Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib - FOTOLAR

Hit: 1116
Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Suyun nə dərəcədə əhəmiyyətli olduğunu artıq bütün dünya bilir, görür və biz də bu sahədə vaxt itirməməliyik. Biz vaxtı qabaqlamalıyıq, gördüyümüz işləri elə qurmalıyıq ki, ölkəmiz üçün, əhali üçün lazım olan bütün infrastrukturu yaradaq”. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi kimi yaşayış məntəqələrinin içməli su təminatı mühüm yer tutur. Çünki keyfiyyətli içməli su ilə təchizat həm də sağlam həyat deməkdir. Bu tədbirlər Şərur rayonunda da uğurla davam etdirilir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Faktor.az-a bildirilib ki, iyulun 24-də Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
 
Əvvəlcə Arpaçay subölücüsündə yeni tikilmiş qalereyaya baxış olub. Məlumat verilib ki, “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə əsasən tikilmiş qalereya Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə eni 1,3, hündürlüyü 2, uzunluğu isə 134 metrdir. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir. Qalereyadan su anbarına qədər diametri 900 millimetr olan plastik borularla 1500 metr xətt çəkilib, üzərində 2 suboşaldıcı tikilib. Su anbarlarından Şərur şəhərinə qədər isə 9,5 kilometr uzunluğunda plastik boru xətti çəkilib. Arpaçay subölücüsünün ətrafında metal tordan 3200 metr uzunluğunda hasar çəkilib, 14 videonəzarət kamerası quraşdırılıb.
 
Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi barədə məlumat verən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev deyib ki, layihə üzrə tikinti işlərinə 2012-ci ildə başlanılıb, bugünədək Şərur şəhəri və ətraf 4 kənddə - Mahmudkənd, Yengicə, Zeyvə və Düdəngədə içməli su şəbəkəsi, Şərur şəhərində həm də kanalizasiya şəbəkəsi tikilib. Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin tikintisinə 2019-cu ilin fevral ayında başlanılıb. 2 hektar ərazidə yerləşən kompleksdə sahəsi 700 kvadratmetr olan sutəmizləyici qurğu, gözətçi binaları, hər birinin tutumu 400 kubmetr olan 2 xam, ümumi tutumu 27 min 500 kubmetr olan 3 təmiz su anbarı yerləşir. Sutəmizləyici qurğu binasında idarəetmə, elektrik təchizatı otaqları, anbar və yeməkxana vardır.
 
Arpaçay subölücüsündə tikilmiş qalereyadan kompleksə daxil olan su Almaniya istehsalı olan ozon qurğusu vasitəsilə dezinfeksiya olunaraq xam su anbarlarına ötürülür. Xam su anbarlarına ötürülmüş suyun təmizlənməsi İsveçrə və Türkiyə istehsalı olan 3 mərhələli filtr qurğuları vasitəsilə həyata keçirilir. Mexaniki filtrlərə daxil olan su 100, sonrakı mərhələdə torba filtrlərdə 10, kartric filtrlərdə isə 1 mikrona qədər təmizlənir. Filtr qurğularında təmizlənmiş suya natrium hipoxlorid vurulduqdan sonra təmiz su anbarına yığılır və öz axını ilə şəbəkəyə verilir.
 
Sutəmizləyici qurğu gün ərzində 20 min 400 kubmetr və ya saniyədə 236 litr su təmizləmə gücünə malikdir. Binada İtaliya istehsalı olan avadanlıqlarla təchiz olunmuş 5 xətt quraşdırılıb. Gələcəkdə tələbatın artması nəzərə alınaraq sutəmizləyici qurğuda əlavə 2 xəttin yaradılması üçün ehtiyat yer ayrılıb. Baş verə biləcək fövqəladə hal zamanı ozonlaşmış suyun xam su anbarına daxil olmadan ehtiyat xətlə təmiz su anbarlarına ötürülməsi nəzərdə tutulub. İş prosesi tam avtomatlaşdırılıb. Su anbarlarının səviyyəsinə, suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə otağında quraşdırılmış kompüterlə nəzarət olunur.
 
