İctimai-siyasi xadimlər AzTV-nin fəaliyyətini qiymətləndiriblər

Hit: 913
İctimai-siyasi xadimlər AzTV-nin fəaliyyətini qiymətləndiriblər

Növbəti televiziya mövsümü sona çatır. COVİD-19 bütün sahələrə olduğu kimi, teleməkana da təsirsiz ötüşməyib.

Faktor.az-ın məlumatına görə, bu təsir özünü televiziyalara münasibətdə də göstərib. Sosial medianın dominantlığının artdığı indiki şəraitdə pandemiya yeni tendensiyanı ortaya çıxarıb – daha çox sosial şəbəkələrdən məlumat almağa üstünlik verən izləyici, oxucu yenidən ekran qarşısına qayıdıb, televiziyanı daha ciddi xəbər mənbəyi kimi qəbul edib.

Azərbaycan Televiziyası (AzTV) üçün də gərgin bir mövsüm geridə qalıb. Bəs ictimai fikir nədən ibarətdir – ana televiziya adlandırılan AzTV öz işinin öhdəsindən nə qədər gələ bildi? Tanınmış ictimaiyyət nümayəndələri növbəti mövsümdə telekanaldan nələr gözləyirlər?

Sorğuda iştirak edən Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, Azərbaycan Televiziyası son 1-2 ildə, hətta heç bir televiziyada olmadığı qədər yeniliklərə imza atıb: “Xüsusilə maarifləndirici proqramları - “Hədəf”, “Çıxışa doğru” kimi verilişləri qeyd edə bilərəm. Televiziyanın yeni formatları nümunə yaradır. Maarifçilik pandemiya dövründə çox əhəmiyyətlidir. AzTV bu baxımdan infodemiyaya şərait yaratmaması ilə seçilir.

İnanıram ki, son mövsümdə yenilikləri ilə teleməkanda iz buraxan AzTV bu istiqamətdə işini davam etdirəcək. İnternet telekanalların göbələk kimi artdığı indiki şəraitdə xaricdən Azərbaycana qarşı yönəlmiş informasiya təzyiqində AzTV-nin əks-cəbhə kimi rolu olduqca vacibdir”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı qeyd edib ki, Azərbaycan Televiziyasında cüzi də olsa, dəyişiklik hiss edir. Onun sözlərinə görə, müəyyən çalışmalar, cəhdlər var: “Ancaq gözləntilərim ondan ibarətdir ki, plüralizm təmin olunsun, televiziya daha cəsarətli olsun. Başa düşürəm, AzTV dövlət televiziyasıdır. Amma yuxarılardan gələn direktivləri olduğu kimi tətbiq etmək olmaz, jurnalist bu işi bildiyi kimi – peşəkar etməlidir. Televiziya hər şeyin gözəl olduğunu göstərmək üçün deyil. Televiziyanın fəaliyyəti həqiqəti bilmək və doğru qərarlar qəbul etmək baxımından idarəçilərə də kömək etməlidir. AzTV-dən növbəti mövsümdə daha cəsarətli və rəngarəng olmağı gözləyirəm”.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu deyib ki, çoxillik, zəngin efir ənənələri olan Azərbaycan Televiziyası son dövrlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymağı bacarıb. O vurğulayıb ki, bu mərhələ üslub fərqi, yeni yanaşma tərzi, hadisələri obyektiv təqdim etmə forması ilə eyni zamanda, informasiya istehlakçısının zövqünü təmin etməklə seçilir: “Düşünürəm ki, bu, Azərbaycanın ən böyük auditoriyaya malik olan kanallardan birinin əldə etdiyi ciddi nailiyyətdir. AzTV həm əyləncə və şou proqramlarında yeni keyfiyyət mərhələsinə keçdi, həm də xəbər və analitik veriliş siyasətində xeyli dəyişikliklər əldə edə bildi. Eyni zamanda, bu böyük kollektivin gəncləşməsi prosesini, yeni çağırışlara uyğunlaşmasının şahidi oluruq ki, bütün bunlar tamaşaçının da diqqətindən yayınmır. Əminəm ki, bundan sonrakı mərhələdə də Azərbaycan Televiziyası daha böyük uğurlara imza atacaq”.

Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, Azərbaycan Televiziyası bu mövsümdə də çox sayda ilklərə imza atıb, böyük bir tamaşaçı auditoriyasını ekran qarşısına cəlb edib: “AzTV bu mövsümdə həm də fədakarlıq nümayiş etdirdi – bütün dünyanı silkələyən COVİD-19 pandemiyası şəraitində bu bəladan maksimum az itki ilə çıxmağımız üçün səfərbər olan, atdığı addımlarla vətəndaşın yanında olan Azərbaycan dövlətinin, dövlət başçısı İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq, günün 24 saatı vətəndaşları məlumatlandırmaq və maarifləndirmək üçün bütün komandası ayaq üstdə qaldı, dövlətimizin, xalqımızın yanında oldular. Həkimlərimiz, polislərimiz kimi mətbuatımız, televiziyamız da bu aylarda qəhrəmanlıq göstərdi”.

Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli qeyd edib ki, televiziya məkanında gedən dinamik proseslər AzTV-də də hiss olunur: “Yaxşı haldır ki, efirdə açıq müzakirələr də aparılır. Ancaq bu müzakirələrin sərhədlərinin genişlənməsini, azadlıq və sərbəstliyin artırılmasını arzu edirəm. Nəzərə almaq lazımdır ki, cəmiyyət yarımçıq həqiqəti qəbul etmir. Əlbəttə, AzTV-də inkişaf var, ancaq nöqsanlar da var. Tezliklə televiziyanın bu nöqsanlardan azad olunmasını istərdim”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun sözlərinə görə, ölkəmiz üçün ağır dönəm sayılan karantin günlərində AzTV mötəbər və dürüst informasiya qaynağına çevrilib, insanlarımızın istinad nöqtələrindən biri olmağı bacarıb: “Canlı skayp bağlantıları, aktual mövzulara dair açıq müzakirələr, peşəkarlığın ön plana keçirilməsi bu televiziyaya, onun efirinə marağı artırdı. Efirdə əvvəlki kimi monotonluq yoxdur. Ölkənin bütün siyasi spektri, bütün fikir cərəyanlarının təmsilçiləri burada özünü ifadə imkanı əldə edib. Bu, böyük uğur və lazımlı istiqamətdir. Gələcək üçün AzTV-dən canlı yayım konseptindəki verilişlərin sayını artırmağı gözləyirəm. Bir də cəmiyyətdəki rəy liderlərinin AzTV efirində tez-tez görünməsini, onların iştirakı ilə "açıq oturum", müzakirə janrında proqramların hazırlanmasını arzulayıram”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu qeyd edib ki, son mövsümdə Azərbaycan Televiziyası həm auditoriyasını genişləndirə bilib, həm də reytinqini yüksəldib. Onun sözlərinə görə, televiziyanın yayımladığı bir çox ictimai-siyasi proqramlar trenddə birinci yerdə olub: “Bu, son bir neçə ilin ən ən yüksək göstəricisi hesab oluna bilər. Ümumiyyətlə, AzTV-də son dövrlərdə peşəkarlıq, keyfiyyət baxımından edilən dəyişikliklər göz qabağındadır. Mənə elə gəlir ki, heç kim bunu mübahisə predmetinə çevirə bilməz. Televiziyanın əməkdaşlarına bu yolda uğurlar arzu edirəm, inanıram ki, gələn mövsümdə də analitik, sosial-siyasi məzmunlu, maraqlı verilişlərin, tok-şouların sayı daha çox olacaq. Televiziyanın başlıca funksiyalarından biri də cəmiyyəti maarifləndirməkdir. Böyük tarixi inkişaf yolu keçmiş, məktəb ənənəsi olan Azərbaycan Televiziyasının rolu bu baxımdan çox böyükdür. Son dövrlərdə bu məzmunda dəyişikliklərin şahidiyik”.

