Üzümdə “qeyri-parazitar” xəstəliklərə qarşı hansı tədbirlər görülməlidir? - Fermerlərə tövsiyə

Hit: 438
Üzümdə “qeyri-parazitar” xəstəliklərə qarşı hansı tədbirlər görülməlidir? - Fermerlərə tövsiyə
Üzümdə “qeyri-parazitar” xəstəliklər qida elemetlərinin çatışmazlığı zamanı müşahidə edilir. Qida çatışmazlığının ən geniş yayılan əlamətlərindən biri xlorozdur. Xloroz xəstəliyi torpağın bitki üçün əlverişsiz olması, maddələr mübadiləsinin pozulması, torpaqda qida maddələrinin çatışmazlığı, yaxud da həddən artıq çoxluğu, minerallaşma və mikrobioloji proseslərin pozulması nəticəsində baş verir. Belə ki, torpaqda rütubətin az və ya həddən artıq çox olması, hava və torpaqda temperaturun az olması, köklərin müxtəlif təsirlərdən zədələnməsi, torpaqda duzların çoxluğu, dəmirin isə az olması kimi amillər xəstəliyi formalaşdırır. Qida maddələrinin çatışmazlığı zamanı siptomlar adətən vegetasiyanın əvvələrində meydana çıxır - yarpaq rəngdəyişmələri ilə yanaşı, fotosintez prosesi kəskin pozulur, tənəyin inkişafı tamamilə zəifləyir, çiçəkləmə və mayalanma prosesi pozulur, xəstəlik və zərərvericilərə qarşı davamlılıq azalır. Sonda isə tənəyin məhsuldarlığı kəskin aşağı düşməklə, keyfiyyətsiz məhsul alınır, tənək inkişafdan qalır.
 
Çox əhəngli torpaqlarda əkilən tənəklərdə xloroz xəstəliyi daha çox inkişaf edir. Filloksera zərərvericisinə davamlı calaqaltılardan istifadə edilmiş üzüm bağlarında da xloroz xəstəliyi tez-tez baş verir. Bu amerika növlərinin xloroza davamsız olduğunu göstərir. Əhəng çox olan torpaqlarda CaCO3-ün təsiri ilə dəmir mənimsənilmiyən vəziyyətə keçir.
 
Xloroz uzun sürən xəstəlik olmasına baxmayaraq, bu xəstəlik müşahidə edilən tənəklərdə vaxtından əvvəl yarpaqların tökülməsi, meyvələrin xırda qalması və məhsuldarlığın aşağı düşməsi müşahidə edilir. Xlorozun ilk əlaməti yarpaqların, xüsusən də uc yarpaqların saralması ilə başlayır, lakin damarcıqlar yaşıl rəngini qoruyub saxlayır. Xlorozun güclü formasında bitkidəki bütün yarpaqlar saralır, əksər hallarda yarpaqlarda ayanın uc hissəsi, yaxud kənarları quruyur və qaralır.
 
Xloroz (yarpaq saralmaları, yarpaq rəngdəyişmələri) hansı səbəbdən baş verir:
 
- xlorozun ən geniş yayılan forması “dəmir” xlorozudur.  Bu xəstəlik bitkinin kök sisteminin yayıldığı torpaq qatında yüksək miqdarda əhəngin olması nəticəsində baş verir. Belə karbonatlı torpaqlarda dəmir duzları həll olmayaraq, bitki tərəfindən mənimsənilən vəziyyətə keçə bilmir. Dəmir torpaqda mövcud olsa da, yüksək pH (pH-ın 7-dən yuxarı olması) mühiti və digər mineralların həddindən artıq olması dəmir birləşmələrinin həll olmasına mənfi təsir edir.
 
- xlorozun ikinci geniş yayılan forması “azot” xlorozudur. Bu forma torpaqda azot birləşmələrinin çatışmazlığı, yaxudda onların mənimsənilməsi üçün torpaqda şəraitin olmamasından irəli gəlir. “Dəmir” xlorozundan fərqli olaraq bu xlorozda yarpaqların saralması zoğun əsasından başlayaraq sonra uc yarpaqlara doğru gedir.
 
- ləkəli xloroz (damarlararası, yaxud nekrotik xloroz) əsasən maqnezium və manqanın çatışmazlığı nəticəsində baş verir. Belə xloroz zamanı yarpaq ayasında haşiyəli sarı, yaxud bir qədər tünd ləkələr müşahidə olunur. Bu xloroz əlamətlərinə  karbonatlı torpaqda yetişdirilən bitkilərdə rast gəlinir. Maqnezium çatışmazlığında yarpaqlar adətən kənarlarından saralmağa başlayır, ayanın və ya dilimlərin əsasında “üçbucaqşəkilli” yaşıl sahə qalır.
 
- xloroz bitkinin kök sisteminin kükürd və sərbəst oksigenlə təminatındakı çatışmazlıqlar nəticəsində də baş verir. Belə formada xəstəlik əlamətləri torpaq mühitinin mənfi amillərinin təsiri, xüsusən də qrunt suları yaxın olan, o cümlədən ağır torpaqlarda  müşahidə olunur.
 