Ali Məclisin Sədri sutəmizləyici qurğunu işə salıb.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi münasibətilə istifadəçiləri təbrik edərək deyib: Bu gün dünyanın qarşısında duran problemlərdən biri də təmiz su təminatıdır. Hər bir ölkə içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsində su ehtiyatlarından qənaətlə istifadə etməlidir. Ölkəmizdə bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Vaxtilə Bakı şəhərinə Şollar suyunun çəkilməsi, keçmiş Sovetlər Birliyi dövründə isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu məsələnin diqqətdə saxlanılması, həyata keçirilən tədbirlər bu gün ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının su təminatında ciddi dönüş yaratmışdır. Ötən əsrin 70-ci illərində Şərur rayonunda Arpaçay Su Anbarı, eləcə də ölkəmizdə yeni su anbarları və kanalları tikilmiş, subartezian quyuları qazılıb istifadəyə verilmişdir. Müstəqillik illərində də Ulu Öndərin rəhbərliyi ilə bu işlər davam etdirilmişdir.
 
Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin yolu uğurla davam etdirilir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq şəhər, rayon və kəndlərdə içməli və təsərrüfat suları ilə təminat sahəsində mühüm işlər görülür. Muxtar respublikamızda da bu məsələ diqqətdə saxlanılmış, dövlət proqramında nəzərdə tutulmuş vəsait hesabına Şərur şəhəri və ətraf kəndlərdə 2012-ci ildən etibarən yeni içməli su sistemlərinin qurulmasına başlanılmışdır. Şərur şəhərində, eləcə də Mahmudkənd, Zeyvə, Düdəngə, Cəlilkənd və Yengicə kəndlərində 240 kilometrə yaxın içməli su, 50 kilometrə yaxın kanalizasiya xətləri çəkilmiş, ümumilikdə, 30 minə yaxın əhali təmiz və tam standartlara cavab verən su ilə təmin olunmuşdur. Layihə çərçivəsində yeni sutəmizləyici qurğu da inşa olunmuşdur. Burada su ozonla təmizləndikdən sonra mexaniki, torba və katriç filtirlərindən keçirilərək anbarlara yığılır və oradan öz axını ilə şəbəkəyə ötürülür.
 
“Bu ərazilərdə əhalinin içməli su təminatında daim çətinliklər olmuşdur. Ona görə də kollektiv tikilənlərdən səmərəli istifadə etməli, onları qorumalı, sutəmizləyici qurğu saz vəziyyətdə saxlanılmalıdır. Bilməlisiniz ki, 30 minə yaxın insanın su təminatı sizin gündəlik əməyinizin nəticəsində mümkün olacaqdır”, - deyən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, ərazidə yaşıllıqların salınması barədə tapşırıqlar verib.
 
Cəlilkənddə içməli su şəbəkəsi qurulub
 
“Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində rayonun Cəlilkəndində də yeni içməli su şəbəkəsi qurulub.
 
İyulun 24-də kənddə içməli su şəbəkəsinin açılışı olub.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
 
Məlumat verilib ki, Cəlilkənddə içməli su şəbəkəsinin tikintisinə 2019-cu ilin noyabr ayında başlanılıb. Su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə verilir. Layihəyə uyğun olaraq ərazidə diametri 25 millimetrdən 280 millimetrə qədər olan plastik borularla 18,3 kilometr içməli su xətti çəkilib, ev birləşmələri aparılıb, 342 evə su verilərək sayğac quraşdırılıb, 2222 sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Su şəbəkəsi üzərində 5 yanğın hidrantı, qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlif diametrli 26 siyirtmə və 2 suboşaldıcı quraşdırılıb.
 
