Təhsil Jurnalistləri Birliyi yeni Təhsil nazirini təbrik etdi - GÖZLƏNTİLƏR

Hit: 1157
Təhsil Jurnalistləri Birliyi yeni Təhsil nazirini təbrik etdi - GÖZLƏNTİLƏR
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasın Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
 
AzEdu.az Təhsil Jurnalistləri Birliyinin üzvləri arasında sorğu keçirərək bu təyinatın Azərbaycan təhsilinə nə dərəcədə səmərə verəcəyini, hansı istiqamətdə faydalı olacağı barəsində fikirlərini öyrənməyə çalışıb:
 
 “Azərbaycan müəllimi”  qəzetinin  əməkdaşı Niyazi Şərifsoy yeni Təhsil naziri ilə bağlı fikirlərini bölüşüb:
 
“Yeni təyin olunan Təhsil naziri Emin Əmrullayev gənc və ümid vəd edən təhsil işçilərindəndir. Azərbaycan təhsilinə nə dərəcədə səmərə verəcəyinə gəldikdə isə bunu zaman göstərəcək. Ancaq onu deyə bilərəm ki, xaricdə təhsil alması, təhsil sistemindəki iş təcrübəsi üstünlüklərindəndir. Təhsil sistemində sağlam, şəffav, demokratik mühit yaradacağını düşünürəm. Ümid edirəm ki, bu təyinat xalqımız və dövlətimiz üçün xeyirli, uğurlu olacaq. Xüsusilə, vurğulamaq istəyirəm ki,  əgər ölkə Prezidenti cənab İlham Əliyev Emin Əmrullayevə etimad göstərib onu yüksək vəzifəyə təyin edibsə, hər birimizin üzərinə düşən vəzifə ona dəstək olmaqdır”.
 
Modern.az saytının müxbiri Namidə Bingöl təhsil sahəsində hər zaman yeniliklərə ehtiyac olduğunu qeyd edib:
 
“Son illərə nəzər saldıqda Azərbaycan təhsilində bir neçə dəfə kadr dəyişikliyi edildiyi müşahidə olunub. Burada müsbət məqamlar çoxdur. Hər yeni gələn kadr özü ilə  potensial və enerji də gətirir.
 
Emin Əmrullayev təhsil sahəsinə və sisteminə yad insan deyil. Lakin hazırda tam əminliklə deyə bilmərəm ki, təhsildə hansı nailiyyətlər əldə olunacaq. Bunu zaman göstərəcək. Lakin Emin bəyin təhsilə yad adam olmaması və onun problemlərini bildiyi üçün hesab edirəm ki, bu sahədə müəyyən irəlləyişlər əldə olunacaq. O, uzun müddət Təhsil İnstitutunun direktoru oıub. Ümid edirəm ki, gənc olduğu qədər də perspektivlidi. Bu istiqamətdə, işlərini uğurla həyata keçirəcəyinə əminəm”.
 
APA informasiya agentliyinin əməkdaşı Günay Elşadqızı Emin Əmrullayevə fəaliyyətində uğurlar diləyir:
 
“Emin müəllimlə dəfələrlə Təhsil Nazirliyinin tədbirində qarşılaşmışıq və açıqlamalar almışam. İllərdir təhsil sahəsində çalışan insanın nazir təyin edilməsi ümidimizi çoxaldır. Məncə, Emin müəllim təhsildəki prioritetləri, hansı problemlərin olduğunu bilir və bunların həlli üçün çalışacağına inamım çoxdur. Bir də təbii ki, Nazirliyin mətbuatla əlaqəsinin daha da sıx olması və özünün də mətbuata açıq nazir olmasını arzulayıram”.
 
SalamNews İnformasiya Agentliyinin redaktoru Orxan Kərimov yeni təhsil naziri kimi Emin Əmrullayevin təyin olunmasını olduqca gözəl və düşünülmüş bir addım olaraq qiymətləndirir:
 
“Bildiyim qədər Emin Əmrullayev 2013-cü ildən təhsil sektorunda çalışır və bu sahənin peşakarlarından sayılır. Eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.
 
Emin Əmrullayev gənc, geniş biliyə sahib olması, həmçinin xaricdə təhsilə tam bələd olması onu deməyə əsas verir ki, Azərbaycanda təhsil sahəsində bir sıra yeniliklər, təhsilin inkişafı ilə bağlı maraqlı layihələr icra ediləcək. Ümid edirəm ki, təhsilin bütün sferalarında müsbət dinamika müşahidə olunacaq. Yeni nazirə bu işdə uğurlar arzu edirik”.
 
