Hacı Şahin məscidlərin açılmaması ilə bağlı narahatçılığa - SON QOYDU

Hit: 3128
Hacı Şahin məscidlərin açılmaması ilə bağlı narahatçılığa - SON QOYDU
Bütün əzizləri salamlayıram.
 
Məhərrəm ayında məscidlərin ibadətə açılması ilə bağlı mövzu sosial şəbəkələrdə müzakirə olunmaqdadır. Şəxsən mənə də dindarlar və ruhanilər tərəfindən bu məsələnin həllinə yardımçı olmağımla bağlı çoxsaylı müraciətlər edilir. 
 
Əvvəla bunu qeyd edim ki, bu məsələnin həllini arzulayan insanlardan biri də mənəm. İmam Hüseyn(ə) əzadarlığına bağlı bir insan və fəaliyyətinin mühüm bir hissəsi məscidlə bağlı olan bir din xadimi kimi bu məsələnin həllinə öz gücüm və səlahiyyətlərim  çərçivəsində töhfə verməyə çalışmışam. 
 
Məsələ bundan ibarətdir ki, Məhərrəm ayında məscidlərə çox sayda insan axışır və il ərzində ən kütləvi məclislər məhz bu ayda keçirilir. Qapalı mühitdə böyük bir izdihamın sosial məsafəyə riayət etməsi isə, qeyri-mümkün görünür. Heç bir icma və din xadimi bu məsuliyyəti üzərinə götürə bilmir. Məsələn elə imamı olduğum Məşədi Dadaş məscidində böyük bir kütləni qaydalar çərçivəsində düzmək qeyri-mümkündür. Belə təkliflər də səsləndi ki, məscidlərə məhdud sayda adam buraxılsın. Şəxsən mən bunun əleyhinə oldum. Əvvəla həmin insanların hansı meyarla seçilməsi məlum deyil. İkincisi, icrası qeyri-mümkün görünür və gələ bilməyən insanların narazılığına səbəb ola bilər. 
 
Bütün müraciət edən insanlara bir daha bildirmək istəyirəm ki, bu məsələ ilk gündən məni narahat edən ən əsas məsələlərdən biri olub. Sadəcə indiki şəraitdə yoluxma sayının artması məhz məscidlərdə baş verərsə, nəticə çox pis olar. Bəzən belə bir arqumentlər səslənir ki, ticarət mərkəzləri açılır, nəqliyyatda yoluxma mümkün ola bilər. Təbii ki, qaydalara riayət edilməzsə, yoluxma hər yerdə mümkündür. Amma ölkələrin praktikası onu göstərir ki, karantin qaydaları tədricən yüngülləşdirilsə də, kütləvi tədbirlər axıra saxlanılır. Çünki bu məsələdə əsas meyar olaraq iqtisadi məsələlər götürülür. Hətta İranda da ticarət mərkəzləri məscid və ziyarətgahlardan daha tez açılır. 
 
Məsələnin dini və şəri cəhətinə gəlincə, müxtəlif ölkələrdə yaşayan fəqihlər də bu məsələyə həssas yanaşırlar.
 
Aşağıda bir neçə fəqihin fikirlərini qeyd edirəm:
 
Ayətullah Xameneyi:
“Sonda Məhərrəm ayında əzadarlıq məclislərinin keçirilməsinə toxunan Ayətullah Xamenei qeyd edib ki, əzadarlıqların keçirilməsi ilə bağlı səhiyyə mütəxəssislərinin dedikləri bizim üçün meyardır. Mən şəxsən onların zəruri hesab etdiklərinə riayət edirəm. Hamıya, o cümlədən ruhanilərə və məddahlara tövsiyələrim budur ki, nə etsəniz Milli Kornavirus Qərargahının dediklərinə uyğun edin. Bu qərargah bir qayda təqdim edirsə, buna əməl etməliyik. Əgər yüngül tutsaq fəlakət baş verəcək".
 
