DÜNYADA BELƏ BİR ÖRNƏK VARMI?

Hit: 307
DÜNYADA BELƏ BİR ÖRNƏK VARMI?

İğdırlı Hasan Onbaşının həyat hekayəsindən

Qüds hadisəsi başlayandan Türkiyə  əhalisinin dilindən düşməyən onbaşı Həsənin hekayəsi yenidən gündəmi əməlli-başlı silkələdi. Gerçəkdən çox ibrətamiz olduğundan dolayı, o hekayəti oxucularımızla paylaşmaq istərdim.
Xatırladım ki, bu hekayətin dildən-dilə düşməsinə səbəb 1972-ci ildə bir türk jurnalistin Qüdsə səfəri və onun gerçəklərə şahidlik etməsi olmuşdur. 
Türklər elə biləsən ki, uzun illər Osmanlının hegamonluğunda qalmış Qüdsi unutmuşdular. Bu əhvalat  türklərin Qüdsə qarşı olan  duyğularını yenidən dilə gətirdi. 
Burdan beləsini isə, yaxşı olardı ki, İlhan Bardaqçının qələmindən oxuyaq: 
“Qüds qəsəbəsindəyik. Məkan Məscidül Əqsa, tarix isə 1972-ci il, 21 mayı göstərir. Mən və jurnalist dostum rəhmətlik Səid Dərzioğlu, İsrailin xarici işlər nazirliyinin köməyi sayəsində bu mübarək yerləri gəzirdik. 
Qüdsün Qapalı Çarşısında rüzgar kimi əsib keçən uzun ətəkli  qəhvəçilərin əllərindəki asqılara dəymədən keçib getdinizmi, qabağınıza çıxan qapı sizi Məscidül  Əqsanın önünə gətirir. Merac möcüzəsinin nəfəs dərdiyi   ilk Qibləmizə yəni. ...elə orda olan ilk dalan hələ də bizim adımızla xatırlanılır. Oraya “12 min şamdanlı dalan” deyirlər. 3 dekabr  1517-ci il, çərşənbə axşamı günündə Yavus Sultan Səlim Qüdsü öz dövlətinə qatdığında bütün orduyla bərabər yatsı namazını elə o dalanda qılarkən şamdanları yandırırlar. Tam 12 min şamdan ...elə o ad da ordan yadigar qalmışdır. 8-10 pilləli pilləkanı addımladıqdan sonra müqəddəs Məscidin bardaş qurduğu ikinci dalana gəlib çatırsan. Mən o adamı o pilləkanın başında gördüm. İki metrəyə yaxın boyu vardı. Skletə dönmüş vücudunun üzərində isə qəribə bir paltar vardı. Paltomu?  Xeyr, plaşmı, başlıqlı cübbəmi və ya əbamı? Yox. Təxminən bir belə bir şey...
Başındakı papaqmı, təkkəmi, fəsmi? Heç birisi deyildi. Oraya dimdik sancılmışdı sanki. Üzünə baxdıqda ürkdüm. Məhsulu yeni yığılmış çoraq torpaq kimiydi. Üzü tamami ilə  qırış və yanıb qovrulmuş yüz minlərlə çizgi dəri qalıntısıydı. Yanımızda İsrailin Xarici İşlər Nazirliyinin şöbə müdri Yusif də var. O da  bizim İstanbulda olmuş köhnə vətəndaşımız.  Ondan  soruşdum ki, bu adam kimdir?  Laqeyd şəkildə çiyinlərini çəkdi. “Bilmirəm” deyə cavab verdi. “Dəlinin biridir. Mən, bildim biləli illərdir burada durub gözləyir. Yerə sancılmış kimi hələ də durur...heç kimsədən heç bir şey soruşmaz. Kimsəyə baxmaz, kimsəni görməz,- dedi Yusif. 
