AzTU məzununun uğur hekayəsi

Hit: 975
AzTU məzununun uğur hekayəsi
İsa Xəlilov 1983-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti (AzTU)) “Mexanika” fakültəsini (indiki Maşınqayırma və robototexnika fakültəsi) fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində qazandığı nailiyyətlərə və universitetin ictimai işlərində fəal iştirak etdiyinə görə Lenin təqaüdçüsü olub. 1983-84-cü illərdə Bakı Məişət Kondisionerləri zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb.1984-cü ildə AzTU-nun "Maşın detalları və yükqaldıran-nəqliyyat maşınları" kafedrasına "Maşınşünaslıq" ixtisası üzrə aspiranturaya daxil olub. 1990-cı ildə "Dişli muftaların sistemli ehtimal hesabı alqoritminin yaradılması" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2013-cü ildə “Maşın intiqallarının sistemli analizi ilə muftaların seçilməsinin nəzəri əsaslarının işlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika üzrə elmlər doktoru adı alıb. 1987-91-ci illərdə AzTU-nun "Maşın detalları və yükqaldıran nəqliyyat maşınları" kafedrasında assistent, 1991-2013-cü illərdə isə həmin kafedrada dosent vəzifələrində çalışıb. 2013-15-ci illərdə “Maşın və mexanizmlər nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsini icra edib. 2015-ci ilin dekabr ayından həmin kafedranın professorudur. Bununla yanaşı 1990-92-ci illərdə universitetin "Robot texnikası" fakültəsində tədris işləri üzrə, 1993-98-ci illərdə isə elmi işlər üzrə dekan müavini vəzifələrində çalışıb. 2005-08–ci illərdə rektorun müşaviri vəzifəsini icra edib. 2008-ci ildən AzTU-nun tərbiyə işləri üzrə prorektorudur.
 
İsa Xəlilov 90-dan çox elmi-texniki və metodik əsərin, o cümlədən, bir monoqrafiyanın, üç dərsliyin, dörd dərs vəsaitinin, iyirmi elmi-metodik məcmuənin və iki texniki lüğət kitabının müəllifidir. 
 
1988-ci ildə Moskvada Bauman adına Ali Texniki Məktəbdə, Almaniya Federativ Respublikasının Akademik Mübadilələr İdarəsinin (DAAD) dəvəti ilə 1992-93-cü illərdə Boxum şəhərinin Ruhr Universitetində, 1997-98, 2003, 2006 və 2009-cu illərdə isə Karlsruhe Universitetində elmi və pedaqoji ixtisasartırma kursları keçib.1996-97-ci illərdə Carl Duisberg Cəmiyyətinin proqramı çərçivəsində sosial bazar iqtisadiyyatı şəraitində müəssisələrin yaradılması, idarə edilməsi kurslarını ən yüksək balla başa vuraraq, 1-ci dərəcəli diploma layiq görülüb. Bu proqram çərçivəsində dünyada ən böyük avtomobil zavodlarından biri olan Wört şəhərindəki Mercedes-Benz zavodunda avtomobillərin istehsalının texniki və iqtisadi təşkili, avtomatlaşdırılmış istehsal şəraitində müəssisələri idarə etmə təcrübəsi keçib. Universitetin elmi, tədris və ictimai işlərində fəal iştirak edir. AzTU-nun nəzdində fəaliyyət göstərən D 02.171 Dissertasiya Şurasının üzvü, universitetin “İnformasiyalaşdırma Şurası”nın sədridir. 2011-ci və 2015-ci illərdə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilib. Rus və alman dillərini bilir.








Redaktorun seçimi