ATU-da "Qarabağ: Əcdadlarımızın mirası" təqdim olunub

Hit: 686
ATU-da "Qarabağ: Əcdadlarımızın mirası" təqdim olunub
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tibb Universiteti və ATU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə " Qarabağ: Əcdadlarımızın mirası" adlı filmin təqdimatı baş tutub.
 
ATU-da baş tutan təqdimat mərasimində universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev tarix boyu xalqımıza qarşı törədilmiş faciələr haqqında danışıb. Bunlardan ən dəhşətlisi sayılan Xocalı soyqırımının 28-ci ildönümü günündə prorektor bu faciənin baş verməsi, qurbanları barəsində tələbələrə məlumat verib. Torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin gənclərinin keçmişimizə bağlı və vətənpərvər olmasının vacibliyini qeyd edib. Bildirib ki, dövlət başçısının apardığı siyasət nəticəsində torpaqlarımız tezliklə düşmən tapdağı altından azad olunacaq. Azərbaycan prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə səsləndirdiyi "Qarabağ Azərbaycandır!" ifadəsi ölkəmizin beynəlxalq ictimaiyyətdə mövqeyini daha da gücləndirib.
 
Sonra “Qarabağ: Əcdadlarımızın mirası” adlı sənədli filmin nümayişi baş tutub. Azərbaycan, ingilis və rus dillərində istehsal edilən “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filmi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin ölkəmizə, xalqımıza məxsus olması və bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunmasına həsr edilib. Filmin əsas məqsədi bu məlumatların dünya ictimaiyyətinə obyektiv çatdırmaqdır. Film Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
 
Nümayiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin keçirdiyi silisilə tədbirlər əsasında Azərbaycan Tibb Universitetində baş tutub.








Redaktorun seçimi