Təhsil tariximizdə ilk onlayn imtahan sessiyası

Hit: 402
Təhsil tariximizdə ilk onlayn imtahan sessiyası
COVID-19-un dünyada, o cümlədən Azərbaycanda yaratdığı “status kvo” həyatımızın bütün sahələrində olduğu kimi, təhsildə də fors-major situasiyaların şərtlərini diktə etməkdədir. İnsanlarımızın ilk dəfə rastlaşdığı bu məqamlarda digər sahələrdə olduğu kimi, təhsil sistemində də hazırlanaraq həyata keçirilən tədbirlər Azərbaycan Respublikasında dövlət siyasətinin ifadəsi oldu.
 
Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Təhsil tariximizdə ilk onlayn imtahan sessiyası” sərlövhəli məqaləsində yer alıb.
 
Məqalədə deyilir: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ümumtəhsil müəssisələrində tədrisin dayandırılması “koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə verildiyini” bildirilməklə yanaşı, xüsusi karantin rejimi şəraitində yaranmış vəziyyətlə əlaqədar ölkədəki təhsil müəssisələrində təhsil alan kontingentin təhsildən ayrılmamasının təmin edilməsi başlıca ümdə vəzifə kimi göstərilirdi. Dərhal Təhsil Nazirliyi distant dərslərin başlanılması üçün öz resurslarını işə saldı, “Elektron hökumət” portalı üzərindən Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası qısa vaxtda təmin edildi.
 
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, iqtisadiyyatı irəli aparan, ölkənin uğurunu nümayiş etdirən onun təbii ehtiyatları deyil, insanları, təhsili, əhalisinin intellektual səviyyəsidir. Bu gün qlobal anlamda nəsillərin dəyişməsi prosesi gedir. COVID-19 pandemiyası böhran dövrlərində təhsilin məzmunu və formatına yenidən nəzər salmaq zərurətini meydana çıxardı. Bu böhran XXI əsr təhsilinin özəlliklərini qabartmaqla yanaşı, distant təhsili zərurətə çevirdi. Təhsil Nazirliyinin bu istiqamətdəki təlimat və tövsiyələri əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, tarix elmləri doktoru professor Cəfər Cəfərovun rəhbərliyi ilə qısa zamanda müvafiq tədbirlər planı hazırlandı. Universitetin elmi şurasının sonuncu onlayn iclasının qərarına əsasən ADPU-nun bütün struktur bölmələrindən, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Kollecindən daxil olan məlumatlar ümumiləşdirilərək qarşıdakı müddət üçün fəaliyyət planının tərkib hissəsinə çevrildi.
 
Universitetimizdə distant təhsilin təşkili fonunda aparılan işlərə Filologiya fakültəsinin nümunəsində nəzər salmaq istərdik. Martın 14-də fakültə elmi şurasının onlayn iclasında ekstremal şəraitdə distant tədrisə keçilməsi müzakirə edildi. Yalnız dərs cədvəllərinin dəyişdirilməsi deyil, tələbələrmizin müxtəlif coğrafiyalara yayılması, internet resurslarının onlar üçün nə qədər əlçatan olması və bütün tələbələrin tədrislə əhatə edilməsinin optimal variantları təhlil edildi və nəticə olaraq tədris prosesinin “YouTube” kanalında əvvəlcədən hazırlanan videomühazirələrlə paralel aparılması qərara alınaraq tətbiqinə başlanıldı. Ümumilikdə fakültəmizin 664 tələbəsinin və 178 müəlliminin qoşulduğu sistem kollektivimizin qısa vaxtda ekstremal şəraitdə çalışmaq kimi bir keyfiyyətini ortaya qoydu.
 
Universitetimizdə, həmçinin fakültədə təhsil alan əcnəbi tələbələr də onlayn tədrisdən kənarda qalmadılar. Bu tədris formasındakı dərslərdə tələbələrimiz ancaq videomühazirələrin və videoseminarların iştirakçısı olmadı, onlara, həmçinin sərbəst iş mövzuları, imtahan sualları, müvafiq mövzular üzrə ədəbiyyatın siyahıları verildi, imtahan sualları ilə əlaqədar ortaya çıxan suallar cavablandırıldı. Onu qeyd etməyi lazım bilirik ki, bu proseslər universitetimizin bütün fakültələrini əhatə edir, universitet rəhbərliyinin apardığı monitorinqlər isə ancaq tədrisin keyfiyyətinə təsir etmir, onlayn dərslərin iştirakçısı olan müəllim və tələbələrdə məsuliyyət hissini daha da artırırdı.
 
