250-dən çox gəncin iştirakı ilə onlayn forum keçirilib

Sabunçu Gənclər Evinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgətəşkilatçılığı ilə “Pandemiya və post pandemiya dövrünün biznesin inkişafına təsiri və sahibkarlıqda risklər və bazar təhlili”onlayn forumu keçirilib.
Faktor.az xəbər verir ki, ZOOM proqramı üzərindən onlayn keçirilən forumda 250-dən çox gənc iştirak edib.
Forumda spiker qismində-Beynəlxalq Nevita şirkətinin icraçı direktoru, Türkiyənin Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin Xarici İnkişaf Birliyinin sədri Yusuf Akbal, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İnnovasiya, tədris və konsaltinq departamentinin müdir müavini Rəşid Salıfov, TOBB İstanbul Gənc Təşəbbüskarlar Birliyinin idarə heyətinin sədr müavini, Türkiyənin Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin idarə heyətinin sədr müavini və Argecon korporativ konsaltinq şirkətinin ümumi koordinatoru Erdem Dereli çıxış ediblər.
“Pandemiya və post pandemiya dövrünün biznesin inkişafına təsiri və sahibkarlıqda risklər və bazar təhlili” forumu çərçivəsində pandemiyanın biznesə və onun inkişafına təsiri, pandemiya dövründə sahibkarlıqda risklər və bazar təhlili, post-pandemiya dövrünün biznesinin necə olacağı, elektron ticarət və xarici bazarlar haqqında danışılıb.
Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.


