Fitrə zəkatının qaydaları

Hit: 904
Fitrə zəkatının qaydaları
Fitr bayramının yeganə vacib ibadəti fitrə zəkatıdır, digər ibadətlər isə tövsiyə xarakterlidir. Bayram günü oruc tutmaq günahdır.
 
Bayram daxil olduqdan sonra imkanı olan hər bir müsəlmana vacibdir ki, özünün və öhdəsində olan kəslərin adından fitrə zəkatı çıxartsın. Öhdəsində olan adamlar dedikdə ailə üzvləri, qonaqları, baxdığı insanlar və s. nəzərdə tutulur. Maddi təminatı başqasının öhdəsində olanlara və fəqirlərə zəkat vacib olmasa da, zəkat vermələrində bir eyb yoxdur. Həmçinin borcu olanların fitrə zəkatını verib-verməməsi onların maddi durumundan asılıdır: əgər borcun qaytarılmasına təsir etməyəcəksə, fitrə çıxarmalıdırlar.
 
Fitrə zəkatı mömin fəqirlərə çatdırılmalıdır. Mömin fəqir tapmaq mümkün olmadıqda, onu istənilən müsəlman fəqirə vermək olar. Vacib olmasa da, tövsiyə olunur ki, insan qohum və qonşuluqda olan fəqir möminlərə fitrə zəkatını versin. Fəqir dedikdə, gəliri ilə zəruri dolanışığını qarşılaya bilməyən şəxs nəzərdə tutulur. Mömin isə, dinin bütün əsaslarına inanan şəxsə deyilir, hətta ibadət etməsə belə.
 
Xarici ölkələrdə yaşayan soydaşlarımız fitrə zəkatını vətənlərinə yollaya bilərlər. Fitrəni verən adam fəqirin heysiyyatını və izzətini qorumalıdır. Belə ki, onu alçaldacaq tərzdə yardım etməməlidir. Seyyid fəqirlərə yalnız seyyidlər fitrə zəkatı verə bilər.
 
Zəkatı bayramdan öncə çıxartmaq olmaz. Onu bayram namazına qədər ünvanına çatdırmaq yaxşıdır, zöhr azanından sonraya saxlamaq olmaz. Üzürlü səbəbdən zöhr azanına kimi fitrəni çıxara bilməyənlər, ayırdıqları pulu sonra da verə bilərlər. Onun ödənilməsini etibarlı insanlara həvalə etmək də olar. 
 
Fitrə zəkatının miqdarı adam başı 3 kq düyü, buğda, arpa, xurma və s. ərzaqlardır. Müasir dövrün tələblərini nəzərə alaraq, yaxşı olar ki, fitrəni ərzaqla deyil, onun ekvivalenti olan pul miqdarı ilə çıxartsınlar. Qeyd olunan ərzaqların daha ucuzu və ya daha bahasının qiyməti ilə də fitrə pulu çıxarmaq olar. Lakin, imkanı olanların bahalı ərzaqları meyar götürərək yardımlaşmaya daha çox qatqı etmələri bəyənilir. Xüsusi ilə karantin dönəmində bunu nəzərə almaq gərəkdir.
 
Orta gəlirli ailələr üçün bu il fitrə zəkatı adambaşı 10-15 manat arası hesablansa daya yaxşı olar. Lakin, imkandan asılı olaraq daha ucuz və ya daha baha ərzaqın qiymətinə əsasən də fitrə çıxarmaq olar. Hər kəs özü bazar qiymətləri ilə fitrəsininin miqdarını müəyyən edə bilər.
 
Hədislərdə buyurulur ki, fitrə zəkatı ödəyə bilənlər bu əməldən boyun qaçırarsa, orucları qəbul olmaz. Çünki, orucun bizə öyrətdiyi başlıca dərs maddiyata bağlanmamaq, başqaların dərdinə yanmaq və yardımlaşmaqdır.
 
Qeyd edək ki, bayram böyük ehtimalla 24 may tarixinə təsadüf edəcək. 







Redaktorun seçimi