"Qürurluyuq, fəxr edirik ki, müstəqil dövlət nemətinə sahibik"

Hit: 525
"Qürurluyuq, fəxr edirik ki, müstəqil dövlət nemətinə sahibik"
Xalq öz azadlığı üçün yüz illər boyu yol gəlir. Etirazlar edir, üsyanlara qalxır və günlərin birində arzusuna qovuşur. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları xalqımızın məhz belə düşünən, istiqlal xəyalını gerçəyə çevirən böyük nümayəndələri idilər. Onların ruhları qarşısında baş əyirik. Məhz bu adamların tarixi xidmətlərinin nəticəsidir ki, biz 28 May tarixini Respublika Günü kimi qeyd edirik. Müqəddəs bayramımız mübarək!
 
Biz hürriyyət atəşi ilə qovrulan tarixi şəxsiyyətlərimizi on illər boyu necə tanıdıq, bu böyük simaları tanımağımıza imkan verildimi, əlimizdə ədəbiyyat, məxəs oldumu ki, rahat oxuyub təhlil edək, dəyərləndirək? Bəzən adlarını çəkməmizə belə qadağa qoydular! Və bütün məhrumiyyətlərə baxmayaraq, biz bir millət olaraq o böyük dühaların ruhlarını şad etməyi bacardıq. XX əsrdə növbəti dəfə müstəqilliyimizə qovuşduq.
 
Bu gün istiqlalımız yolunda fədakarlıq mücəssəməsinə çevrilmiş şəxsiyyətlərin mirası olan Cümhuriyyətimiz 102 yaşındadır. Qürurluyuq, fəxr edirik ki, müstəqil dövlət nemətinə sahibik.
 
Respublika Gününü qeyd edərkən Şirməmməd Hüseynovun da ali ruhu qarşısında baş əyirəm. Mən digər elm adamlarımızın zəhmətindən də xəbərdaram. Çoxları 1918-1920-ci illəri tədqiq edib, yazıb, amma Şirməmməd müəllim xəzinə yaradib. Bu xəzinə özündə cümhuriyyət dövrü xadimləri olan mohtəşəm insanların tarixi xidmətlərinə müstəsna dəyərdir, mühüm istinad mənbəyimizdir.
 
Bizi böyük millət, böyük xalq edən günümüz - 28 May Respublika Günümüz mübarək!
 
Uca Tanrı müstəqilliyimizi əbədi, xalqımızı firavan eləsin!

AMŞ sədri
Əflatun Amaşov







Redaktorun seçimi