COVID-19 şəraitinə cəmiyyət olaraq tam adaptasiya olunmağımızı qeyd edə bilməsək də, bu situasiyada uğurlu işlərimizin uzun siyahısını tərtib etmək olar. Həmin siyahıya COVID-19 şəraitində təhsil sahəsi üzrə əldə olunan nəticələr xüsusi qeyd edilməlidir. Onu qeyd edək ki, Prezident İlham Əliyevin birbaşa tövsiyələri əsasında Nazirlər Kabinetində qəbul edilmiş qərarlar hər bir təhsil müəssisəsi üçün başlıca istiqamət olmuşdur.
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində artıq tədris ilinin maksimum uğurla yekunlaşdırılması prosesinə başlanılıb. Bununla əlaqədar “ADPU-da 2019/2020-ci tədris ilinin yaz semestrinin yekunlaşdırılması, təhsil proqramları üzrə nəzərdə tutulan təcrübələrin, semestr imtahanlarının, buraxılış yekun dövlət attestasiyasının və magistr dissertasiyalarının müdafiəsinin təşkili, formatı və qaydaları barədə” universitetin rektoru professor Cəfər Cəfərovun müvafiq əmri icraata yönəldilib. Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin ali təhsil müəssisələri rəhbərlərinə ünvanladığı məktubun prinsiplərinə uyğun hazırlanan bu sənəd pedaqoji kollektivi kollektiv qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlməyə səfərbər edib.
 
Onlayn platformalarda təşkil olunmuş dərslərə qoşulan və ya qoşula bilməyən bakalavr və magistratura səviyyəsində tələbələrin təlim nəticələrinin qiymətləndirilməsi elektron formada təqdim etdikləri “imtahan tapşırığı” əsasında aparılacaq. “İmtahan tapşırığı”nın fənn üzrə keçilmiş mövzulara uyğun və fənn üzrə nəzərdə tutulmuş imtahan suallarından ibarət olması təşkil və təmin ediləcək imtahanlarda öz bilik və bacarıqlarını ifadə etmək üçün tələbələrə maksimum imkan yaradılmasını nəzərdə tutur. O da nəzərdə tutulub ki, mövcud vəziyyətə uyğun olaraq, müvafiq dövlət orqanları tərəfindən əyani icmal dərslərin təşkilinə icazə verilmədiyi təqdirdə bu dərslərin və fənn üzrə qiymətləndirmənin “Microsoft Teams” platformasında təşkili təmin edilsin. Buraxılış yekun dövlət attestasiyasının keçirilməsi üçün hazırlıq prosesində 3 aydan bir az artıq müddətdə distant təhsilə cəlb edilmiş tələbələrin psixoloji durumunun nəzərə alınması diqqətdən yayınmamışdır. İmtahanları təşkil edən və aparacaq personalın qarşısında qoyulan vəzifələr buna əyani sübutdur:
 
-bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ümumi orta müvəffəqiyyət göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunsunlar;
 
-Təhsil müddətində əldə etdikləri nəticələrə (ümumi orta müvəffəqiyyət göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbələrin ixtisas üzrə buraxılış yekun dövlət imtahanında iştirakı təşkil edilsin;
 
-Buraxılış işini məlum səbəblərdən hazır edə bilməmiş, qalan bu vaxt ərzində yerinə yetirmək imkanı olmayan və ya buraxılış işini yazmaqdan imtina edən tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisi onların yekun buraxılış qiyməti hesab olunsun.
 
