“Xocalı soyqırımı dünya tarixinin utancverici səhifəsidir...”

Hit: 650
“Xocalı soyqırımı dünya tarixinin utancverici səhifəsidir...”
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etməsi tarixə daha bir soyqırımının həyata keçirilməsi ilə keçdi... Dünya tarixində bir sıra soyqırımları olub. Amma mənfur qonşularımız olan ermənilərin azərbaycanlılara-dinc əhaliyə qarşı reallaşdırdıqları bu qırğın bir sıra ağır məqamları ilə seçildi”. Bu fikirləri ABC Tədris və İnkişaf Mərkəzinin rəhbəri Leyla Həsənova bildirib. Onun sözlərinə görə şəhəri tam alova bürüyüb məqsədli şəkildə orada yaşayanları son sakinə qədər qırmaq heç bir nasist millətə və ya orduya xarakter olmayıb: “Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldular ki, bu niyyət də baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində isə 613 nəfər həlak oldu. Faciəni daha da dərinləşdirən məqam isə o idi ki, həlak olanlardan 63 nəfəri uşaq, 106 nəfər qadın, 70 nəfər isə ahıl yaşda olan insanlar idi.
8 ailənin tamamilə məhv edilməsi isə qırğının miqyasından xəbər verir. Bundan başqa rəsmi statistikalarda 25 uşağın hər iki valideynini itirməsi, 130 uşağın isə valideynlərindən birini itirməsi göstərilir. 76 uşağın yaralanması faktı isə Ermənistanın yürütdüyü işğalçı siyasətin özündə hansı xəstə təxəyyül və nasist soyqırımı məqsədlərini birləşdirməsini bir daha göstərir”.
Leyla Həsənova onu da vurğulayıb ki, bugünkü gənc nəsil baş verən bu soyqırımı hadisələrini incəliklərinə qədər bilir və gələcək nəsillər də azərbaycanlılara qarşı törədilmiş bu vəhşilikləri heç vaxt unutmayacaqlar: “Əlbəttə hər birimizin əzbər bildiyi bu arzuolunmaz statistikanı təkrarlamaya bilərdim. Amma dönə-dönə xatırlamaq, gənclərin daim yadına salmaq lazımdır ki, onlar faciənin təfərrüatlarını zərrə qədər də olsun unutmasınlar. Həmin gecə 1275 nəfər də əsir götürüldü bu şəxslərin hansı ömür boyu sürəcək ciddi psixoloji travmalar almasını təsəvvür eləmək belə insana mənəvi əzab verir...”
Leyla Həsənovanın sözlərinə görə bu gün işlədiyi sahədən, peşəsindən asılı olmayaraq hər kəs Xocalı soyqırımını təbliğ etməli, gələcək nəsillərə bu faciəni adi müharibə hadisəsi kimi yox, əsl soyqırımı kimi çatdırmalıdır: “Bu mənada müəllimlərimizin, elm adamlarımızın da üzərinə böyük yük düşür. Biz də öz sahəmizdə üzərimizə düşəni edəcəyik uşaq və yeniyetmələrə Xocalı soyqırımı günü lazımi məlumatlar çatdırıb müəyyən tədbirlər keçirəcəyik. Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ötən il Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə ABC Tədris və İnkişaf Mərkəzində həmin dəhşətli faciənin iştirakçıları ilə tədbir keçirmişdik. Həmin tədbirdə möcüzəvi şəkildə ölümdən xilas olan Xocalı şahidləri Ceyran Əzizova və Fiqurə Rüstəmova yaşadıqları bütün dəhşətlər barədə danışmışdılar. Bu il də bir sıra tədbirlər keçirməyi planlaşdırırıq. Xocalı soyqırımının yad edilməsinə iki gün qalmış bağçamızın və mərkəzin yeni filialının uşaqları ilə Xocalı abidəsini ziyarət edəcəyik. Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbin direktoru Fiqurə Rüstəmova ilə birgə tədbir keçirməyi də planlaşdırırıq. O ötən ilki tədbirimizə də dəstək vermişdi. Bu il də onların müəllim heyəti ilə görüşmək və ümumilikdə faciə qurbanlarını bu kimi tədbirlərlə yad etmək planlarımız var. Bu gün doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 40-dan çox rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Biz də ümid edirik ki, gün gələcək onlar öz torpaqlarına dönəcəklər, soyqırımı ilə bağlı günahkar olan şəxslər isə öz layiqli cəzalarını alacaqlar”.








Redaktorun seçimi