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli bildirib ki, AzTV-ni bir media hüquq eksperti olaraq illərdir izləyir, monitorinq edir. Ekpert qeyd edib ki, televiziyalar hüquqa uyğun və media standartlarına, habelə etikasına ciddi əməl edərək efirdə olmalıdır: “AzTV bu standartları gözləmədən sistemli şəkildə sadəcə rəsmi məlumatları və rəsmi tərəfin təşviqatını efirə verirdi və cəmiyyətin maraqlarını təmsil edən tərəflərin balanslı iştirakı yox idi. Son dönəmlər bu baxımdan dəyişim hiss edilir. Aktual məsələlər canlı proqramlarda müzakirəyə çıxarılır və cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslərin mövqelərinə də yer verilir. Gözləntim budur ki, AzTV bundan sonra hətta fərqli siyasi tərəflərin də görüşlərinə yer versin və aktual məsələlərdə iqtidara münasibətindən aslı olmayaraq hər görüşə yer ayırsın. Təsisçisi dövlət olsa da, o, bütün cəmiyyətin TV-si olmağa cəhd etsin və olsun!”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, əvvəlki dövrlərdə verilişlərdə müşayiət olunan durğunluq ruhu aradan qalxıb: “Maraqlı tərəflərin iştirakı ilə canlı verilişlərin təşkili yeni tendensiyadır. Hesab edirəm ki, yeni cəlb olunmuş kadrlar, dinamika AzTV-nin imicini müsbət istiqamətdə xeyli dəyişdirib. Əlbəttə, demək olmaz ki, AzTV tam olaraq dəyişib və rəqabətədavamlı, nəhəng informasiya resursuna çevrilib – bu, tez olardı. Arzu edirəm ki, bu televiziya xarici telekanllarla rəqabət apara biləcək səviyyəyə gəlib çatsın. Bu gün dünyada qlobal informasiya savaşı gedir və düşünürəm ki, televiziya öz imkanlarından, ona ayrılan dövlət qayğısından istifadə edərək, rəqabətqabiliyyətli informasiya resursuna çevrilə bilər”.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, AZTV-də aparılan islahatlar kanalda həm məzmun, həm də vizual baxımdan müsbət keyfiyyət dəyişikliklərinə gətirib çıxarıb: "AZTV-nin ictimaiyyət, vətəndaş cəmiyyəti və ekspert icması üçün qapılarını açması, daha geniş auditoriyaya xitab etməyə can atmasını yüksək qiymətləndirirəm. Mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, musiqimiz, teatr sənətimzlə bağlı yeniliklər, keçmiş təcrübə ilə əlaqədar AZTV çox yüksək peşəkarlıqla verilişlər, sənədli filimlər hazırlayır. COVİD-19-la mübarizə çərçivəsində kanal maarifləndirmə, əhalinin obyektiv məlumatlandırılması üçün çox çalışır. Yaxın perspektiv üçün izləyiclərə fərqli nöqteyi-nəzərləri əks etdirən fikir mübadiləsi, diskusiyalara daha geniş yer verən talk-şou tipli verilişlər hazırlanmasını zəruri hesab edirəm. Həmçinin xəbər xidmətinin daha geniş spektri əhatə etməsini arzulayıram”.

Xalq yazıçısı Çingiz Abdullayev vurğulayıb ki, son bir ildə hamı AzTV-də böyük dəyişikliklərin şahididir. Onun sözlərinə görə, çox maraqlı, təcrübəli, gənc insanlar kanala gəlib: “Görürük ki, dəyişməyə çalışırlar və nail olurlar. Arzu edirəm ki, bundan da böyük zirvələrə qalxsınlar. Özüm “Ağ&Qara”nın, “Bakı Nadejda ilə” verilişlərinin qonağı olmuşam. Tezliklə koronavirus problemi yer üzündən yoxa çıxsın, biz də qayıdaq əvvəlki həyatımıza. Proqramlarımızda ürəkaçan mövzulardan danışaq, koronavirus statistikası verməyək”.

Yazıçı, “Bakı Kitab Mərkəzi”nin rəhbəri Günel Anarqızı bildirib ki, AzTV yaxşılığa doğru dəyişib, son zamanlar daha çox yeniliklər, kreativ yanaşma, ümumilikdə yaradıcı yanaşma qabarıq şəkildə gözə çarpır: “Bu, yeni rəhbər, yeni menecmentin uğurudur. AzTV hələ inkişaf edəcək, müsbət dəyişiklər görəcəyik”.

Xalq artisti Mənsum İbrahimov deyib ki, AzTV-nin hər zaman milli-mənəvi dəyərlərə yüksək qiymət verən peşəkar komandası var: “AzTV ailəmlə birgə oturub rahat şəkildə baxa biləcəyim bir televiziyadır. Yeniliklər də göz qabağındadır. Həm də Bədii Şuranın üzvü kimi deyə bilərəm ki, AzTV gözümüzün qabağında hər gün dəyişməkdədir. Təbii ki, hər şey birdən-birə ideal ola bilməz. Hələ ki, çatışmayan detallar da var. Karantin dövründə çox operativ çalışmaları xüsusi diqqətə layiqdir”.

Xalq artisti Nurəddin Mehdixanlının sözlərinə görə, bu gün Azərbaycanda ciddi dəyişikliklər, islahatlar baş verir. Bu, təbii ki, Azərbaycanın dövlət olaraq daha möhkəmlənməsinə xidmət edən islahatlardır: “Könül istərdi ki, bunlar davam etsin. Həmin islahatlar, həmçinin, Azərbaycan teleməkanında da gedir. O cümlədən də bizim ilk TV – AzTV-nin fəaliyyətində də ciddi dəyişikliklər baş verir və bu, bizi sevindirir. Mən bir sənət adamıyam və mənim üçün bu sahədə görülən işlər çox maraqlıdır”.

“Yuğ” teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə bildirib ki, son zamanlar Azərbaycan Televiziyası öz böyük və uğurlu dəyişiklikləri, yeni təqdimatları, gündəmin əsas (istər siyasi, istər sosial, istərsə də mədəni) hadisələrinə kreativ baxışları ilə son 10 ildə ilk dəfə diqqəti bu qədər özünə cəm edə bilib: “Sanki illərdir baxmağı arzulamadığımız AzTV... artıq yeni siması ilə tamaşaçısını özünə qaytarır. Azərbaycan Televiziyasına rəhbərliyin gənc və enerjili şəxsə tapşırılması elə dinamik dəyişikliklərdə özünü göstərdi. Cağdaş dünyamıza açılan uğurlu pəncərələr (yeni və zövqlü proqramlar, canlı verilişlər) bu gün ölkə TV kanalları içində həm də xüsusi zövqü ilə seçilir. Xüsusi olaraq pandemiya şəraitində maarifləndirmə işi olduqca tədqirəlayiqdir”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay qeyd edib ki, AzTV ölkənin bir nömrəli kanalıdır və əsas yükün onun üzərin düşməyi də təbiidir: “Mütləq mənada, əlbəttə ki, dəyişib. Birdən-birə nəyisə dəyişmək, alt-üst edib, dağı dağ üstünə qoymaq olmur və təbii ki, mümkün deyil”.

Xalq artisti Faiq Ağayev deyib ki, Azərbaycan teleməkanının qocaman, ağsaqqal kanalı - doğma AzTV son ildə etdiyi dəyişikliklər ilə sonsuz sevindirir. Onun sözlərinə görə, kanal tamaşaçı sevgisini keyfiyyətli, zövqlü verilişlər ilə halalcasına qazanır: “Sükanı belə saxlayın, əziz peşəkarlar! Uğurlarınız hamımızın nailiyyətidir, biz birlikdə güclüyük!”

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, AzTV hər zaman bir məktəb, nümunə olub. O vurğulayıb ki, televiziyamızın ən peşəkar təmsilçiləri, əsasən, bu məktəbin yetirmələridir:“Son bir ildə isə dövlət kanalındakı dəyişikliklər, yeni format və yeni layihələr tamaşaçı zövqünü oxşayır. Şəxsən özüm də AzTV-də yayımlanan bir neçə verilişi sevə-sevə izləyir və yeni buraxılışı gözləyirəm. Gənc kadrlar yaşlı televiziya ustadlarının layiqli xələfləri olduğunu sübut etdilər. Ümid edirəm ki, ölkənin bir nömrəli kanalı heç vaxt reytinqə qaçmayacaq, tamaşaçıda yüksək zövq formalaşdıracaq, hər zaman peşəkarlıq və yaradıcılığın etalonu olacaq”.









Redaktorun seçimi