BDU tələbələrinin imtahan prosesi ilə bağlı təəssüratları

Hit: 1105
BDU tələbələrinin imtahan prosesi ilə bağlı təəssüratları
Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində xüsusi karantin rejimi və məcburi sosial təcrid tədbirləri səbəbilə bir neçə ay ərzində, dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də təhsilin davamlılığında bir sıra çətinliklər yarandı. Bu müddət ərzində tədris imkanlarından səmərəli istifadə və planlaşdırılmış strategiya ilə tədrisin davamlılığının təmin olunması təhsilalanları böyük itkilərdən qoruya bildi. Pandemiya dövründə onlayn tədris tətbiq edilməyə başladı, bununla da istər orta, istərsə də ali təhsil ocaqlarında tədrisin davamlılığı uğurla həyata keçirildi. Təhsilin davamlılığına dövlət səviyyəsində bütün şərait yaradıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Microsoft” şirkətinin rəhbəri ilə onlayn görüşdə də distant təhsil sisteminin vacibliyini və ölkədə distant təhsil məsələsini xüsusi qeyd etdi.
 
Ölkəmizdə ali təhsilin flaqmanı Bakı Dövlət Universiteti (BDU) də  mövcüd vəziyyətə uyğun məqsədyönlü addımlar ataraq məsafədən təhsilin təşkili işində uğurlu fəaliyyət göstərdi. Pandemiya şəraitində təhsilin fasiləsizliyini təmin etmək ilk baxışda nə qədər çətin görünsə də, BDU ailəsi bu çətinlikdən də üzüağ çıxdı. Aparılan sistemli təşkilatçılıq sayəsində ilk olaraq Youtube kanalı vasitəsilə videodərslərin yayımı, daha sonra Zoom platforması üzərindən onlayn dərslərin təşkilinə dair tapşırıqlar verildi və Təhsil Nazirliyinin tövsiyəsi ilə “Microsoft Teams” proqramı üzərindən dərslərin və imtahanların təşkili müvəffəqiyyətlə baş tutdu.
 
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi olaraq biz də aparılan işlər, görülən tədbirlər, keçirilən dərslər və imtahanların təşkili haqqında tələbələrimizin təəssüratlarını dinlədik. BDU-nun bütün fakültələrində təhsil alan aktiv tələbələr bizimlə söhbətdə Universitetimizin pandemiya səbəbilə dərslərin dayandırılması və görülən təcili tədbirləri BDU tələbərinin təhsil almasına verdiyi dəyər və diqqət kimi qiymətləndirdilər. Məsafədən təhsil alan ilk tələbələr olaraq onlayn təhsil almaq üçün yaradılan şəraitə görə Universitet kollektivinə təşəkkür etdilər. Bildirdilər ki, hazırda dünyada və ölkəmizdə məsafədən təhsil sürətlə inkişaf etməkdədir. Mövcüd vəziyyət və olduğumuz məkandan asılı olmayaraq təhsil ala bilmək, sözün əsl mənasında, əla fürsətdir. Məsafədən təhsilin üstünlüyünü qeyd edən tələbələr mövcüd şəraitdə dərslərə və imtahanlara rahatlıqla çalışa bildiklərini dilə gətirdilər. Tələbələrimiz qeyd etdi ki, onlar üçün yaradılan onlayn təhsil böyük imkan və rahatlıq deməkdir. Uzaqdan təhsil proqramı  yaxşı fürsət olsa da, tezliklə doğma Universitetimizin auditoriyalarında dərslərə davam etmək həvəsində olduqlarını isə xüsusi vurğuladılar.
 
Hüquq fakültəsinin III kurs tələbəsi Mədinə Bağırova imtahanlara hazırlıq prosesinin yazılı imtahan sessiyasına hazırlıq prosesindən ciddi fərqlənmədiyini, ilk dəfə üçün mükəmməl təcrübə olduğunu dedi. Bildirdi ki, ənənəvi imtahandan fərqli olaraq  müəllimlə üz-üzə şifahi imtahan zamanı müəllimin səndən hansı cavabı istədiyini daha konkret daha dəqiq təyin edə bildik. Azərbaycanda onlayn imtahanların ilk dəfə keçirilməsinə baxmayaraq Bakı Dövlət Universitetinin bu işin öhdəsindən uğurla gəldiyini söylədi, BDU Elmi Şurasının tələbələr üçün böyük güzəştlər nəzərdə tutan qərarlar qəbul etməsini isə sevindirici hal kimi dəyərləndirdi.
 
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbəsi İbrahim Seyfullayevin fikrinə görə, sessiyanın uğurla yekunlaşması, imtahanların yüksək təşkili BDU rəhbərliyi və kollektivinin birgə əməyinin sayəsində həyata keçdi. Onlayn təhsil sisteminə adaptasiya dönəmində həm müəllimlərin, həm də Universitetdə fəaliyyət göstərən Psixoloji Yardım Sektorunun fəaliyyətinə toxunan İ.Seyfullayev Bakı Dövlət Universitetinin kollektivinə səmərəli fəaliyyətinə görə təşəkkür etdi.
 
