Qida təhlükəsizliyi sahəsində risklərin təhlili qaydaları hazırlanıb

Hit: 591
Qida təhlükəsizliyi sahəsində risklərin təhlili qaydaları hazırlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi sahəsində elmi sübutlara əsaslanan risklərin təhlili sistemi formalaşdırılmaqla "Qida təhlükəsizliyi sahəsində risklərin təhlili Qaydaları" hazırlayıb.
 
AQTA-dan Faktor.az-a verilən məlumata görə, qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektləri ilə bağlı mövcud vəziyyət araşdırılıb, bu sahədə problemlərin müəyyənləşdirilməsi ilə bağlı işlər görülüb.
 
Həmin nəzarət obyektlərində müəyyən edilmiş problemlərin obyektiv qiymətləndirilməsi üçün qida təhlükəsizliyi problemləri, heyvan sağlamlığına aid xəstəliklər və bitki sağlamlığına aid zərərvericilər üzrə 15 risk profili hazırlanıb.
 
Eyni zamanda qida təhlükəsizliyi sahəsində 329 sayda referens metod beynəlxalq və yerli standartların tələbləri əsasında akkreditasiya edilib.
 
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 1 saylı filialı qida məhsullarının fiziki-kimyəvi, mikrobioloji və toksikoloji sınaqlarının həyata keçirilməsi, mənşəyinin təyini və GMO qalıqlarının aşkar edilməsi üçün Azərbaycan Akkreditasiya Mərkəzində akkreditasiyadan keçirilib.
 
Agentliyin aparatı və regional bölmələrin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə bir sıra tədbirlər icra edilib. Gəncə və Mingəçevir təlim mərkəzlərinin maddi-texniki təchizatının möhkəmləndirilməsi üçün müvafiq icraçı şirkətlə müqavilələr imzalanıb.
 
Bundan başqa, heyvan kəsimi məntəqələri və ticarət obyektlərində (bazarlarda, yarmarkalarda və s.) mövcud olan qida təhlükəsizliyinə nəzarət məntəqələrinin diaqnostikası aparılıb, onlar optimallaşdırılıb və modernləşdirilib. Bəzi məntəqələr ləğv edilib və yeniləri yaradılıb.








Redaktorun seçimi