Ayətullah Sistani:
Bu ağrılı hadisəyə görə kədərlənməyin, İslam və müsəlmanların başına gələn bu böyük müsibətdə müqəddəs Peyğəmbərə (s) və onun saf ailəsinə başsağlığı vermək üçün müxtəlif yollar var, bunlara daxildir:
1- Həzrət İmam Hüseyn (ə) məclislərinin televiziya və internet məkanlarında canlı yayımda əhəmiyyətli dərəcədə artımı, bu məqsədlə dini, mədəni mərkəzlər və qurumlar, ruhanilər və məddahlar birgə işləməlidir.  Həmçinin dindarları evlərində və bənzər yerlərdə moizələri dinləməyə və əzadarlıq etməyə təşvq etməlidirlər.
2- Gecənin və ya günün müəyyən saatlarında ev məclislərinin keçirilməsi, yalnız o şəkildə ki ancaq ev əhli və evə gediş-gəlişi olan şəxslər olsun və canlı yayımlarda olan məclislərdə iştirak etsinlər, əzadarlıq olunsun.
Ancaq ümumi məclislərdə bütün gigiyena qaydalarına ciddi riayət edilməlidir. Bu iştirakçılar arasındakı sosial məsafə qorunmalı və koronavirusun yayılmasının qarşısını almaq üçün sanitar maskalar və digər cihazlardan istifadə edilməlidir.
Bu vəziyyətdə, müvafiq orqanların təyin etdiyi meyarlara bərabər olan iştirakçıların sayına kifayət etmək lazımdır ki, bu da təbii ki, qapalı və ya açıq havada keçirilən mərasimdən və virusun müxtəlif şəhərlərdə yayılma dərəcəsindən asılı olaraq dəyişir.
3-  Xüsusi mülkiyyətin toxunulmazlığını pozmamaqla və ölkədə mövcud qanunlara riayət edilməsi ilə Aşura rəmzlərinin geniş yayılması və qara bayraqlar, parçalar meydanlarda, küçələrdə, xiyabanlarda və digər ictimai məkanlarda qaldırılsın.
Əlbətdə ki, bu simvollara həmin İmamın böyük islahatçı hərəkatındakı İmam Hüseynin (ə) kəlamlarının və Kərbəla faciəsi ilə bağlı deyilən şeir və mətnlərin şah əsərlərinin daxil edilməsi məqsədəuyğundur.
Allah bu şəraitdə İmam Hüseyn (ə) matəmini və vacib hadisəni canlandıran hər kəsi müvəffəq etsin.
 
Ayətullah Şübeyri Zəncani pandemiya dövründə əzadarlıq mərasimlərində iştirakla bağlı sualın cavabında deyib:
“Əgər yoluxma ehtimalı belə varsa, iştirak etmək caiz deyildir”.
Məlum olduğu kimi, hətta Kərbəlada, imam Hüseynin hərəmində 10 günlük əzadarlıq mərasimləri və Aşura təziyədarlığının keçirilməməsi haqda qərar qəbul edilib. 
İcazə verilən ölkələrdə də ciddi karantin qaydalarına əməl etmək şərtilə bu məclislərin keçirilməsinə icazə verilib. Bu mümkün olmadığı təqdirdə, qadağalar tətbiq edilir.
 
Məsələn məşhur məddah Mahmud Kərimi öz hüseyniyyəsində qaydalara riayət etməyin mümkünsüzlüyünə görə əzadarlığın təxirə salındığını bildirib. 
Bizim məscidlərdə də eyni vəziyyətin olduğuna görə, bu il təziyyə məclislərinin keçirilməsi qeyri-mümkün görünür. 
Bir daha bildirmək istəyirəm ki, məscidlərin əziz inanclı insanların üzünə tezliklə açılmasını ən çox arzu edənlərdən biri də mənəm. Lakin çox sayda insanın toplaşdığı məkanlarda qaydalara əməl olunmasını təmin etmək mümkün olmadığına görə, öz mövqeyimi ifadə etdim. Vəziyyəti geniş izah etdim ki, mənə ünvanlanan sualları qismən də olsa, cavablandırım.
 
Bu ilki məhərrəmlikdə hansı addımların atılmasına gəlincə, dəyərli ruhanilərin bəzi təklifləri ilə razı olduğumu bildirirəm. Bunu da qeyd edim ki, Ramazan ayında olduğu kimi, bu ayda da canlı şəkildə xütbələrlə çıxış etmək və ayinləri icra etmək niyyətindəyik. Ümid edirik ki, bu vasitə ilə inanclı insanlarımızın mənəvi ehtiyaclarını qismən də olsa ödəyə biləcəyik. 
 
Allah bizi imam Hüseyndən(ə) ayrı salmasın!

İlahiyyatçı alim
Hacı Şahin Həsənli








Redaktorun seçimi