Tanınmış alim pandemiyadan çıxış yolunu açıqladı - VİDEO

Hit: 1108
Tanınmış alim pandemiyadan çıxış yolunu açıqladı - VİDEO
"Dünyanın bir çox ölkələri koronavirusa ilk yoluxmanın dəqiq hansı zamana təsadüf etdiyinin müəyyənləşdirilməsi üçün elmi tədqiqatların aparılmasına başlayıb və hazırda bu proses davam edir".
 
Bu barədə Faktor.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
 
Alimin sözlərinə görə, bu, koronavirusla mübarizə strategiyasının əsasını təşkil edir:
 
"Hazırda elmi tədqiqatlarda Çində ilk yoluxmanın ötən ilin dekabr ayında deyil, daha əvvəl olduğu ehtimalı müzakirə olunur. Bundan əlavə, Almaniyanın koronavirusla yüksək peşəkarlıqla mübarizəsi ilk yoluxma zəncirinin araşdırılmasından başlayıb. Bu da bu ilin yanvar ayına təsadüf edir. Ondan sonrakı mübarizə prosedurlarının hansı istiqamətdə cərəyan etdiyi də hər kəsə məlumdur. Bundan başqa, Amerikada da elmi tədqiqatlara başlanılıb və araşdırmalar aparılır. Fransa isə artıq tədqiqat aparıb və elmi ədəbiyyata bununla bağlı məlumatlar daxil edilib. Belə ki, Fransanın elmi tibbi tədqiqatlarında bu ölkədə ilk yoluxmanın rəsmi qeydə alındığı vaxtdan daha əvvəl COVID-19 virusuna yoluxma hallarının müəyyənləşdirilməsi alimlər tərəfindən deyilir”.
 
N.Abdullayev Azərbaycanda da koronavirusla mübarizə strategiyası çərçivəsində analoji elmi tədqiqatların həyata keçirilməsini məqsədəuyğun hesab edir:
 
"Azərbaycanda da ilk yoluxmanın nə zamana təsadüf etdiyini dəqiq müəyyənləşdirmək lazımdır. Təbii ki, ölkəmizdə ilk yoluxma halının rəsmi olaraq fevral ayında olduğu qeydə alınıb. Əgər biz ilk yoluxmanın dəqiq zamanını bilsəydik, bir çox problemlərin qarşısını almaq üçün alternativ yollar da tapmaq sadə olardı. Hansı ki, bunu müəyyən etmək o qədər də çətin deyil. Heç kəs hazırkı dövrdə geriyə dönüb ilk yoluxmanı müəyyənləşdirməyin çətin proses olduğunu və ya bunun səhiyyənin adına xələl gətirəcəyini düşünməsin. Təsəvvür edin ki, əgər bizdə ilk yoluxmanın yanvar ayına təsadüf edildiyi müəyyənləşdirilsə, bu zaman əhalinin təxminən neçə faizinin artıq yoluxduğunu elmi model ilə müəyyən etmək olardı.
 
Düşünürəm ki, Azərbaycan da bu cür modellərə sahibdir. Bundan başqa ilkin yoluxma halının nə zamana təsadüf etdiyi məlum olarsa, bu zaman model ilə hətta ölkənin daha neçə faizinin yoluxma təhlükəsi ilə üzləşə biləcəyi də məlum olardı və bununla da boşluqlar və problemlər bəlli olardı. Bütün bu araşdırmalar və incələmələr ölkənin səhiyyə gücünün gələcəkdə nəyə qadir olduğunu və həyata keçiriləcək zəruri qabaqlayıcı tədbirləri öncədən göstərə bilərdi. Bu problemlərə əsasən də qabaqlayıcı tədbirlər görüb səhiyyə sistemini hansı istiqamətdə daha da gücləndirmək zərurəti olduğu aydın ediləcəkdir”.
 
"Əgər virus ölkələrdə rəsmi qeydə alındığı zamanlardan daha əvvəllər yayılıbsa, bu da o deməkdir ki, müxtəlif xəstəliklər adı altında xeyli sayda insan əslində virusdan ölüb”, - tibb elmləri doktoru əlavə edib.
 
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri qeyd edib ki, mübarizə strategiyasında əsas məqsəd R0 yoluxma əmsalını 1-in altına salmaqdan ibarətdir: "Əgər bu gün Azərbaycanda yoluxma əmsalı birin altındadırsa və yoluxma sayı 200-300 və s olsa belə bundan narahat olmağa dəyməz. Əgər yoluxma əmsalı birin üzərindədirsə və yoluxma sayı da çoxdursa, bu zaman həyəcan təbili çalmaq lazımdır. Azərbaycanda isə düzgün olan R0 yoluxma əmsalı mənə hələ bəlli deyil”.
 








Redaktorun seçimi