Bu gün beşi imam Səccadın (ə) mövlududur

Hit: 1913
Bu gün beşi imam Səccadın (ə) mövlududur
Müsəlmanların 4-cü imamı həzrət Əli ibni Hüseyn əs-Səccadın mövlududur.
 
Faktor.az  xəbər verir ki, imam hicri-qəməri təqvimi ilə 38-ci ildə şaban ayının 5-də müqəddəs Mədinə şəhərində dünyaya gəlib və elə Mədinədə də şəhid edilib.
 
İmamın şəhid edilmə tarixi də hicri-qəməri təqviminin 95-ci ilinin məhərrəm ayına təsadüf edir.
 
Dördüncü imamın məzarı Mədinədə Bəqi qəbirsanlığında əmisi İmam Həsən, övladı İmam Baqir və nəvəsi İmam Sadiqin məzarlarının yanındadır.
 
İmam Səccad Kərbəla hadisəsində 22 yaşında idi. Xəstə olduğundan Yezid və Ubeydullah ibni Ziyadın məmurları onu öldürməkdə israrlı deyildilər.
 
Dördüncü imam həzrət Səccad Kərbəladan Mədinəyə döndükdən sonra ömrünün qalan hissəsini (34 il) tələbələr yetişdirmək, qullar alıb təlim-tərbiyə edib daha sonra cəmiyyətə fayda verə bilən bir insan kimi onları azad etmək, dualar və münacatları yazmaq və onları təlim etmək, pərakəndə olmuş Əli övladlarını başına yığmaq və sair xidmətlərlə həsr etdi.
 
İmamın ləqəbləri onun mənəvi məqamının göstəricisidir. Onun ləqəbləri arasında “Səcdə edənlərin ağası”, “Abidlərin zinəti”, “Səccad” , Zus-Səfinat” və sair ləqəblər var.
 
Maraqlı budur ki,  “Zus-Səfinat” ləqəbi tanınmış Avropa alimlərindən olan Etan Kolberqın 1987-ci ildə çap edilmiş “Western studies of Shi`a Islam” əsərində gəlib. Alim İmam Səccadın həyatını qələmə alarkən bu ləqəbin üzərində daha çox dayanır və onu izah etməyə çalışır.
 
"Səfinat" sürtülmə səbəbindən insanın bədənində yaranan döyənək və qabarlara deyilir. "Zu" isə sahib və malik anlamındadır. Avropalı alim imamın bədənində bu əlamətlərin olmasını gecələri ibadətlə keçirmək və çiynində yoxsullara durmadan ərzaq daşımaqla əlaqələndirib.
 
İmamın ibadəti o qədər çox idi ki, ona abidlərin zinəti, çox səcdə edən ləqəbləri verilmişdi. Məhz bu ibadətlər səbəbindən imamın əl, ayaq, alın və bədəninin başqa yerlərində qabarıqlar var idi.
 
Dördüncü imamın məzarı digər 3 imamla birgə Mədinə şəhərində Peyğəmbər məzarından 300-400 metr kənarda Bəqi qəbirsanlığında yerləşir. Sonuncu dəfə 1926-cı ildə radikal vəhhabilər 4 imamın məzarları üzərində olan məqbərəni dağıblar. İndiyədək hələ də bu məzarlar acınacaqlı vəziyyətdə qalmaqdadır.
 
Müxtəlif müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da inanclılar 4-cü imamın mövludunu qeyd edirlər.








Redaktorun seçimi