AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

Hit: 419
AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
 
Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə Xocalı soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində soyqırım törədilib. Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciə erməni ekstremistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.
 
Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 3 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulub, 1000-dən çox dinc sakin ağır yaralanaraq əlil olub, 1275 nəfər girov götürülüb, onların 150-sinin taleyi indiyədək məlum deyil. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib.
 
Məhz ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb və 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Prezident İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, işğal edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada tanıdılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.
 
Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xəlil Vəliyev və Xocalı sakini Dürdanə Ağayeva soyqırım zamanı yaşanan dəhşətlərdən danışıb.
 
Daha sonra AzTU Televiziya Studiyasının milli-vətənpərvərlik mövzusunda hazırladığı “QƏRAR” filmi nümayiş etdirilib.  Film Milli Qəhrəmanlarımız Seymur Məmmədov və Rövşən Əliyevə həsr olunub.







Redaktorun seçimi