Dövlət Agentliyinin nümayəndə heyəti Vyanaya səfər edib

Hit: 385
Dövlət Agentliyinin nümayəndə heyəti Vyanaya səfər edib
17 – 18 fevral 2020-ci tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında iştirak edib. Müvafiq Forum  “İnnovasiya, yüksək şəffaflıq və rəqəmsallaşma vasitəsi ilə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə ilə ATƏT ərazisində təhlükəsizliyin, sabitliyin və iqtisadi yüksəlişin inkişaf etdirilməsi” mövzusuna həsr olunacaq.
 
İclasın sessiyalarında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə imkanlar, çağırışlar, gəlir bəyannaməsi və iştirakçılıq yanaşması ilə şəffaflığın artırılması ifadə olunub. Həmçinin rəqəmsallaşma və yüksək şəffaflıq vasitəsilə korrupsiyanın qarşısının alınması və onunla mübarizə, şəffaflıq və innovasiya vasitəsi ilə ətraf mühitin qabaqcıl idarə edilməsinin inkişafı kimi mövzular müzakirə olunub.
 
Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli “Rəqəmsallaşma və yüksək şəffaflıq vasitəsi ilə korrupsiyanın qarşısının alınması və onunla mübarizə” mövzusuna həsr olunan 2-ci sessiyada çıxış edərək Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən, e-hökumət sahəsindəki irəliləyişlərdən , müxtəlif elektron və rəqəmsal layihələrdən bəhs edib. Həmçinin “ASAN Viza”, “ASAN Satınalma”, “ASAN xidmət”ə verilmiş BMT mükafatlarından, habelə Şərqi Avropa regionunda ilk dəfə Bakıda keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumundan söz açılıb.
 
Dövlət Agentliyinin nümayəndəsi Azərbaycan brendi olan “ASAN xidmət” təcrübəsinin ATƏT ərazisində tətbiq edildiyini, Monteneqro və Özbəkistanla əməkdaşlıq memorandumunun imzalandığını diqqətə çatdırıb.
 
Tədbirdə Azərbaycanda şəffaflığın təmin olunması və rəqəmsal alətlərin tətbiqi ilə korrupsiyaya qarşı uğurla mübarizə, o cümlədən elektron xidmətlərin mərkəzlərdə vətəndaşlara çatdırılması və geniş beynəlxalq əməkdaşlığın həyata keçirilməsi barədə təqdimat maraqla qarşılanıb.
 
Təqdimat çoxsaylı suallar, şərhlər, cavablarla müşayiət olunub.
 
Tədbir çərçivəsində ATƏT və ona üzv dövlətlərin nümayəndələri ilə fikir mübadiləsi aparılıb, gələcək qarşılıqlı fəaliyyətin mümkün formaları müzakirə edilib.







Redaktorun seçimi