TED.az saytının  redaktoru Nicat Abdullayev  Emin Əmrullayevin təyinatının  təhsil sahəsində mütərəqqi dönüş yarada biləcəyini deyib:
 
“Yəqin ki, bu sahəni dərindən bilən biri kimi problemləri və onların həllini görür. Onun Təhsil Problemləri İnstitutuna təyinat aldığı zaman həmin müəssisədəki problemlər heç kimə sirr deyil. E.Əmrullayev qısa zaman ərzində TPIİ-ni ciddi təşkilata çevirə bildi. Halbuki, həmin vaxtlar haqlı olaraq mediada TPİ-nin ləğv olunacağı ilə bağlı silsilə analizlər dərc olunurdu. Azərbaycan təhsil sistemi son illər böyük yol qət edə bilib. Düşünürəm ki, yeni təyinat bu yolun uğurlu davamını və modernləşmiş təhsilimizə peşəkar yanaşmanı təmin edə bilər”.
 
Report informasiya agentliyinin əməkdaşı Səid Qərib ölkəmizdə təhsilin hər zaman tənqid olunan sahələrdən biri olduğunu deyib:
 
“Son illər təhsil sahəsində həyata keçirilən islahatlar isə bu sahənin inkişafına təkan verib. Amma düşünürəm ki, biz bu inkişafla kifayətlənməməliyik. Azərbaycan təhsilinin daha da inkişaf etdirilməsi üçün çalışmalıyıq.
 
Ümid edirəm ki, Emin Əmrullayev təyin olunduğu vəzifəni layiqincə icra edəcək və təhsilimizin inkişaf tempi daha da sürətlənəcək.
 
Təbii ki, nöqsanlar hər zaman olur, ona görə də əsas iş o nöqsanları aradan qaldırmaqdan ibarət olmalıdır.
 
Ümid edirik, yeni təhsil nazirimizin elə dünyanın müxtəlif ölkələrində aldığı təhsil və qazandığı təcrübə bu nöqsanların aradan qaldırılmasına imkan verəcək”.
 
 
“Ədalət” qəzetinin əməkdaşı Emin Piri Emin Əmrullayevlə bağlı fikirlərini bölüşüb:
 
“Yeni təyin olunan nazirlə başqalarına nisbətdə hər hansı tanışlığım yoxdur. Amma dostlardan eşitdiyim qədər yeniliyə açıq və təhsil içində olan biridir. Gənc olmasını da nəzərə alsaq, bu, əlavə imkanlar yaradır.
 
Əsas məsələlərdən biri  yeni qaydalar və qanunlar gətirilməsi deyil, oturuşmuş bir sistemə keçirilməsidir. Belə olan halda təhsil işçiləri də buna ayaqlaşmış olur. Yoxsa, hər il yeni qaydalar, yeni ləğvetmələr təhsilə əlavə problemlər yaşadır.
 
Ona uğurlar arzulayıram. Təhsilimizə uğurlu və xeyirli olsun”.
 
“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd yeni nazirin təcrübəsindən yararlanaraq Qərb təhsil sistemini Azərbaycan təhsilinə daha da inteqrasiya etricəcəyini düşünür: 
 
“Öncə, mən də yeni nazirimizi yeni vəzifəsi münasibəti ilə təbrik edirəm. Xüsusi  olaraq da Təhsil Nazirliyi kimi bir quruma gənc nazirin təyin edilməsi olduqca mühüm məsələdir. Bu ona dəlalət edir ki, cəmiyyətin lokomotivi olan təhsilimizdə də yeni pəncərələr açılacaq və bu pəncərələrin açılması olduqca  zəruridir. Biz bilirik ki, elə sabiq nazir Ceyhun Bayramovun dönəmində də Azərbaycan təhsil sistemində islahatların keçirilməsinə artıq başlanılmışdı.Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə uyğunlaşdırılması istiqamətində çox ciddi addımlar atılır, yeni qərarlar verilirdi. Mən inanıram ki, yeni nazirimiz də bu islahatların daha da dərinləşməsinə çalışacaq, bu istiqamətdə ciddi addımlar atılacaq.
 
Biz yeni nazirimizin tərcümeyi halına  nəzər yetirdikdə  görürük ki, Amerikada, Macarıstanda təhsil alıb, eyni zamanda Azərbaycan təhsil sistemində illərdir fəaliyyət göstərir. Bu o deməkdir ki, Avropa təhsil sisteminə bələddir. Bu halda Avropa təhsil sistemindən əldə etdiyi təcrübə sayəsində Qərb təhsil sistemini Azərbaycan təhsil sisteminə uyğunlaşdırmaq onun üçün asan olacaq.
 
