quraqlıq keçməsi səbəbindən fermer əkin sahəsini kiçiltsə də, məhsuldarlığın bol olacağını deyir: “Ötən il 40 hektar sahədən 184 ton 600 kiloqram pambıq götürmüşdüm. Bu il isə 30 hektardan 150 tondan çox məhsul yığmağı planlaşdırıram, 50-55 sentner məhsul gözlənilir. Dövlətimiz, Prezidentimiz bizim üçün bütün imkanları yaradıb, güzəştləri edib. Zavodun texnikası gəlib pambığı yığır, daşınması da pulsuzdur”.
 
Fermer Mürsəl Qəfərov da ötən təsərrüfat ilində 28 hektar sahədə pambıq əkib. O, hər hektardan 42 sentner məhsul tədarük edib. Bu il isə ekoloji problemlərə baxmayaraq, pambıq sahəsini artıraraq 40 hektara çatdırıb: “Hazırda becərmə davam edir. İşlərimiz qaydasındadır, məhsulumuz da boldur. Suda şorlaşmanın olması işimizdə biraz çətinlik yaradırdı. Suvarma idarəsi problemin həlli üçün köməyini əsirgəmir. Prezidentimiz də su ilə bağlı keçirilən müşavirədə qeyd etdi ki, suvarma köhnə sistemlə aparılır, torpaq kanallar su itkisinə səbəb olur. Yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə dəyişikliklər olacaq. Bunlar suvarma probleminin həllində vacib amillərdir”.
 
Bu il Neftçalada, ümumilikdə, 5972 hektar sahədə pambıq əkilib. Ziyanvericilərə qarşı mübarizə ilə bərabər, hazırda sahələrin növbəli suvarılması prosesi də aparılır.
 
Neftçala Rayon Suvarma Sistemləri İdarəsinin şöbə rəisi Məmməd İsmayılovun sözlərinə görə, hazırda rayona ikinci və üçüncü suvarma suyu verilir. Xəzər dənizinin Kür çayına axması ilə əlaqədar olaraq suda şorluluq yaransa da, görülən tədbirlər nəticəsində sahələrdə suvarma normal qaydada aparılır.
 
Qeyd edək ki, rayonda 1307 məhsul istehsalçısı müəssisələrlə müqavilə bağlayaraq lazımi texnika, toxum və digər avadanlıqlarla təmin olunub. Neftçalalı pambıqçılar əsasən pambığın “Bəyaz Altun”, “Karlo Karizma”, “Gəncə 100”, “Gəncə 114” kimi yüksək reproduksiyalı sortlarını əkiblər. (Azertac)







Redaktorun seçimi