Məscidlərimizin bağlı olmasının səbəblərindən biri də budur

Hit: 2539
Məscidlərimizin bağlı olmasının səbəblərindən biri də budur

MƏSCİDLƏR NƏ VAXT AÇILACAQ?

Mömin məsciddə sudakı balıq kimidir. Münafiq isə, məsciddə qəfəsdəki quş kimidir buyurulub. 
 
Məscid, Allaha ibadət edən kimsələrin səcdə məkanıdır.  
 
Məscid, qəlbin rahatlıq tapıb, Allaha hüzur və xüşu içində ibadət olunan yer deməkdir.
 
Məsciddə qılınan namaz, evdə qılınan namazdan 25 və ya 27 dərəcə üstündür. 
 
Məscidin fəziləti barədə  çox söz demək olar...
 
Amma görəsən bu gün  bizi müsəlman olaraq məscidlərin bağlı olması narahat edirmi? 
 
Qəlbi məscidə bağlı olanlardan başqa kimsə məscidlərin bağlı olub-olmaması ilə maraqlanmır belə...
Sadəcə hər namaz vaxtında azanın səsin eşitməklə kifayətlənib, məsciddə namazın qılınıb-qılınmamasından xəbərsiz olan MÜSƏLMANLAR da var.
Bəs görəsən niyə məscidlərimiz bağlıdır? Niyə Allah bizə məsciddə namaz qılmağı nəsib etmir? Bunun bir çox səbəbləri var. O səbəblərdən biri də; Allah-Təala  bütün möminlərin qardaş olub, (Hucurat-10),  hamının Allahın ipinə saralmağı (Ali-İmran 103) əmr etdiyi halda, bu gün bəzi möminlərdə nə qardaşlıqdan əsər-əlamət var, nə də Allahın ipinə sarılmaqdan.... Namaza başlarkən imamın: "Səflərinizi sıx və düzgün tutun" sözünə əməl edən və bir cərgədə namaza duran bəzi möminlərin səflərdə bədənləri bir-birinə sıx olsa da, qəlbləri bir-birlərindən çooox uzaqdır.
 
Allaha isə belə səf tutmaq lazım deyil. Namazda səfləri sıx tuturlar ki, araya şeytan girməsin. Halbuki, Şeytan nəinki səflərimizin arasına girmiş, hətta qəlblərimizin də arasına girib. Məscidlərimizin bağlı olmasının səbəblərindən biri də budur məncə.... 
Nə qədər ki, bir-birimizə bəyənməyib, Allahın ipinə sarılmayacağıq, öz firqəmizdən, öz məzhəbimizdən olanlardan savayı, başqa firqə və məzhəblərdən olanlara müsəlmana yaraşmayan adlar qoyacağıq,  onları müsəlman olaraq görməyib, yanımızdan uzaqlaşdırıb, firqələr, cərəyanlar yaradacağıq, o qədər də qəlblərimizdə bir-birimizə qarşı kin, aramızda düşmənçilik olacaq. Bu səbəbdən də nə ömrümüzün bərəkəti olacaq, nə müsəlman olaraq yaşamaqdan zövq alacağıq, nə də məscidlərimizdə namaz qılmaq bizə nəsib olacaq. Nəsib olsa belə, qəlbimizdə yanımızda namaza duran mömin qardaşımıza qarşı kin, nifrət olduğu üçün nə o namazdan zövq alacağıq, nə də məsciddə hüzur tapacağıq...
 
Musəlman əlindən və dilindən heç kimə zərər gəlməyən kimsə deməkdir. Müsəlman, Yaradandan ötrü, yaradılanı sevən kimsə deməkdir.  Gəlin Allahın ipinə sarılıb, qardaş olaq. Müsəlman qardaşımızda ayıb-qüsur axtarmayaq. Əgər bir müsəlman qardaşımızda ayıb-qüsur görürüksə, demək o ayıb-qüsur bizim özümüzdədir. Çünki, Peyğəmbərimiz (s.ə.s.):  "Mömin möminin güzgüsüdür" buyurub. İçimizdə bir-birimizə qarşı olan  kini-nifrəti ataq. İlk öncə qəlbimizi insanlara açıb, qəlbi məscid kimi təmiz və müqəddəs tutaq ki, Allah da bizə öz məscidini açsın. Yalnız bu zaman (məscid açılmasa belə) evdə, çöldə və ya hər hansı bir yerdə namaz qılsan belə, Allah bizə məsciddə namaz qılmış kimi savab verəcək və o qıldığımız namazı sanki məsciddə qılmış kimi hiss edəcəyik. 
 
ALAHIN SALAMI, RƏHMƏTİ, BƏRƏKƏTİ ÜZƏRİNİZƏ OLSUN.
 
İlahiyyatçı 
Anar Eyyubov








Redaktorun seçimi