Fizika fakültəsinin I kurs tələbəsi Musayeva Nəzrin pandemiyanın gətirdiyi narahatlığın təhsilalanlardan da yan keçmədiyini bildirdi. Universitet tərəfindən qəbul edilən qərarların, problemə verilən cəld reaksiyaların tələbələrin narahatlığını aradan qaldırdığını dedi. İmtahanların şəffaf keçirildiyini vurğulayan tələbə qiymətləndirmədə obyektivliyin maksimum qorunduğunu, bütün qərarların ədalətli və tələbəyönümlü olduğuna diqqət çəkdi. İmtahan sessiyası boyunca  başda rektor olmaqla bütün professor-müəllim heyətinin tələbələrin təhsilinin doğru istiqamətdə inkişafına göstərdikləri səylərdən danışdı. Rektor Elçin Babayevin “Əziz tələbələr, biz daim sizin yanınızdayıq” ifadəsinin tələbələrdə ruh yüksəkliyi yaratdığını xüsusi vurğuladı.
 
Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Nigar Vəliyeva tələbələr üçün ilk dəfə şifahi və onlayn keçirilən onlayn sessiyanın fəaliyyətini uğurlu qiymətləndirdi. İmtahan sessiyasında bütün fənlərdən 100(A) alaraq bu semestri də “əlaçı” olaraq başa vurduğunu deyən N.Vəliyeva, onlayn imtahanların onun üçün maraqlı təcrübə olduğunu bildirdi.  Müəllimlərinin imtahanda tələbələrini dəstəklədiyini, əsl motivasiya mənbəyi olduqlarını dilə gətirdi, onların hər birinə təşəkkürlərini çatdırdı.
 
Jurnalistika fakültəsinin I kurs tələbəsi Əsgər İsmayılov tələbələrin universitetdən kənarda olmalarına baxmayaraq, müəllimlərin nəzarətini, xüsusi qayğısını hiss etdiklərini dedi. Bildirdi ki, jurnalistin işi həm də texnologiya ilə bağlı olduğu üçün onlayn imtahanlar Jurnalistika fakültəsinin tələbələri üçün bir növ yaxşı fürsət və təcrübə oldu. Tələbələrin  dərslərə məsuliyyətlə yanaşdıqlarına görə imtahan sessiyasını  uğurla başa vurduqlarını söylədi. Ə.İsmayılov hər imtahan öncəsi professor Cahangir Məmmədlinin "Uşaqlar, bütün müəllimləriniz həmişə sizin yanınızdadır" deməsini müəllimlərinin hər zaman tələbələrini dəstəklədiklərinin sübutu kimi hesab etdiyini bildirdi. Qiymətləndirmənin hər bir tələbəni qane etdiyini, tələbələrin əksəriyyətinin imtahanlardan yüksək nəticələr əldə etdiyini dedi. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq müəllim-tələbə birliyi nəticəsində BDU ailəsinin bu sınaqdan da üzüağ çıxdığına diqqət çəkdi.
 
Tarix fakültəsinin III kurs tələbəsi Günel Əbdürrəhmənova bu semestrin hər bir tələbə üçün  yeni təcrübə olduğunu dedi. Universitet rəhbərliyinin, fakültə dekanının, dekan müavinlərinin imtahanlara qoşulduqlarını, daima imtahanların gedişi ilə maraqlandıqlarını müəllim-tələbə həmrəyliyi kimi qiymətləndirdi. Yaradılan şəraitə, aparılan uğurlu təhsil prosesinə görə BDU kollektivinə təşəkkür etməyi də özünə borc bildi.
 
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Hüseynov Mirməhəmməd bildirdi ki, imtahanlara hazırlaşarkən, müəllimləri müəyyən dərslərdən əlavə seminarlar təşkil edərək, imtahan sualları üzərində və çətinlik yaranan bölmələr üzrə əlavə mühazirələr, məsləhət saatları təşkil ediblər. İmtahan prosesində Universitet rəhbərliyi, dekanlığın nümayəndələri və Tələbə Nəzarət Qrupunun üzvləri imtahana qoşularaq tələbələrlə maraqlanıb. O, pandemiya dövründə universitet rəhbərliyinin qəbul etdiyi qərarların tələbələrin yaxşı nəticələr əldə etməyinə stimul verdiyini, BDU-nun isə onlayn təhsil sisteminə hazır oldğunu dedi.
 
Tələbələr pandemiya dövründə imtahanların yüksək səviyyədə təşkil olunması və imtahanlarla bağlı edilən müvafiq güzəştlərə görə BDU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 
 
 







Redaktorun seçimi