Qeybət haqqında bilmədiklərimiz

Hit: 1620
Qeybət haqqında bilmədiklərimiz

HANSI HALLARDA BİRİNİN ARXASINCA DANIŞMAQ VƏ YA AYIBINI AÇMAQ QEYBƏT HESAB OLUNMUR?

Qeybət bir insanın arxasınca xoşuna gəlməyən şeyləri danışmaq olub, bir çox İslam alimi tərəfindən böyük günah hesab edilmişdir. Qeybət bir şəxsin xarici görkəmi, bədən quruluşu, əxlaqi keyfiyyətləri, qohumları, hətta yaşadığı evə, sürdüyü maşına kimi din və dünya işləri haqqında onun xoşuna gəlməyən sözləri, arxasınca danışmaqdır. 
Qeybət möminin şərəf və heysiyyətinə təcavüz, Allahın təqdirinə qismən etirazdır. Bunlardan savayı, ən dəyərli sərmayə olan vaxtı boş yerə sərf və israf etməkdir. 
 
Amma bəzi müstəsna hallar var ki, bu zaman qeybət hesab olunmur. Bunlar aşağıdakılardır:
 
1. MƏZLUMUN ƏLAQƏDAR YERLƏRDƏN HAQQINI İSTƏMƏSİ. Zülmə məruz qalmış şəxs, əlaqədar yerlərə gedərək: "Filankəs mənə filan haqsızlığı etdi" deyə şikayət etməsi qeybət deyil. 
 
2. BİR PİSLİYİN QARŞISINI ALMAQ VƏ YA PİS YOLDA OLAN BİR İNSANI DOĞRU YOLA YÖNƏLTMƏK MƏQSƏDİ İLƏ ŞİKAYƏT ETMƏK.
Bir insanın səlahiyyətli yerlərə müraciət edərək: "Filankəs filan pis işləri görür, ona mane olun!"-deyə tələbini ortaya qoyması qeybət deyil, əksinə günahı aradan qaldırmağa yönəlmiş xeyirli bir işdir. 
 
3. DİNİ BİR MƏSƏLƏ İLƏ ƏLAQƏDAR AİDİYYATI QURUMDAN FİKİR ÖYRƏNMƏK. Bir nəfərin müftinin (psixoloqun, vəkilin, ağsaqqalın) yanına gedib: "Filan adam mənə filan zülmü etdi. Bu sıxıntıdan necə yaxa qurtara bilərəm?"-deyib məsləhət istəməsi qeybət hesab olunmur. Ancaq alimlər bu və bu kimi hallarda ad çəkmədən sual verməyi daha məqsədəuyğun saymışlar. 
 
4. BAŞQALARINI EHTİMAL OLUNAN ZƏRƏRDƏN QORUMAQ ÜÇÜN XƏBƏRDAR ETMƏK. Bir pislik və zərərdən xəbərimiz varsa, insanları qorumaq məqsədi ilə onlara məlumat verməklə qeybət etmiş olmarıq. Çünki mömin lazım gələndə qardaşını tənbeh etməli və getdiyi yolun axırının yaxşı olmadığını deməlidir. 
 
5. AÇIQ-AŞKAR GÜNAH EDƏN ADAMLARIN İŞLƏDİYİ GÜNAHLAR BARƏSİNDƏ DANIŞMAQ. Bir kimsə açıq-aşkar şəkildə işlədiyi günaha görə peşman olub tövbə etmirsə, utanmadan da işlədiyi günaha bəraət qazandırmağa çalışırsa və bununla fəxr edirsə,  həmin şəxsin işlədiyi günahı camaata çatdırmaq qeybət hesab olunmur. 
 
6. LƏQƏBLƏ ÇAĞIRMAQ. Bəzi insanlar adları ilə deyil, hər hansı qüsurlarına görə ləqəblərlə tanınır. Məsələn: Kor, Topal, Çolaq və sair kimi. Əsas məsələ bu ləqəbləri təhqir məqsədi ilə deyil, tanıtmaq, fərqləndirmək üçün istifadə etməkdir. Ancaq gözəl ləqəblərə üstünlük vermək daha yaxşıdır

İlahiyyatçı
Anar Eyyubov








Redaktorun seçimi