Bu gün İmam Məhəmməd Baqirin (ə) doğum günüdür

Hit: 1924
Bu gün İmam Məhəmməd Baqirin (ə) doğum günüdür
Hicri-qəməri təqvimi ilə bu gün, rəcəb ayının 1-i, müsəlmanların beşinci imamı imam Məhəmməd Baqirin (ə) mövlud günüdür.
 
Faktor.az xəbər verir ki, imam hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlib. Atası İmam Zeynül-Abidinin əs-Səccadın (ə) şəhid olduğu dönəmdə (hicri 96-cı il) İmam Baqirin otuz doqquz yaşı var idi.
 
Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir və Baqirül-ülum olub. Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullahdır. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s.ə) nəslindən gəlmiş hesab edilir.
 
İmam Baqir (ə) hicrətin 114-cü ilində Mədinə şəhərində şəhid olmuş və tanınmış Bəqi qəbiristanlığında atası və babasının məzarları kənarında dəfn olunmuşdur. İndi o həzrətin qəbrinin üzərində heç bir barigah və məzar daşı yoxdur.
 
Vəlid ibn Əbdülməlik, Ömər ibn Əbdüləziz , Süleyman ibn Əbdülməlik, Hişam ibn Əbdülməlik və Yezid ibn Əbdülməlik kimi o dövrün xəlifələrinin zamanında yaşayan, İmam Baqir (Ömər ibn Əbdüləziz istisna olmaqla) bu xəlifələrdən zülm və haqsızlıqlar görmüşdür. 
 
O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalan Cabir ibn Yezid Cüfi, Kisan Sicistani, həmçinin İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei kimi fəqihlər o imamın elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə nəql ediblər. İmam Baqirin (ə) elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o həzrət “Baqirül-ülum” (elm qapılarını açan) ləqəbi almışdı.
 
Əhli-sünnə məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mötəbər qaynaqlarından olan "Müvəttəi-Malik", "Sünəni-Əbu Davud", "Müsnədi-Əbu Hənifə", "Müsnədi-Mərvəzi", "Təfsiri-Nəqqaş", "Təfsiri-Zəməxşəri" (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqirin (ə) mənalı sözləri ilə doludur və onların hər yerində “Məhəmməd ibn Əli (ə) buyurmuşdur”, yaxud “Məhəmməd Baqir (ə) buyurmuşdur” ifadəsi gözə dəyir.








Redaktorun seçimi