Onu da vurğulamaq lazım gəlir ki, onlayn təhsil dönəmində yaz imtahan sessiyasına kompleks hazırlıq zamanı bütün hallar, xüsusilə bakalavr və magistrantların təcrübə keçmələri də yaddan çıxmayıb. Bu məqamlar rəhbər sənəddə belə ifadə olunub:
 
-Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat və yenidənhazırlanma təhsili alan tələbə və dinləyicilərin pedaqoji (istehsalat) təcrübəsinin yekun qiyməti Azərbaycan Respublikasında COVID-19 pandemiyasına görə tətbiq olunan xüsusi karantin şəraiti başlandığı tarixə qədər keçən dövr ərzində tələbələrin keçmiş olduqları təcrübənin nəticələrinə əsasən müəyyən edilsin;
 
-Azərbaycan Respublikasında COVID-19 pandemiyasına görə tətbiq olunan xüsusi karantin şəraiti başlandığı tarixdən sonra bakalavriat və yenidənhazırlanma təhsili alan tələbə və dinləyicilərin pedaqoji (istehsalat) təcrübəsinin məsafədən təşkili prosesində tələbələrin yerinə yetirmiş olduqları işlər (ixtisas üzrə təqdim edilmiş icmal, dərs planı, pedaqoji və psixoloji məsələləri əks etdirən yazılı elektron materiallar və s.) ixtisaslar üzrə təcrübə rəhbərləri, metodistlər, pedaqoq və psixoloqlar tərəfindən təcrübə üzrə yekun qiymətləndirmədə nəzərə alınsın;
 
-Magistrantların elmi-pedaqoji təcrübəsi Azərbaycan Respublikasında COVID-19 pandemiyasına görə tətbiq olunan xüsusi karantin şəraiti başlandığı tarixə qədər keçən dövr ərzində magistrantların keçmiş olduqları təcrübənin nəticələrinə əsasən müəyyən edilsin;
 
-Magistrantların elmi-tədqiqat təcrübəsinin xüsusi karantin rejiminin tətbiq edildiyi dövrə qədər olan müddət ərzində (2 həftə) keçirilmiş təcrübələrinin nəticələrinə görə kafedralarda elmi-tədqiqat təcrübə rəhbərlərinin apardığı qiymətləndirilmə əsasında aparılması təşkil edilsin və bu zaman magistrantların elmi məqalələri, elmi konfranslarda iştirakları və s. elmi fəaliyyətləri nəzərə alınsın.
 
Magistrlik dissertasiyasının təqdim olunması və müdafiəsi, ödənişli əsaslarla təhsil alan bütün tələbələrin təhsil haqqının ödənilməsi mövcud qaydaların tələblərinə uyğun təmin edilməsi və başqa hallarda tələbələrin mənafeyini nəzərdə tutan hazırlıq proqramları günün çağırışları ilə həmahəng səsləşir.
 
Bütün qarşıya qoyulan vəzifələrin icrasında, sözsüz ki, Azərbaycan Respublikası Təhsil nazirinin 2020-ci il mart ayının 11-də imzaladığı əmrlə Təhsil Nazirliyində və nazirliyin struktur təşkilatlarında yaradılan İşçi qruplarının oynadığı rol haqqında da demək lazımdır. Onu qeyd edək ki, yeni yaradılan, əsasən potensialını təsdiq etmiş mütəxəssislərdən təşkil edilən İşçi qrupları yeni şəraitdə tədrisin təşkili işində diqqətçəkən rolu ilə özünü göstərməyə başlayıb. Təhsil proqramının hazırlanması proseslərində ortaya çıxan məsələlərin birgə müzakirələri ilə bərabər, o qrupların təklifləri tədrisin səmərəli təşkilində müsbət nəticələrini verməkdədir.
 
Onu xatırladaq ki, ölkəmizin ilk dəfə rastlaşdığı bu cür ekstremal şərait, təhsil tariximizdə Azərbaycan təhsilində yeni təcrübələrin əsaslarının qoyuluşu kimi qalacaq.
 
Hər bir tarixi fakt kimi, bu gün dolğun görünməyən bu faktlar da inanırıq ki, gələcək üçün öz sözünü deyəcək.
 
Prezident İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu cür həssas məqamlarda təhsilə, təhsil işçilərinə göstərdiyi münasibətin isə təhsil ictimaiyyətimizi daha məhsuldar və dinamik fəaliyyətə səsləyən ən böyük fakt kimi tarixə düşəcəyinə əminik.







Redaktorun seçimi