Bunlar həqiqətənmi bizim zəruri tələbatımızdır?

Hit: 613
Bunlar həqiqətənmi bizim zəruri tələbatımızdır?
Bir neçə ay öncə - dünyanı cənginə alan “COVİD-19” tacabənzər virusunun qəfil və sürətlə yayılmağa başladığı dönəmdə çoxlarımızda ani bir “qısaqapanma” baş verdi desəm, yəqin ki, mübaliğə etmərəm.
 
Düşündük, nə baş verir? Hətta bir ara o qədər ajiotaj baş qaldırdı ki, “Son” əndişəsinə də qapıldıq.
 
Bütün zərər və ziyanları bir tərəfə qoyub, pandemiya dövrünün insanı olaraq onun bizə toxunan faydaları barədə bir neçə cümlə qeyd etmək istəyirəm. Düşünürəm ki, ilk növbədə özümüzə yenidən baxmaq fürsəti əldə etdik. Biz kimik, bu dünyada hansı missiya icra edirik və etməliyik? Nələrlə yaşaya bilərik? Gündəlik ehtiyaclarımızın miqyası hara qədərdir? Bəs yekun ehtiyacımız? Kimə və hansı mənbəyə ehtiyacımız əbədi və əzəlidir? Sürət əsrində ehtiyaclarımızı bizim üçün təyin edirlər. Bunlar həqiqətənmi bizim zəruri tələbatımızdır?
 
Düşünürəm ki, hər kəs öz idrakı səviyyəsində anladı ki, əslində, ətrafımızda bizim üçün heç də zəruri olmayan nə qədər bər-bəzək varmış. Süni və bəzən də bilərəkdən yaradılan bu ehtiyac vakuumu, bər-bəzək və rəngarəngliyin fonunda insanın özünə diqqət kəsilməsi çox çətin, az qala qeyri-mümkün bir prosesə çevrilmişdi.
 
Fərqi yoxdur, bu virus mövzusu hansı qüvvə tərəfindən və necə meydana çıxdı və gələcəkdə nələr baş verəcək. Mən sırf insanın özünə və ehtiyaclarına diqqət kəsilməsi mövzusuna toxunmaq istəyirəm. Sırf bu cəhətdən, sanki sehrli bir dəyənəklə gedişata müdaxilə edildi və yavaş-yavaş dərk etməyə başladıq ki, sən demə, ən minimal vasitələrlə nəinki yaşmaq, hətta məmnun olmaq da mümkün imiş.
 
Ən əsas faydası, başımız öz episentrimizə o qədər qarışmışdı ki, başqalarının qayğı və ehtiyacları barədə düşünməyi imkanlarımızın ehtimalına buraxmışdıq. Yanılmışdıq, çox olanı deyil, az olanı bəxşiş verəndə insan ərdəm bir varlığa çevrilirmiş...
 
Bəs zərurətdən tətbiq olunan sərt ehtiyat tədbirlərinin yumşaldılmasından sonra nə baş verəcək? Sadaladıqlarımın fərqinə varmış bu insanı o mərhələyə daşıya biləcəyikmi? Yoxsa yenə həmin qaçhaqaç, yenə eyni süni ehtiyaclar, bər-bəzəkli tələbatlar unutqanlıq effekti yaradacaqmı? Yenə də “biz” və “başqaları” təsnifi gündəlik qanunauyğunluq kimi həyat tərzimizə çevriləcəkmi? Diqqətimiz öz episentrimizə yönələcəkmi?
 
Məhbubə Mehdiyeva
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
İctimaiyyətlə əlaqələr şöbəsi, məsləhətçi







Redaktorun seçimi