Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramını qeyd ediblər - FOTOLAR

Hit: 546
Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramını qeyd ediblər - FOTOLAR
5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramıdır. Bu münasibətlə “Azərsu” ASC,  Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi yad edilib.
 
Faktor.az xəbər verir ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov peşə bayramı münasibətilə Səhmdar Cəmiyyətin kollektivini təbrik edib. Təbrikdə bildirilir ki, su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən cənab Prezident  İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla  iyun ayının 5-i  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilib.
 
Ölkə əhalisinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsidir. Dövlət başçısının bu sahəyə diqqət və qayğısı sayəsində son illər Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin bölgələrdə genişmiqyaslı layihələr həyata keçirilib.
 
Ulu öndər Heydər Əliyevin təşəbbüskarı olduğu və 2010-cu ildə Sizin iştirakınızla istismara verilmiş Oğuz-Qəbələ-Bakı su kəməri Azərbaycanın müstəqillik illərinin ən böyük infrastruktur layihəsi kimi tarixə düşüb.
 
 2015-ci ildə istismara verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Ceyranbatan-Zirə magistral su kəməri, həmçinin kəmərin marşrutu boyunca yerləşən anbar kompleksləri Abşeron yarımadasının dayanıqlı su təminatı üçün yeni imkanlar açıb. Ötən müddətdə Bakı şəhəri və Abşeron yarımadasının 60-dan çox yaşayış məntəqəsində su təchizatı və kanalizasiya layihələrinin icrasına başlanıb və işlər mərhələli şəkildə davam etdirilir. 
 
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində su və kanalizasiya layihələrinin  icrasına başlanılmış 52 şəhər və rayon mərkəzinin 30-da içməli su və kanalizasiya, 12-də isə kanalizasiya  şəbəkələrinin inşası yekunlaşıb.  Eyni zamanda əhalisinin sayı 1 milyon 400 min nəfərdən çox olan 1050 kənddə də içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı layihələr həyata keçirilib.
 
Ötən müddətdə məhsuldarlığı saniyədə 19 kubmetr olan 44 yeni içməli su mənbəyi əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatına töhfələr verib. 
 
Regionlarda tikilmiş ən böyük içməli sutəmizləyici qurğu - Şəmkirçay təmizləyici qurğusu 2020-ci ilin mart ayında möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Məhsuldarlığı sutkada 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan bu qurğu  Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərin dayanıqlı və təhlükəsiz içməli su təminatına hesablanıb. Ötən illərdə istismara verilmiş Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri, Külüllü su mənbəyi, eləcə də Mingəçevir, Xanbulan, Quba, Qobustan sutəmizləyici qurğuları bölgələrdə yaşayan sakinlərin etibarlı mənbələr hesabına keyfiyyətli içməli su ilə təminatına imkan yaradıb.
 
Ümumilikdə həyata keçirilən layihələr çərçivəsində 25 min km-dən çox  içməli və tullantı su xətləri çəkilib, 250 su anbarı, 120 nasos stansiyası tikilmiş və yenidən qurulub, 357 artezian və subartezian quyusu qazılmış, 1 milyondan çox sayğac quraşdırılıb və sayğaclaşma səviyyəsi 85 faizi keçib. Görülmüş işlər nəticəsində abonentlərin sayı 670 min artaraq 1 milyon 550 minə çatdırılıb.
 
 2004-cü il ilə müqayisədə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 63 faizə, ölkə üzrə 26 faizdən 73 faizə yüksəlib.
 
İçməli suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılması məqsədilə yeni Mərkəzi Laboratoriya istifadəyə verilmiş və beynəlxalq akkreditasiyadan keçirilmişdir. Bu təcrübədən istifadə etməklə respublika üzrə 9 regional laboratoriya yaradılıb.   
 
Bakı şəhərində və Abşeron yarımadasında səth və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 21 ünvanda həyata keçirilmiş layihələr çərçivəsində 40 km-dən artıq yağış-kanalizasiya kollektorları inşa olunmuş, Böyükşor, Məhəmmədi, Kürdəxanı  və Taşağıl göllərində su səviyyəsinin tənzimlənməsi məqsədilə infrastruktur yaradılıb.
 
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması və ixrac potensialının artırılması məqsədilə Zərdab, Hacıqabul və Şamaxı rayonlarında icra olunan suvarma layihələri çərçivəsində Kür çayının sahilində yeni sugötürücü qurğu, nasos stansiyası, həcmi 50 min kubmetr olan anbarlar tikilib, əkin sahələrinə 42  km uzunluğunda əsas daşıyıcı kəmərlər çəkilib.
 
“Azərsu” ASC-də informasiya və kommunikasiya texnologiyalarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, texnoloji proseslərin avtomatlaşdırılması, yeni elektron xidmətlərin yaradılması, İKT infrastrukturunun dayanıqlığının və fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında AzərsuCİS coğrafi informasiya sistemi, müştəri informasiya sistemləri, elektron xidmətlər,  “Asan xidmət” və “Asan kommunal” mərkəzləri ilə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
 
Ölkəmizdə içməli su təchizatı və kanalizasiya sektorunda görülmüş işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. “Azərsu” ASC-nin Dünya Su Şurasının və Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilməsində bu amil  həlledici rol oynayıb.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin 04 iyun 2020-ci il  tarixli sərəncamları ilə su təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə “Azərsu” ASC-nin bir qrup əməkdaşı “Əməkdar mühəndis” fəxri adı, “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif olunub. Su təsərrüfatının inkişafında xidmətlər göstərmiş və əmək fəaliyyətində fərqlənən bir qrup əməkdaş isə “Azərsu” ASC sədrinin əmri ilə Fəxri Fərmana və “Təşəkkürnamə”yə layiq görülüb.
1
1
1








Redaktorun seçimi