Eyni zamanda  Prezident İlham Əliyev yeni nazirimiz videoformatda qəbul etdi, öz tapşırıqılarını bildirdi və onun qarşısına müəyyən öhdəliklər qoydu. 
 
Biz bilirik ki, bu gün dünyanın aparıcı ölkələrinin təhsil sistemində əsas məsələ universitetlərə dövlət büdcəsindən vəsaitin ayrılması deyil, cənab prezidentin də qeyd etdiyi kimi burada əsas məqsəd “qara qızılı” insan kapitalına çevirməkdir. Bildiyimiz kimi, dünyanın bir sıra aparıcı universitetlərin vəsaiti büdcə hesabına deyil, əksinə onlar büdcəyə illik ödəniş edirlər. Bu o deməkdir ki, artıq təhsil sistemi büdcənin formalaşmasına kömək göstərir. İnanıram ki, Azərbaycan təhsil sistemində də bu cür addımlar atılacaq.
 
Gördüyümüz kimi ölkəmizdə təhsil sistemi son zamanlarda  sürətlə inkişaf edir, yeni məktəblər inşa edilir. Xüsusi olaraq onu qeyd etmək istəyərdim ki, bu gün Azərbaycan təhsil sistemində istər alitəhsil, istərsə də peşə təhsili müəssisələrində əmək bazarında ehtiyac duyulan  yeni  ixtisasları təhsil sistemimizə gətirmək mümkün olacaq. Qeyd etdiyim kimi yeni nazirimiz  həm avropa, həm də Amerika təhsilinə bələd olduğu üçün  dünya bazarında ehtiyac duyulan  yeni  ixtisasların ali məktəblərdə, kolleclərdə, ümumiyyətlə Azərbaycan  təhsil  müəssisələrində  tətbiqi məsələsinə yenidən baxılacaq”.
 
 AzEdu.az təhsil portalının baş redaktoru Elmin Nuri yeni nazir təyinatının Azərbaycan təhsilinin bir çox istiqamətlərini inkişaf etdirəcəyini düşünür:
 
"Yeni nazir Emin Əmrullayev təhsilə  bütün ruhu ilə bağlı olan şəxsdir. Bunu həm Təhsil Nazirliyinin şöbə müdiri, həm də Təhsil İnstitutunun direktoru olarkən təsdiqləyib. Qərb təhsil sisteminin metodiki və tətbiqi tərəflərini,  təhsilin menecmentlik və idarəsini nəzəri və təcrübi olaraq dərindən bilən peşəkar idarəçi, menecerdir. Mən bunları şöbə müdiri və institut direktoru olaraq bir-birindən faydalı layihələrə imza atan Emin Əmrullayev barəsində danışarkən qeyd edirəm. İnanırıq ki, bir müddət sonra nazir Emin Əmrullayev haqqında danışarkən də bu cür vacib müsbət məqamları sadalayacağıq.
 
E. Əmrullayev özündən əvvəlki iki nazir dövründə təhsil idarəetməsində aktiv iştirak edib. Bu gün təhsilimizdə yenilik və təzə nəfəs sayılan bir çox layihələr onun və rəhbərlik etdiyi komandasının payına düşür. Biz təhsil jurnalistləri olaraq, dəfələrlə həmin yeniliklərdən yazmış, onların təhsil sistemimizə faydalarını vurğulamış, lakin  əsas ideya və icraedici qüvvəsinin Emin Əmrullayev və komandasının olduğunu bilməmişik. Xüsusən də Qərb təhsili ilə inteqrasiya sayılacaq bir çox proqram və layihələrdə Azərbaycan tərəfinin, Təhsil Nazirliyinin əsas nümayəndələrindən biri məhz Emin Əmrullayev olub. 
 
Bir təhsil jurnalisti kimi Emin Əmrullayevin indiyəqədərki işləri barəsində çox danışa, bir çox faktları sadalaya bilərəm. Lakin onlar artıq keçmişdir, bizi isə nazir Emin Əmrullayev hansı işləri görəcək, təhsil adına hansı yenilikləri edəcək sualı düşündürür. Şəxsən, mənim buna qəti şübhəm yoxdur ki, tezliklə təhsilimizdə, müxtəlif istiqamətlərdə bir çox yeniliklər olacaq". 







Redaktorun seçimi