Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur

Hit: 791
Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur
Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur.
 
Novruz qədim ənənələrə söykənən Azərbaycan dövlətinin milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır. Bu demək olar ki, 4 həftəni özündə birləşdirir.
 
Bütün Azərbaycan xalqının təmtəraqlı şəkildə qeyd etdiyi çərşənbələrdən birincisi su çərşənbəsidir. İlk çərşənbənin su çərşənbəsi kimi qeyd edilməsi də təsadüfi deyil. Çünki dünyada, insanların həyatında su öz əvəzedilməz rolunu həmişə qoruyur.
 
Bəzən yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir. Çünki kiçik çillə artıq öz yerini "boz ay"a verir və havalar atalarımız demişkən "ağara - bozara" düzəlməyə başlayır.
 
Su çərşənbəsi günü kənd yerlərində qadınlar, qızlar, hətta bütün insanlar çaya gedirlər, yaxud axan suda əllərini, üzlərini yuyurlar. Bu inanca görə onların üzərlərində olan bütün pisliklər həmin suya tökülərək məhv olacaq və onlar da yeni ilə saf daxil olacaqlar. Su çərşənbəsi stolun üzərində su qoymaq, stolda suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsində "Vəsfihal" adlanan nəğmələr oxunulur.
 
Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq nişanı kimi vurğulanır, həmçinin övladı olmayan bir qadının başından bu günü qırxaçar qabla su töksən onun övladı dünyaya gələ bilər. Su çərşənbəsi günü hamının həyətində tonqal qalanır və bayram əhval ruhiyyəsinin yaxınlaşdığı nəzərə çatdırılır. Həmin günü insanların bir - birinin üzərinə su atması da uğura işarədir.
 
Əlbəttə bunların hamısı qədim inanclara əsasən yerinə yetirilir. Su şəffaflıq, aydınlıq və təmizlik deməkdir. Necə deyərlər, su həyat mənbəyidir.








Redaktorun seçimi