Yerin relyefindən asılı olaraq mənzillərə su 2-5 bar arası təzyiqlə verilir. Layihə çərçivəsində Şərur şəhəri və ətraf 5 kənd - Mahmudkənd, Yengicə, Zeyvə, Düdəngə və Cəlilkənd üzrə, ümumilikdə, 4906 ev və 170 müəssisə su şəbəkəsinə qoşulub, sakinlər Beynəlxalq Səhiyyə Təşkilatının tələblərinə cavab verən təmiz içməli su ilə təmin olunublar.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Hər bir yaşayış məntəqəsinin su təminatının yaxşılaşdırılması vacib məsələdir. Su haradadırsa, həyat, sağlamlıq və təmizlik də oradadır. Ölkəmizdə qəbul olunmuş dövlət proqramlarının tərkib hissəsi kimi muxtar respublikamızda da əhalinin içməli və təsərrüfat suyu ilə təminatı diqqətdə saxlanılır. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilən bu işlər böyük əhəmiyyət daşıyır. Çünki dayanıqlı su təminatı əhalinin sosial problemlərinin həll olunması sahəsində görülən vacib işlərdəndir. “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə uyğun olaraq həyata keçirilmiş tədbirlər Cəlilkənddə də içməli su problemini həll etmişdir. Kənddə müxtəlif diametrli borularla ümumi uzunluğu 18 kilometrdən artıq olan su xətti çəkilmiş, 340-dan çox abonentlə müqavilə bağlanmışdır.
 
Ali Məclisin Sədri deyib: Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksində 4 mərhələdə təmizlənən və yüksək standartlara cavab verən içməli su Şərur şəhərində və ətraf kəndlərində uzun illər əhalinin tələbatını ödəyəcəkdir. Cəlilkəndin 2200-dən artıq əhalisi tam standartlara cavab verən sudan istifadə edəcəkdir. Eyni zamanda gələcəkdə rayonun digər kəndlərində də bu layihə həyata keçiriləcəkdir. Ona görə də sudan qənaətlə istifadə olunmalıdır. Çünki hər bir evə suyun çatdırılması üçün böyük zəhmət çəkilib, ən müasir sistem qurulub. Sutəmizləyici Qurğular Kompleksindən su elektrik enerjisi istifadə olunmadan Şərur şəhərinə və ətraf 5 kəndə verilir.
 
Ali Məclisin Sədri deyib: Cəlilkənd ziyalılar kəndidir. Şərur rayonunda ilk məktəb və kitabxana burada yaradılıb. Rayon ərazisindəki yeganə buzxana abidəsi də Cəlilkənddədir. Kəndin qədim tarixi və zəhmətkeş insanları vardır. Ona görə kəndin inkişafı mərhələ-mərhələ həyata keçirilib, insanların rahat yaşayışı üçün şərait yaradılıb. İçməli su təminatı da sakinlərin uzun illər çəkdiyi əziyyətə son qoyub.
 
Ali Məclisin Sədri sakinlərə təbriklərini çatdırıb, içməli su şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür edib.
 
Kənd ağsaqqalı Namiq Hüseynov deyib: “Dünyanı bürüyən pandemiya dövründə respublikamızda quruculuq işləri öz axarında davam edir və hər tərəf günü-gündən gözəlləşir. Bir neçə il bundan əvvəl Cəlilkənddə gözəl, yaraşıqlı məktəb binası, həkim ambulatoriyası, mədəniyyət evi, muzey, kənd və xidmət mərkəzi tikilərək sakinlərin istifadəsinə verilib. XIX əsrə aid Buzxana abidəsi yenidən qurulub. Təbii qaz və elektrik xətləri yenilənib, geniş asfalt yol salınıb. Yaradılan şəraitdən istifadə edərək kəndimizin zəhmətkeşləri torpaqlarını əkir, təsərrüfatlarını genişləndirir, muxtar respublikada məhsul bolluğuna öz töhfələrini verirlər. Bizim ancaq bir problemimiz var idi. Bu da içməli suyun olmaması idi. Sizin böyük təşəbbüsünüz, diqqət və qayğınız sayəsində tez bir zamanda bu problem aradan qaldırıldı. Kəndə içməli su xətti çəkildi. İndi çox sevinirik ki, kəndimiz 24 saat davamlı, Dünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin olunub. Göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə kənd əhalisi adından minnətdarlıq edirik”.
 
Ali Məclisin Sədri içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb, Şərur rayonunun Sərxanlı kəndində içməli su şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.
1
1
1
1
1
1
1








Redaktorun seçimi