- nəhayət, güclü duzlu, yaxud şoran torpaqlarda baş verən xlorozda, yarpaqlarda saralmalarla yanaşı yarpaqların əksəriyyətinin kənarları quruyur və adətən qaralır. Əgər xloroz bitkinin kök sisteminin yayıldığı torpaq qatında oksigen çatışmazlığından baş verərsə, bütün tədbirlər torpağın su və hava rejiminin yaxşılaşdırılmasına yönəldilməlidir. Bu zaman torpağın yaxşı becərilməsi və yaxşı yanmış peyinlə gübrələnməsi müsbət nəticə verir. Əgər xloroz güclü şoranlaşmış torpaqdan, yaxud torpaqda duzların çoxluğundan baş verərsə birinci növbədə drenaj kanallarının çəkilməsi və torpağın yuyulması vacibdir. Belə torpaqlarda bitki ətrafına yoncanın əkilməsi yaxşı nəticə verir. O cümlədən yay müddətində torpaqların kalium permanqanat məhlulu ilə ikiqat, üçqat suvarılması məsləhətdir.
 
Bitkidə xlorozun baş vermə mənşəyi müəyyən edildikdən sonra onun aradan qaldırılması istiqamətində tədbirlər görülməlidir.Mineral qida maddələrinin çatışmazlığından əmələ gələn əlamətlər müxtəlif xarakterli olub,  müqayisəli təhlil nəticəsində iki böyük qrup şəklində təsnif edilir:
 
I qrup: Bitkidə azot, fosfor, kalium və maqneziumun çatışmazlığı nəticəsində əsasən yaşlı yarpaqlarda meydana çıxan əlamətlərdir. Bu elementlərin çatışmazlığından baş verən əlamətlər əvvəl yaşlı hissədə müşahidə olunur, sonra isə tədricən cavan hissələrə sirayət edir. Bu qrup əlamətlər də özlüyündə iki formada təzahür edir: birinci halda (I yarımqrup) az və çox dərəcədə müşahidə edilən xloroz yarpaqların tam ayasını əhatə edir (azot və fosfor çatışmazlığı); ikinci halda (II yarımqrup) əlamətlər bütünlüklə yarpağı deyil, onun ayrıca sahələrini əhatə edir ki, bu da yaşıl rəngin itirilməsi ilə (xloroz), bəzən də yarpağın ayrı-ayrı sahələrinin ölməsi ilə (nekroz) özünü ləkələr şəklində ifadə edir.
 
II qrup: Burada simptomlar bitkinin böyümə nöqtəsində və cavan yarpaqlarında müşahidə edilir. Bu simptomlar bitkidə kalsium, bor, kükürd, dəmir, mis  və manqanın çatışmazlığı nəticəsində baş verir. Bu elementlərin çatışmazlığı zamanı boyatmanın nəzərəçarpacaq dərəcədə ləngiməsi müşahidə olunur və yarpaqlar gövdədə dik vəziyyət almağa can ataraq onunla iti bucaq əmələ gətirir. Bu simptomlar şərti olaraq üç yarımqrupa bölünür:
 
a) cavan yarpaqların yaşıl rəngin itirilməsi böyümə nöqtəsi zədələnmədən (qurumadan) baş verir ki, bu da dəmir, kükürd və ya manqanın çatışmazlığına işarə edir;
b) yarpaqların yaşıl rəngin itirilməsi uc gözcüyün (təpə tumurcuğunun) ölməsi ilə müşahidə olunursa bu kalium və ya bor çatışmazlığına işarə edir;
c) bu yarımqrupun simptomları üçün xlorozun inkişaf etməsi və uc gözcüyün (təpə tumurcuğunun) ölməsi xarakterik deyil. Bu əlamətlər yalnız özünü yuxarı yarpaqların solması ilə büruzə verən mis çatışmazlığı simptomları aiddir.
Bu il də ilkin yazda (martın axırları və apreldə, o cümlədən mayın əvvəllərində) havaların nisbətən soyuq keçməsi, müşahidə edilən şaxtalar, yağıntıların həddən artıq az və həddən artıq çox düşməsi nəticəsində bir sıra sortların tənəklərində xloroz müşahidə edilmişdi. Bunu aradan qaldırmaq üçün təcrübələr aparılıb və belə qənaətə gəlinib ki, ayrı-ayrı illərdə bu hadisə ilə qarşılaşdıqda saralma müşahidə edilən tənəklərin gövdə ətrafına ammonium nitrat və kalium sulfat gübrələrini (40-50 qram ammonim-nitrat və 40-50 qram kalium-sulfat) qarışdırıb səpmək və sulamaq müsbət nəticə verir. Bununla yanaşı, həmin tənəklərə may və iyun ayının əvvəllərinə qədər (xloroz aradan qalxana qədər) 7-12 gündən bir (3-4 dəfə) tərkibində dəmir elementi də olan yarpaq gübrələrinin (Razormin, Attack, Elifer kombi və s.) çilənməsi məqsədəuyğundur. Yuxarıda göstərilən hava şəraiti Abşeronda müşahidə olunanda xloroz əsasən yerli Ağ şanı, Sarıgilə, Xatını, Qara pişraz, Qara şanı, Qızıl üzüm, Kişmişi və s. üzüm sortlarında müşahidə olunur.
 
 
 
Vüqar Səlimov
 
Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru
 
Elnurə Musayeva
 
Aqrokimya laboratoriyasının elmi işçisi








Redaktorun seçimi