Azərbaycanda uşaq hüquqları tam şəkildə qorunur

Hit: 870
Azərbaycanda uşaq hüquqları tam şəkildə qorunur
Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın hər yerində hər bir ailənin sevinci və gələcəyimiz olan uşaqların bayramı kimi qeyd edilir. Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biri də uşaqların təhlükəsiz və etibarlı gələcəyinin təmin edilməsidir.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
 
Deputat qeyd edib ki, ölkəmizdə uşaq hüquqları tam şəkildə qorunur. “Uşaq hüquqları haqqında” Qanun çərçivəsində milli qanunvericilik və normativ-hüquqi aktların təkmilləşdirilməsi dövlətin məsələyə həssas yanaşmasının göstəricisidir. Azərbaycan beynəlxalq konvensiyalara qoşulmaqla nümunəvi ailə, qadın və uşaq siyasəti həyata keçirir. Ölkəmiz hazırda dünyanı narahat edən təhlükələrdən biri - uşaqlara qarşı zorakılıqla bağlı uzun illərdir ki, Avropa Şurası ilə sıx əməkdaşıq edir. 2019-cu ildə Avropa Şurasının təşəbbüsü ilə reallaşan “Uşaqlara qarşı onlayn cinsi istismara və seksual zorakılığa son qoyulması” layihəsinə dəstək verən 10 pilot ölkədən biri məhz Azərbaycandır. Eyni zamanda, Azərbaycan Lanzarote Konvensiyası kimi tanınan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını ratifikasiya edən 46-cı dövlətdir. Sənəd 1 aprel 2020-ci ildən qüvvəyə minib. Ölkəmiz Lanzarote Konvensiyasının milli formatda həyata keçirilməsini gücləndirmək məqsədilə müəyyən edilmiş bütün tövsiyələri dəstəkləyir.
 
Könül Nurullayeva deyib ki, uşaqların müdafiəsi istər milli, istərsə də beynəlxalq səviyyədə hər zaman Azərbaycan dövləti üçün prioritet olub. Ölkə qanunvericiliyinə uyğun olaraq hər bir uşağın ailədə yaşamaq və böyümək hüququna zəmanət verilir. Bəzi hallarda ailə mühitindən məhrum olan azyaşlıların sosial müdafiəsini təmin etmək istiqamətində də dövlət kompleks tədbirlər həyata keçirir. Uşaq hüquqlarının qorunması istiqamətində Heydər Əliyev Fondunun və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd etmək lazımdır. Fəaliyyətə başladığı gündən uşaqların hərtərəfli inkişafı, onların sosial qayğılarının həlli, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində misilsiz xidmətlər göstərən fondun dəstəyi ilə uşaqların sağlamlığının qorunması, onların layiqli vətəndaş kimi yetişmələrinə təkan verən çoxsaylı proqramlar icra edilməkdədir.
 
“Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində minlərlə azərbaycanlı uşağın hüquqları pozulub. Minlərlə azyaşlı məhz bu işğal siyasəti ucbatından doğmalarını, sağlamlığını itirib, eyni zamanda, öz vətənində məcburi köçkün həyatı yaşamağa məhkum olub. Doğrudur, Azərbaycan dövləti öz daxili imkanları hesabına bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşması istiqamətində təxirəsalınmaz tədbirlər görür. Bununla belə, məcburi köçkün soydaşlarımızın pozulan hüquqlarının tam şəkildə bərpası şübhəsiz ki, onların öz ata-baba yurdlarına qayıtması ilə mümkündür. Biz mütəmadi olaraq, aidiyyəti beynəlxalq təşkilatların tribunalarından bu məsələ ilə bağlı çağırışlar edirik. Beynəlxalq qurumlar bu gün dünya uşaqlarının müdafiəsindən danışırsa, erməni təcavüzünün qurbanı olan azərbaycanlı uşaqların pozulmuş hüquqlarının bərpası istiqamətində də əməli tədbirlər görməlidir”, - deyə Könül Nurullayeva vurğulayıb.








Redaktorun seçimi