“Zaminbank”ın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

Hit: 2178
“Zaminbank”ın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib
Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir. Həmin tədbirlərin davamı olaraq, “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri nəticəsində özgə əmlakını külli miqdarda ələ keçirmələri və digər faktlar üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən Faktor.az-a bildiriblər ki, həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə hazırda ləğv edilmiş “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun işlədiyi dövr ərzində müxtəlif korrupsiya sxemlərindən istifadə etməklə fiziki və hüquqi şəxslərin adına ayrılmış 16 milyon manatdan artıq məbləğdə ASC-yə məxsus kredit vəsaitini bankın digər vəzifəli şəxslərin köməyi ilə külli miqdarda ziyan vurub mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib. İstintaqla, həmçinin Nadir İsmayılovun bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə edərək bankın Bakı filialının müdiri vəzifəsində işləmiş Şirinov Elşən Nizami oğluna məxsus 145 min manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə şübhələr üçün əsaslar müəyyən olunub.
 
Bu qanunsuz əməllərə görə Nadir İsmayılova Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2-ci (külli miqdarda mənimsəmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunaraq, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edilən qanunsuz əməllər nəticəsində dövlətə və vətəndaşlara vurulan mühum ziyanın ödənilməsini təmin etmək məqsədilə Nadir İsmayılova məxsus əmlakların aşkarlanması istiqamətində, habelə göstərilən cinayətdə iştirak etmiş digər şəxslərin dairəsinin müəyyən olunmasından ötrü intensiv və zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
 
Baş Prokurorluğun məlumatında, həmçinin bildirilib ki, bu günə kimi “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ümumilikdə 11 şəxs barəsində 7 cinayət işi üzrə istintaq aparılmaqla 18 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib. Həmin cinayət işləri müxtəlif vaxtlarda baxılması üçün məhkəmələrə göndərilmiş və məhkəmələrin qanuni qüvvəyə minmiş hökmləri ilə elan edilmiş ittihamlar üzrə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunublar.








Redaktorun seçimi