Qanmı çəkdi, nədir bilmirəm.Nə üçün, nədən hələ də dərk etmək gücündə deyiləm. Yanına yaxınlaşdım. Türkcə olaraq  “salamünaleyküm, ata” dedim. Torbalanmış göz qapaqlarının arxasında pərdələnmiş kimi almazla çızılmışcasına donuq gözlərini araladı. Üzü gərildi. Mənə bizim o canım olan Anadolu türkcəmizdə cavab verdi:
- Əleyküm əs səlam, oğul....- yerimdə dondum. Əllərindən  yapışdım, öpdüm, öpdüm....
- Kimsən sən, ata?- deyə soruşdum.
Onun  mənə danışdığını mən də sizə danışacam.
Ancaq əvvəlcə bilin ki, o canım Osmanlı dağılarkən, biz Qüdsü 401 il 3 ay 6 günlük bir hakimiyyətdən sonra əlimizdən veririk. 
 9 dekabr 1917-ci ildir. Qüdsü müdafiə etməyə heç bir imkanımız yoxdur. Ordu dağılaraq geri çəkilir, dövlət çətin vəziyyətdədir. İngilislər girənə qədər keçən zaman içində talan edilməsin deyə ora bir əsgəri birlik qoyulur. Belə bir adət vardı ki, şəhəri ələ keçirən qalib,  qoruyucu vəzifəsində olan məğlub ordunun əsgərlərinə əsir kimi davranmamalıdır.
O danışdı, demişdim axı. Arxasını tamamlayaq. 
- Mən,- dedi,- Qüdsü itirdiyimiz gün buraya təyin olunan nəzarət bölüyündənəm....
- Susdu. Sonra əlindəki silahın lüləsinə sürtdüyü fişəngləri odladığı kimi yerində buruldu:
- Mən, o gün buraya təyin olunmuş  20-ci korpus, 36-cı batalyon, 8-ci dəstə, 11-ci  ağır maşınlı tüfəng briqada komandiri onbaşı Həsənəm....
Yarəbbi. Baxdım, minarə qülləsi kimi tarım çiyinləri üstündəki başı öpüləsi bayraq kimiydi...
Əllərinə bir daha əyildim. Pərişan halda dodqaltı söylədi....
- Sənə bir əmanətim var oğul.İllərdir gizlədim. Əmanəti yerinə təslim edimmi?
- Əlbəttə, dedim, buyur....
Danışmağa başladı:
- Vətənə qayıdınca yolun Tokat Sancağına düşərsə....get, buranı mənə əmanət edən komandirim Kolağası (Önyüzbaşı) Musa Əfəndini tap. Mənim ağzımca əllərindən öp. Ona de ki,.....
Sonra komandiri olduğu briqadanın makinalı tüfəngi kimi guruldadı:
- Ona de ki, narahat olmasın.Ona de ki, 11-ci makinalı taqım komandiri İğdırlı Onbaşı Həsən o gündən bu günə qoyduğun həmin yerdə keşik çəkməyindədir.  Sənin tapşırığın yerinə yetirilmişdir, komandirim, dedi-deyərsən.
 
Sonra yenə dinlədi. Daşa döndü. Bir daha ona baxdım. Qapalı gözləri arxasından 4 minlik Peyğəmbər ocağı ordumuzun sərhəd keçşikçisi kimiydi. Üfüqlərə baxırdı. Növbə yerindəydi. Düz 55 ildir onu unutmağıma nadanlığımıza baxmayaraq, dövlətindən zərrə qədər küsməmişdir.
Iğdırlı Onbaşı Həsənin ruhu şad olsun.”
Bu əhvalatın ardınca nəsə yazmağın özü nadanlığın lap yekəsi olardı. Nəyə görə, hansı haqqla bu əhvalatın üzərinə nəsə yazam, yaza biləm. 
Beləcə, mən də deyirəm ki, aləmlərə ibrət və görk olsun bu Osmanlı ordusunun son əsgərinin göstərdiyi mənəviyyat, bu dünyada heç bir şeylə ölçüləsi, müqaiyisəyə gələsi deyil. 
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi